Mayın 23-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib. Tədbirdə “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş) müzakirəyə çıxarılıb.
İclası açan İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, 2023-cü il ölkə tarixində əldə edilən tarixi uğurlarla yadda qalıb. Ulu öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı keçirilən tədbirlərdə Ümummilli liderin xatirəsi dərin ehtiramla yad edilib. Ötən il Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Qeyd edilib ki, qazanılan qələbələrin təmin olunmasında iqtisadi və maliyyə çevikliyi müstəsna rola malikdir.
Tahir Mirkişili diqqətə çatdırıb ki, 2023-cü ildə Azərbaycanda dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühit qənaətbəxş olub, iqtisadiyyatda artım izlənilib, bu artım tamamilə qeyri neft-qaz sektorunun hesabına təmin edilib. Ölkədə Ümumi Daxili Məhsul (ÜDM) 123 milyard manat təşkil edib. Adambaşına ÜDM real ifadədə 0.5% artaraq 12.1 min manat olub. Qeyri-neft/qaz sektoru üzrə real artım tempi 3.7%, neft/qaz sektoru üzrə real artım tempi 1.7% müşahidə olunub. Neftin qiyməti 2023-cü ilin büdcə zərfində 60 dollardan götürülsə də, “Azerilight” neftinin bir barelinin orta illik qiyməti 86.1 dollar olub. Əhalinin nominal gəlirləri 12.8% artaraq 78.1 milyard manat təşkil edib. Hesabat ilində ixrac 27.6 milyard dollar, idxal 17.3 milyard dollar, müsbət saldo 10.3 milyard dollar olub. Məcmu valyuta ehtiyatları 17.1% artaraq 68.5 milyard dollara çatıb.
Komitə sədri qeyd edib ki, 2023-cü il üçün dövlət büdcəsinin gəlirləri 35236,4 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 4,0 faiz çox, dövlət büdcəsinin xərcləri 36457,9 milyon manat, təsdiq olunmuş proqnoza qarşı 0,5 faiz az və müvafiq olaraq dövlət büdcəsinin kəsiri 1221,5 milyon manat və ya təsdiq olunmuş proqnozla müqayisədə 55,3 faiz az olub. Hesablama Palatası tərəfindən dövlət büdcəsi gəlirlərnin 97.8%-ni, xərclərinin isə 85.5%-ni əhatə edən vəsaitlərin qurumlar tərəfindən təqdim edilən hesabatlarla üzləşməsi aparılıb. İşğaldan azad edilmiş ərazilər üçün ayrılan 4.8 milyard manat vəsait tam icra edilib.
Sonra maliyyə naziri Samir Şərifov Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabatı təqdim edib.
Nazir bildirib ki, ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisə təqdim edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və müvafiq hesabat 2023-cü ildə Azərbaycanda formalaşmış makroiqtisadi mühiti, dövlət maliyyəsinin idarə olunmasının təkmilləşdirilməsi, 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş gəlir və xərclərin habelə dövlət proqramlarının, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün ayrılmış vəsaitlərin icra göstəriciləri, il ərzində dövlət borclanmasına və borclara xidmətə dair vəziyyəti, ehtiyat və məqsədli büdcə fondlarının vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.
Samir Şərifov öz çıxışında vurğulayıb ki, 2023-cü ildə Azərbaycanda makroiqtisadi sabitlik və fiskal dayanıqlıq təmin edilib, hökumət və Mərkəzi Bank tərəfindən atılan addımlar inflyasiyanın birrəqəmli səviyyəyə enməsini şərtləndirib. 2023-cü il ərzində iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft/qaz məhsullarının ixracının genişləndirilməsi və biznes mühitinin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib. Ötən il ölkənin sosial-iqtisadi inkişafının prioritet istiqamətləri olan işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması, Böyük qayıdışın təşkili istiqamətində işlərin sürətlə davam etdirilməsi, dövlətin milli təhlükəsizliyinin və müdafiəsinin möhkəmləndirilməsi, təhsil, səhiyyə, mədəniyyət, idman, infrastruktur layihələrinin reallaşması, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi, kənd təsərrüfatının stimullaşdırılması, dövlət borcuna xidmət edilməsi, beynəlxalq təşkilatlara üzvlük haqqının ödənillməsi və digər zəruri dövlət vəzifələrinin icrası üçün tələb olunan məbləğdə maliyyə təminatı yaradılaraq bu tədbirlərin həyata keçirilməsi təmin edilib.
