Yaponiya İkinci Dünya müharibəsindən sonra ilk dəfə mərkəzləşdirilmiş kəşfiyyat xidməti yaradır

Yaponiya hökuməti İkinci Dünya müharibəsindən sonra ilk dəfə mərkəzləşdirilmiş kəşfiyyat xidməti yaradacaq.
ABŞ-ın The New York Times nəşrinin məlumatına görə, Tokio yeni xüsusi xidmət orqanının formalaşdırılması prosesində ABŞ, Avstraliya və Almaniya ilə texnologiyalar, kadr hazırlığı və idarəetmə məsələləri üzrə məsləhətləşmələr aparır.
Məlumata əsasən, islahat Çinin, Rusiyanın və Şimali Koreyanın yaratdığı təhlükələr fonunda Yaponiyanın milli təhlükəsizlik siyasətinin yenilənməsi çərçivəsində həyata keçirilir.
Yeni qurumun bu ilin dekabr ayından fəaliyyətə başlaması planlaşdırılır. Xidmət birbaşa Baş nazir Sanae Takaçiyə tabe olacaq. İlkin mərhələdə qurumda bir neçə yüz əməkdaşın, o cümlədən kibertəhlükəsizlik üzrə mütəxəssislərin, proqram mühəndislərinin və analitiklərin çalışacağı bildirilir. Xidmətin illik büdcəsinin təxminən 400 milyon dollar olacağı gözlənilir.
Qurum polis, Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi və digər dövlət strukturlarında kəşfiyyat fəaliyyəti ilə məşğul olan təxminən 33 min əməkdaşın işini əlaqələndirəcək.
Məlumata görə, ABŞ xüsusi xidmət orqanları Yaponiyaya kibermüdafiə sistemlərinin qurulması, sənaye casusluğuna qarşı mübarizə, xarici investisiyalara nəzarət və xarici kəşfiyyat xidmətlərinin fəaliyyətinin izlənilməsi istiqamətlərində dəstək verir.
Avstraliyanın Yaponiyadakı səfiri, əvvəllər Avstraliya Milli Kəşfiyyat Xidmətinə rəhbərlik etmiş Endryu Şirer bildirib ki, bu islahat ölkənin təhlükəsizlik siyasəti üçün mühüm addımdır və baş nazir onu əsas prioritetlərdən biri elan edib.
The New York Times daha əvvəl yazmışdı ki, 2022-ci ildə Avropadan çoxsaylı Rusiya kəşfiyyatçılarının çıxarılmasından sonra onların bir hissəsi Yaponiyaya yerləşib. Nəşrin iddiasına görə, Rusiya bu ölkədən ikili təyinatlı komponentlərin alınması və Qərb sanksiyalarından yayınmaq üçün istifadə edib. Ukrayna rəsmilərinin qiymətləndirməsinə əsasən, Rusiya istehsalı olan raket və pilotsuz uçuş aparatlarının təxminən 90 faizində Yaponiya istehsalı olan komponentlər mövcuddur.
Yaponiya Nazirlər Kabinetinin baş katibi Minoru Kihara xarici casusluğa qarşı tədbirlərin gücləndirilməsinin zəruriliyini etiraf edib.
Bununla yanaşı, islahat ölkə daxilində də tənqid olunur. Müxalif deputat Midzuxo Fukuşima bildirib ki, Yaponiyanın son səkkiz onillikdə müstəqil kəşfiyyat xidmətinə malik olmaması İkinci Dünya müharibəsinin dərslərinə əsaslanan şüurlu seçim idi. Onun sözlərinə görə, yeni qurum şəxsi həyatın toxunulmazlığına təhlükə yarada və genişmiqyaslı nəzarət sisteminə yol aça bilər.
Qeyd olunur ki, vahid kəşfiyyat xidmətinin yaradılması sabiq Baş nazir Şinzo Abenin dövründən bəri bu sahədə həyata keçirilən ən böyük islahat hesab olunur. Hazırkı Baş nazir Sanae Takaçi də onun təhlükəsizlik kursunu davam etdirərək müdafiə xərclərinin artırılması və silah ixracına qoyulan məhdudiyyətlərin yumşaldılması istiqamətində addımlar atıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.