Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə AUSD İB – Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində 13–14 noyabr 2026-cı il tarixlərində Masallı rayonunda maarifləndirici tədbirlər təşkil olunub.
Qeyd edək ki, layihə çərçivəsində maarifləndirmə tədbirləri daha əvvəl Salyan və Neftçala rayonlarında da uğurla həyata keçirilib. Növbəti mərhələ olaraq Masallı rayonunda keçirilən görüşlər şagirdlərin zərərli vərdişlər və onların yaratdığı təhlükələr barədə məlumatlılığının artırılmasına yönəlib.
Səfər çərçivəsində Masallı şəhərində yerləşən “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyində və N.Nərimanov adına Masallı şəhər 2 saylı tam orta məktəbində şagirdlərlə görüşlər və maarifləndirici seminarlar keçirilib.
Tədbirlərdə Ailə və Uşaqlara Sosial Dəstək İctimai Birliyinin rəhbəri Elnurə Abuşova, uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova və informasiya texnologiyaları (İT) üzrə ekspert Ramid Ağayev iştirak ediblər. Həmçinin məktəb rəhbərliyinin nümayəndələri və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun məsləhətçisi Hörmət Balakişiyev tədbirlərdə iştirak edərək çıxış ediblər.

Görüşlərdə çıxış edən Hörmət Balakişiyev bu cür maarifləndirici layihələrin məktəblilər arasında sağlam həyat tərzinin təşviqi baoxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, uşaqların zərərli vərdişlərdən qorunması yalnız məktəbin deyil, eyni zamanda ailənin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. Şagirdlərin erkən yaşlardan düzgün məlumatlandırılması, onların riskli davranışlardan uzaq tutulması və sağlam seçimlər etməyə təşviq olunması vacibdir. Bu istiqamətdə QHT-lərin həyata keçirdiyi maarifləndirici təşəbbüslərin təhsil müəssisələri ilə əməkdaşlıq şəraitində davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Məktəbin direktoru Mehparə Əzizova da çıxışlarında layihənin aktuallığına toxunaraq qeyd ediblər ki, müasir dövrdə uşaqların qarşılaşdıqları risklər müxtəlif xarakter daşıyır. Şagirdlərin yalnız akademik biliklərə deyil, həm də sağlam həyat tərzi, təhlükəsiz davranış və düzgün qərarvermə bacarıqlarına yiyələnməsi vacibdir. Belə görüşlərin keçirilməsi uşaqların dünyagörüşünün genişlənməsinə və onların gələcəkdə daha məsuliyyətli qərarlar qəbul etməsinə müsbət təsir göstərir.
İnteraktiv formatda təşkil olunan seminarlarda şagirdlərə siqaret, elektron siqaret (veyp), alkoqol, narkotik və psixoaktiv maddələr, qumar, internet və oyun asılılığı kimi zərərli vərdişlərin sağlamlığa, psixoloji vəziyyətə və sosial həyata mənfi təsirləri, onların yarada biləcəyi risklər və bu təhlükələrdən qorunma yolları barədə ətraflı məlumat verilib.
Uşaq hüquqları üzrə ekspert Kəmalə Aşumova uşaqların hüquqlarının qorunması, onların sağlam və təhlükəsiz mühitdə böyüməsi, zərərli vərdişlərə qarşı vaxtında maarifləndirilməsi və riskli situasiyalarda düzgün davranış nümayiş etdirməsinin əhəmiyyətindən bəhs edib. O, şagirdlərə öz hüquqlarını bilməyin, şəxsi təhlükəsizliyə diqqət yetirməyin və ehtiyac yarandıqda etibarlı böyüklərdən dəstək almağın vacibliyini izah edib.
İT üzrə ekspert Ramid Ağayev isə müasir texnologiyalardan düzgün və təhlükəsiz istifadə, internet və sosial şəbəkələrdə qarşılaşa biləcək təhlükələr, rəqəmsal asılılıq və kompüter oyunlarının həddindən artıq istifadəsinin fəsadları barədə danışıb. Şagirdlərə rəqəmsal mühitdə təhlükəsizlik qaydalarına əməl etmək, vaxtlarını düzgün bölüşdürmək və texnologiyalardan faydalı məqsədlərlə istifadə etmək tövsiyə olunub.
Seminarlar zamanı şagirdlər qrup tapşırıqlarında fəallıq nümayiş etdirib, mövzu ətrafında müzakirələrə qoşulub, müxtəlif situasiyaları təhlil edərək öz fikir və yanaşmalarını bölüşüblər. Mütəxəssislərin iştirakı ilə keçirilən praktiki çalışmalar uşaqların mövzulara daha dərindən yanaşmasına, sağlam seçim və düzgün qərarvermə bacarıqlarının inkişafına töhfə verib.
Tədbirlərdə zərərli vərdişlərin yaranmasına səbəb olan amillərin vaxtında müəyyənləşdirilməsi, uşaqların riskli davranışlardan qorunması, sağlam həyat tərzinə təşviqi və profilaktik maarifləndirmənin əhəmiyyəti xüsusi vurğulanıb. Eyni zamanda, şagirdlərin sualları cavablandırılıb, onların fikir və təklifləri dinlənilib.
Layihənin əsas məqsədi uşaqlar arasında sağlam həyat tərzinin təşviqi, zərərli vərdişlərin erkən mərhələdə qarşısının alınması, uşaqların, valideynlərin və pedaqoqların bu sahədə məlumatlılığının artırılması, eləcə də aidiyyəti qurumlar və ictimai institutlar arasında əməkdaşlığın inkişaf etdirilməsidir.