Dövlət büdcəsinin icrasına dair nəzərə çatdırılıb ki, 2023-cü ildə büdcə qaydasının əsas göstəriciləri hədəflənən yuxarı hədləri çərçivəsində olub, icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi 22,5 faiz olub. Dövlət borcunun ÜDM-ə nisbəti isə 21,8 faiz və ya ortamüddətli dövr üçün müəyyən edilmiş hədəf göstəricisindən 8,2 faiz-bəndi aşağı olub. Ümumilikdə büdcə qaydası fiskal dayanıqlığın və maliyyə intizamının gücləndirilməsinə töhfə verməklə yanaşı, Dövlət Neft Fondunun aktivlərinin hədəflənən səviyyələrdə qorunmasına da imkan yaradıb.
Bildirilib ki, 2023-cü il dövlət büdcəsinin gəlirləri 33890,5 milyon manat proqnoza qarşı 35236,4 milyon manat və ya 1345,9 milyon manat, 2022-ci illə müqayisədə isə 4556,8 milyon manat və ya 14,9 faiz çox icra olunub. Dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisi 28,6 faiz təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,7 faiz-bənd çoxdur. Dövlət büdcəsinin gəlirlərinin 16126,7 milyon manatı və ya 45,8 faizi vergi orqanlarının xətti ilə, 6337,8 milyon manatı və ya 18,0 faizi gömrük orqanlarının xətti ilə daxilolmaların, 11737,6 milyon manatı və ya 33,3 faizi Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 1034,3 milyon manatı və ya 2,9 faizi digər gəlirlər üzrə daxilolmaların payına düşür.
Ötən il gəlirlərin tərkibində qeyri-neft sektoru üzrə daxilolmalar 17080,0 milyon manat təşkil edib ki, bu da proqnozla müqayisədə 1129,2 milyon manat və ya 7,1 faiz, 2022-ci illə müqayisədə isə 1730,0 milyon manat və ya 11,3 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərində neft sektoru üzrə daxilolmalar 18156,4 milyon manat olub ki, bu da 2022-ci illə müqayisədə 2826,8 milyon manat və ya 18,4 faiz çoxdur. Neft sektoru üzrə büdcə gəlirlərinin 64,6 faizini və ya 11737,6 milyon manatını Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert, 35,4 faizini və ya 6418,8 milyon manatını isə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə təmin edilən neft sektorundan daxilolmalar təşkil edib.
2023-cü ildə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxilolmalar üzrə 14987,0 milyon manat proqnoza qarşı 16126,7 milyon manat vəsait daxil olub ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 1139,7 milyon manat və ya 7,6 faiz çoxdur. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə daxil olan vəsaitin 9707,9 milyon manatı və ya 60,2 faizi qeyri-neft sektorunun, 6418,8 milyon manatı və ya 39,8 faizi neft sektorunun payına düşüb. 2023-cü ildə gömrük orqanlarının xətti ilə dövlət büdcəsinə 6337,8 milyon manat məbləğində vəsait daxil olub ki, bu da 5728,0 milyon manat proqnozla müqayisədə 609,8 milyon manat və ya 10,6 faiz, 2022-сi illə müqayisədə isə 683,2 milyon manat və ya 12,1 faiz çoxdur.
