Litvada ilk alman hərbçiləri artıq bu payızda yerləşdiriləcək

Litvada ilk alman hərbçiləri artıq bu payızda yerləşdiriləcək
Litvada Almaniya Silahlı Qüvvələrinin (Bundesver) daimi yerləşdiriləcək briqadasının ilk hərbçiləri bu ilin payızında Rudninkay hərbi poliqonunda inşa edilən yeni hərbi düşərgəyə gələcəklər.
Bu barədə Litvanın müdafiə naziri Robertas Kaunas məlumat verib.
Nazirin sözlərinə görə, hərbi düşərgənin infrastrukturunun birinci mərhələsinin tikintisi planlaşdırılandan 10 ay əvvəl başa çatdırılıb. Bu da ilk alman hərbçilərinin artıq bu payızda qəbul edilməsinə imkan yaradacaq.
"İlk mərhələ üzrə işləri planlaşdırılandan 10 ay əvvəl tamamlayan tikinti şirkətlərimizə təşəkkür edirəm. Artıq bu payız Bundesver briqadasının ilk hərbçiləri düşərgədə yerləşdiriləcək", – deyə nazir bildirib.
Hərbi şəhərcik Belarus sərhədinə yaxın, Şalçininkay rayonunda yerləşən Rudninkay poliqonunda inşa olunur. Layihənin ümumi dəyəri 1,4 milyard avro qiymətləndirilir.
Tikinti başa çatdıqdan sonra burada Almaniya briqadasının şəxsi heyətinin təxminən 80 faizi yerləşdiriləcək. Briqadanın tərkibinə 4,8 min hərbçi və 200-ə yaxın yardımçı heyət daxil olacaq.
Vilnüs və Berlin arasında əldə olunan razılaşmaya əsasən, Almaniya briqadasının Litvaya tam yerləşdirilməsi 2027-ci ilin sonunadək başa çatdırılmalıdır. Briqadanın əsasını tank və mexanikləşdirilmiş piyada batalyonları təşkil edəcək.
Qeyd edək ki, bu, Soyuq müharibənin başa çatmasından sonra Bundesverin Almaniya hüdudlarından kənarda ilk dəfə daimi əsaslarla iri hərbi birləşmə yerləşdirməsi olacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.