Türkiyənin Pegasus Hava Yolları Rusiyaya uçuşları yenidən normal rejimdə həyata keçirməyə başlayıb.
Aviaşirkətin açıqlamasına görə, sentyabrın 1-dən 2-nə keçən gecə Rusiyaya nəzərdə tutulan bəzi reyslər texniki və əməliyyat səbəbləri ilə ləğv edilib. Uçuşları baş tutmayan sərnişinlər üçün isə əlavə reyslərin təşkili nəzərdə tutulur.
Pegasus bildirib ki, marşrut şəbəkəsində əməliyyat vəziyyəti gündəlik qiymətləndirilir və Rusiyaya planlaşdırılan uçuşlar artıq normal qrafik üzrə bərpa olunur.
Rusiya Turizm Sənayesi İttifaqından (RST) da bildirilib ki, uçuş cədvəlinin yaxın zamanda sabitləşməsi gözlənilir. Qurumun məlumatına görə, hazırda turistlərdən kütləvi şikayət və müraciətlər qeydə alınmayıb.
Xatırladaq ki, bundan əvvəl Vnukovo hava limanı Pegasus-un İstanbul, Antalya, İzmir və Bodrumdan həyata keçirdiyi altı cüt reysin ləğv edildiyini açıqlamışdı. Aviaşirkət, həmçinin Antalyadan Ufa, Sankt-Peterburq və Samara istiqamətində bəzi uçuşları da ləğv etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.