Qeyd olunub ki, 2023-cü il dövlət büdcəsinin 36624,8 milyon manat məbləğində təsdiq olunmuş xərcləri 99,5 faiz və ya 36457,9 milyon manat məbləğində icra olunub ki, bu da 2022-ci illə müqayisədə 4393,3 milyon manat və ya 13,7 faiz çoxdur. Hesabat ilində dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 29,6 faiz təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 5,6 faiz-bənd çoxdur. Son 5 ildə, yəni 2019-cu illə müqayisədə 2023-cü ildə dövlət büdcəsinin xərcləri 12032,0 milyon manat və ya 49,3 faiz artıb. İqtisadi təsnifata uyğun olaraq dövlət büdcəsinin xərcləri üzrə qeyri-maliyyə aktivlərinin alınmasına (işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası, dövlət əsaslı vəsait qoyuluşu xərcləri, sosial, mədəni və məişət təyinatlı obyektlərinin əsaslı təmiri və s.) 12688,6 milyon manat, əməyin ödənişinə 8130,1 milyon manat, malların satın alınmasına 7472,7 milyon manat, sosial ödənişlərə 4396,4 milyon manat, subsidiyalara 1461,5 milyon manat, faizlər üzrə ödənişlərə 868,0 milyon manat, maliyyə aktivləri üzrə əməliyyatlara 687,1 milyon manat, öhdəliklər üzrə əməliyyatlara 313,6 milyon manat vəsait sərf edilib.
Hesabat dövründə Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) maliyyələşdirilməsinə yönələn büdcə vəsaitlərinin işarələnməsi istiqamətində də işlər görülüb. Belə ki, ölkə üzrə qəbul olunan dövlət proqramları və strategiyaları DİM-lərə uyğunlaşdırılıb, habelə bu istiqamətdə xüsusilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərə uyğun olaraq Prezident tərəfindən təsdiq edilmiş “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası tamamilə DİM-lərin məqsəd və hədəflərinə inteqrasiya edilib.
2023-cü ildə dövlət əsaslı vəsait qoyuluşu xərclərindən ayrılmış 338,9 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə dövlət büdcəsi xərclərinin 30,5 faizi həcmində və ya 11124,2 milyon manat məbləğində vəsait sərf olunub ki, bu da 2022-ci illə müqayisədə 1499,0 milyon manat və ya 15,6 faiz çoxdur.
Diqqətə çatdırılıb ki, ölkənin müdafiə potensialının gücləndirilməsi və silahlı qüvvələrin maddi-texniki təminatının daha da yaxşılaşdırılması məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu xərclərindən, ehtiyat fondlarından və digər ehtiyat vəsaitlərdən ayrılmış 1392,1 milyon manat məbləğində vəsait də nəzərə alınmaqla, 2023-cü ildə müdafiə və milli təhlükəsizlik sahəsinə dövlət büdcəsi xərclərinin 19,9 faizi həcmində və ya 7246,9 milyon manat məbləğində vəsait yönəldilib ki, bu da 2022-ci illə müqayisədə 1560,5 milyon manat və ya 27,4 faiz çoxdur.
Kənd təsərrüfatı, mənzil və kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi xərclərinə aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq bütövlükdə dövlət büdcəsi xərclərinin 4,5 faizi həcmində və ya 1638,6 milyon manat məbləğində vəsait ayrılıb.
2023-cü ildə iqtisadi fəaliyyətlə bağlı xərclər üçün dövlət büdcəsindən ayrılmış 9325,5 milyon manat məbləğində vəsaitin aidiyyəti sifarişçi təşkilatların xərc sifarişlərinə uyğun olaraq 9320,3 milyon manatı və ya 99,9 faizi istifadə olunub. Hesabat ilində iqtisadi fəaliyyətlə bağlı xərclər ÜDM-in 7,6 faizini, dövlət büdcəsi xərclərinin isə 25,6 faizini təşkil edib.
İşğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2023-cü ilin dövlət büdcəsindən cəm olaraq 5581,6 milyon manat vəsait ayrılıb. Bu vəsaitin 4800,0 milyon manatı və ya 86,0 faizi işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı nəzərdə tutulmuş məqsədli xərclərin, 145,4 milyon manatı və ya 2,6 faizi Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun, 138,9 milyon manatı və ya 2,5 faizi dövlət büdcəsinin ehtiyat fondunun, 32,5 milyon manatı və ya 0,6 faizi dövlət əsaslı vəsait qoyuluşu xərclərinin, 464,8 milyon manatı və ya 8,3 faizi dövlət büdcəsində nəzərdə tutulmuş məqsədli xərclər hesabına ayrılmış vəsaitlərin payına düşür.
Beynəlxalq münasibətlər, o cümlədən beynəlxalq və regional təşkilatlara üzvlük haqqı və maliyyə institutlarının səhm kapitalında iştirak, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının saxlanılması, beynəlxalq fəaliyyət və bu qəbildən olan digər tədbirlər, beynəlxalq, ölkə səviyyəli və bu qəbildən olan digər tədbirlər, Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin və konsulluqlarının fəaliyyəti ilə bağlı digər xərclər, xarici yardımlar, Azərbaycan Respublikasının həmtəsisçisi olduğu beynəlxalq investisiya və inkişaf fondlarının nizamnamə kapitalında Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və Azərbaycan Respublikasının xaricdəki ticarət nümayəndələrinin saxlanılması ilə bağlı xərclər üzrə 2023-cü ilin dövlət büdcəsində nəzərdə tutulmuş 784,0 milyon manat vəsaitin 783,9 milyon manatı istifadə olunub.
2023-cü ildə dövlət proqramlarının və məqsədli tədbirlərin maliyyə təminatı üçün dövlət büdcəsinin faktiki xərclərinin 48,0 faizi həcmində və ya 17483,8 milyon manat məbləğində vəsait yönəldilib, Həmin vəsaitin 8941,3 milyon manatı və ya 51,1 faizi məqsədli dövlət proqramlarının, 8542,5 milyon manatı və ya 48,9 faizi məqsədli təyinatlı tədbirlərin icrasına sərf edilib. Hesabat ilində “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası üçün 7095,6 milyon manat vəsait yönəldilib.
Bildirilib ki, 2023-cü il dövlət büdcəsi kəsirinin yuxarı həddi 2734,3 milyon manat məbləğində təsdiq olunsa da, faktiki kəsir 1221,5 milyon manat təşkil edib (proqnoza nisbətən 1512,8 milyon manat və ya 55,3 faiz az). Dövlət büdcəsinin kəsiri 2023-cü ilin faktiki ÜDM-nin 1,0 faizini təşkil etməklə, proqnozlaşdırılmış həddən 1,5 faiz-bənd azdır.
Samir Şərifov öz çıxışında həmçinin 2023-cü il icmal büdcəsinin gəlir və xərclərinin əsas istiqamətləri üzrə icrası barədə də məlumat verib. Qeyd olunub ki, ötən il icmal büdcənin gəlirləri 43060,1 milyon manat proqnoza qarşı 6988,9 milyon manat və ya 16,2 faiz çox icra edilməklə, 50049,0 milyon manat təşkil edib. İcmal büdcənin xərcləri 41269,8 milyon manat proqnoza qarşı 921,7 milyon manat və ya 2,2 faiz az icra edilsə də, 2022-ci illə müqayisədə isə 5274,5 milyon manat və ya 15,0 faiz çoxdur.
İcmal büdcənin tərkib hissəsi olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri Fondun 6268,0 milyon manat məbləğində təsdiq olunmuş göstəricisinə qarşı 6675,2 milyon manat və ya 407,2 milyon manat (6,5 faiz) çox, yəni 106,5 faiz icra olunub. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 6268,0 milyon manata qarşı 6080,7 milyon manat (187,3 milyon manat az) və ya 97,0 faiz icra olunub.
