B.Netanyahu ABŞ-yə səfər edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu iyulun 18-də ABŞ-a səfər etməyi planlaşdırır. Məqsəd gələn həftə keçiriləcək amerikalı senator Lindsi Qremin dəfn mərasimində iştirak etməkdir. Bu barədə Ynet portalı məlumat yayıb.
Məlumata görə, Netanyahunun səfəri çərçivəsində ABŞ Prezidenti Donald Trampla rəsmi görüş hələlik planlaşdırılmasa da, tərəflərin gələn həftənin əvvəlində görüşəcəyi gözlənilir.
Netanyahu daha əvvəl Lindsi Qremin vəfatı ilə əlaqədar başsağlığı verərək onu İsrailin "ən yaxın dostlarından biri" adlandırmışdı. İsrail Prezidenti İsxak Hersoq və xarici işlər naziri Gideon Saar da senatorun vəfatı ilə bağlı başsağlığı ifadə edərək, onun daim İsraili dəstəklədiyini vurğulayıblar.
Respublikaçı senator Lindsi Qrem iyulun 11-də 71 yaşında qəfil vəfat edib. O, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əsas müəlliflərindən biri idi. Demokrat senator Riçard Blumentalla birlikdə hazırladığı təşəbbüs Rusiyanın ticarət tərəfdaşlarına qarşı ikinci dərəcəli sanksiyaların tətbiqini də nəzərdə tuturdu.
Qanun layihəsində Rusiyadan neft, qaz, uran və digər məhsullar alan ölkələrdən ABŞ-a idxal olunan mallara 500 faizlik gömrük rüsumunun tətbiqi təklif edilirdi.
Lindsi Qrem Rusiyaya qarşı sərt mövqeyi ilə yanaşı, İsrailin fəal tərəfdarlarından biri kimi tanınır, həmçinin ABŞ-ın İrana qarşı hərbi kampaniyasını dəstəkləyən aparıcı siyasətçilərdən hesab olunurdu.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.