Misirdə piramidaların tikintisinin sirrinə aparan mühüm iz tapılıb

Misirdə arxeoloqlar təxminən 5 min il əvvələ aid iki qəbir aşkar ediblər. Tədqiqatçılar hesab edirlər ki, bu tapıntılar sonradan məşhur Giza piramidalarının tikintisində istifadə olunan mühəndislik texnologiyalarının mənşəyini anlamağa kömək edə bilər.
Tapıntılar Nil çayının şərq sahilində, Minya əyalətinin Cəbəl ət-Tayr bölgəsində üzə çıxarılıb. Alimlərin sözlərinə görə, qəbirlərin konstruksiyası göstərir ki, mürəkkəb tikinti üsulları Giza piramidalarının inşasından əsrlər əvvəl mövcud olub.
Tədqiqatçıların diqqətini xüsusilə divarların quruluşu cəlb edib. Belə ki, divarlar aşağı hissədə daha enli, yuxarıya doğru isə tədricən daralır. Bu memarlıq həlli tikililərin dayanıqlığını artırır və sonradan qədim Misirin monumental memarlığının əsas xüsusiyyətlərindən birinə çevrilib.
Arxeoloqlar həmçinin daş emalının izlərini və divarlara yerləşdirilmiş iri taxta tirləri aşkar ediblər. Ehtimal olunur ki, bu tirlər tikinti zamanı konstruksiyanı möhkəmləndirmək üçün istifadə edilib.
Mütəxəssislərin fikrincə, yeni aşkar olunan qəbirlərin memarlıq xüsusiyyətləri Abidos şəhərində yerləşən və birləşmiş Misirin ilk hökmdarlarının, o cümlədən firon Denin dəfn olunduğu kral məzarlarını xatırladır. Bu isə qabaqcıl tikinti texnologiyalarının ölkə ərazisində indiyədək düşünüldüyündən daha erkən yayıldığını göstərir.
Bundan əlavə, arxeoloqlar Misirin birləşməsindən əvvəlki dövrə aid daha qədim qəbiristanlıq da aşkar ediblər. Burada embrion vəziyyətində dəfn olunmuş insanlar, həsirlərə bükülmüş cəsədlər, fironlardan əvvəlki dövrə aid keramika nümunələri və sonrakı dövrlərə məxsus taxta tabutlar tapılıb.
Alimlər bildirirlər ki, bu kəşf sadə dəfn tikililərinin zamanla minilliklərə meydan oxuyan möhtəşəm daş abidələrə çevrilməsinin inkişaf mərhələlərini izləməyə imkan verir və qədim Misir memarlığının təkamülü barədə mövcud təsəvvürləri dəyişə bilər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.