İşsizlikdən sığorta fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 217,7 milyon manat proqnoz göstəricisinə qarşı 259,4 milyon manat və ya 19,2 faiz çox icra olunub. İşsizlikdən sığorta fondunun büdcəsinin xərcləri təsdiq olunmuş 217,7 milyon manat proqnoz göstəricisinə qarşı 207,6 milyon manat və ya 95,4 faiz icra edilib.
İcbari tibbi sığorta fondunun büdcəsinin gəlirləri 2236,9 milyon manat, xərcləri 2393,2 milyon manata qarşı 1819,2 milyon manat və ya 76,0 faiz icra edilib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinin gəlirləri təsdiq olunmuş 16337,5 milyon manat proqnoz göstəricisinə qarşı 21661,9 milyon manat və ya 32,6 faiz çox, xərcləri isə 11799,9 milyon manat icra edilib.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlirləri 605,0 milyon manat proqnoza qarşı 500,7 milyon manat və ya 104,3 milyon manat az icra olunub. Muxtar Respublikanın büdcəsinin xərcləri 605,0 milyon manat proqnoza qarşı faktiki icra 504,3 milyon manat və ya 100,7 milyon manat az olub.
Bildirilib ki, 2023-cü ilin icmal büdcəsi 1790,3 milyon manat büdcə artıqlığı ilə (profisitlə) proqnozlaşdırılsa da, faktiki olaraq 9700,9 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanun layihəsinə və Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrasına dair illik hesabata Azərbaycan Respublikası Hesablama Palatasının rəyini təqdim edib.
Palata sədri dövlət büdcəsinin icra edildiyi makroiqtisadi mühitin təhlili, büdcə hesabatlılığının hüquqi aktlara və strateji sənədlərə uyğunluğu, büdcə vəsaitlərinin idarə edilməsinin qiymətləndirilməsindən söhbət açıb. Bununla yanaşı, Vüqar Gülməmmədov dövlət büdcəsi gəlirlərinin əsas mənbələr və sektorlar üzrə icra vəziyyəti, inzibatçılığın qiymətləndirilməsi, gəlirlərin tədiyələr üzrə icra vəziyyətinin təhlili barədə, habelə 2023-cü il ərzində dövlət büdcəsinin xərclərinin icrası prosesində həyata keçirilmiş dəyişikliklər, funksional, iqtisadi və inzibati təsnifat üzrə xərclərin icra vəziyyəti, ehtiyat fondlarının icrası, məqsədli büdcə fondlarının icrası, dövlət əsaslı vəsait qoyuluşu icrası, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin icrası, iqtisadi təsnifat üzrə xərclərin icra vəziyyəti, dövlət büdcəsi xərclərinin ayrı-ayrı qurumlar tərəfindən icrası vəziyyəti, dövlət proqramlarının icrasının təhlili ilə əlaqədar məlumatları, bəzi tövsiyələrini diqqətə çatdırıb.
Məsələ ətrafında aparılan müzakirələrdə çıxış edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili, sədr müavini Əli Məsimli, üzvləri Vahid Əhmədov, Mahir Abbaszadə, Ziyad Səmədzadə, Vüqar Bayramov, Elnur Allahverdiyev, Rüfət Quliyev, Aydın Hüseynov, Məzahir Əfəndiyev 2023-cü ilin dövlət büdcəsinin icrasını məqbul hesab ediblər, Hesablama Palatasının rəyini müsbət qiymtləndiriblər. Millət vəkilləri bəzi qeydlərini və suallarını da səsləndiriblər.
Maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, iqtisadiyyat nazirinin müşaviri Xaqani Abdullayev, Dövlət Vergi Xidmətinin rəis müavini İlkin Vəliyev qaldırılan məsələlərə münasibət bildiriblər.
İclasın sonunda “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.