Azadmedia.az Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, millət vəkili Zahid Orucun "Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqi”nə həsr olunan konfransda çıxışı zamanı toxunduğu bəzi məqamları diqqətə çatdırır:
"8 noyabr Zəfəri ilə başlanan,15 oktyabrla bütövləşən Azərbaycanın Vətən müharibəsindəki parlaq Qələbəsinin 3-cü ildönümü, ərazi bütövlüyünə qovuşan millətimizin qürur günlərində görüşürük. 200 ildən artıq davam edən düşmənçiliyin Xankəndində ucaldılan üçrəngli bayrağımızla başa çatdığını deyənlər, haqlı olaraq, məğlub qüvvələrin sırasını yalnız silahlı qüvvələr, dövlət və siyasət adamları ilə deyil, daha çox mifologiyalar və proqramlar, onu canlı tutan mədəniyyətlər, ədəbiyyat və təhsil sistemlərinin də iflasa uğradığını göstərməklə Zəfərimizin daha ali və müqəddəs mahiyyətini nümayiş etdirirlər. Bizə yeni milli kimlik qazandıran, Azərbaycanı Zəfər ölkəsinə çevirən son 3 ilin Səlnaməsi təkcə torpaqlarımızın azadlığı və suverenliyi deyil, eləcə də xeyirxahlığın bədxahlıq, varlığın inkar, quruculuğun dağıdıcılıq, nizamın xaos, ünsiyyətin nifrət və nəhayət, barışın düşmənçilik üzərində qələbəsidir. Dünən bir əsrlik yaşını “Yer-Göy Cümhuriyyət” şüarı ilə qeyd edən Türkiyə Respublikasının qurucu atalarını ehtiramla anarkən, Ulu öndər Heydər Əliyevin 100 illiyində Azərbaycanın qazandığı Qurtuluşun da əbədi və dönməz olacağına dərindən inanırıq!
İctimai təqdimatı olan nifrət cinayətləri və nifrət nitqinin anlayışını verməyə çalışsaq, Avropa Şurasının tərifinə görə, “nifrət nitqi, dözümsüzlüyə əsaslanan irqi nifrəti, ksenofobiyanı, anti-semitizmi və nifrətin digər formalarını yayan, təhrik, təbliğ edən və ya əsaslandıran bütün ifadə formalarıdır. Bir millətin digərindən üstünlüyünü iddia edən ari irq iddiasının-faşist ideologiyasının tərkib hissəsi kimi “nifrət nitqi” yalnız tribunlardan, kitablardan, efirdən, mətbu orqanlardan səslənməklə məhdudlanıb qalmır, sonra dağıdıcı qüvvələrin əlində gerçək qırğın aktlarına, qanlı terror əməllərinə və əbədi savaşlara səbəb olur. Xalqımıza qarşı həyata keçirilən belə nifrət cinayətlərinin ən böyüyü 7 rayonun yer üzündən silinməsidir. Əks halda sual olunur: ”bir dövlət özününkü saydığı torpaqlarda əsrlərlə yaradılan maddi-mədəni sərvətləri niyə dağıtsın ki”?
Göründüyü kimi, "nifrət nitqləri və cinayətləri" siyasətə çevrilməklə, dövlət idarəçiliyinin ən yüksək səviyyəsinə daşınmaqla təkcə fərdlərə deyil, bütöv xalqlara və regionlara təhlükə gətirir.Gəlin, bir neçə gerçək nümunəyə baxaq.
Məsələn, on illər ərzində türk məfhumunu “düşmən” sözünün sinonimi kimi tirajlayanlar məişətdən dövlət səviyyəsinə qədər bir-birilə o dildə danışıblar. Əlbəttə, ailə tərbiyəsinin kanonları burada mühüm rol oynayır. Ermənistan Baş nazirinin etirafı ictimai leksikonun və siyasi məfkurənin nə qədər zəhərləndiyini göstərir. Paşinyandan sitat:” mənə “türk nikol” deyirlər. Lakin mən bunu təhqir saymıram”. Göründüyü kimi, şüurlara əkilən zərərli toxumlar təkcə Türkiyə və Azərbaycana deyil, elə ermənilərin özünə də zərbə vurur.
Qatı nifrət nümunələrindən biri Robert Koçaryanın beynəlxalq kürsüdən səsləndirdiyi ksenofob, irqçi, şovinist “genetik uyğunsuzluq” bəyanatı idi. Barışıq və əmin-amanlığı dəyərsizləşdirən, millətləri biolojiləşdirən, Avropa ailəsinin üzvü olmaq istəyən səhra komandirinin tayfa təfəkkürü göz qabağındadır.
Yaxud, beynəlxalq ictimaiyyətdə ziyalı, professor kimi tanınan Giorgi Derlunqyan Civilnet platformasında azərbaycanlıları nəzərdə tutaraq, “onlar kəndçi millətidir, təbii artımları üçüncü dünya ölkələrindəki kimidir”, açıqlaması alim statusundan uzaqdır, çünki elmdə belə bölgülərə yer yoxdur".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.