Dron Moldovanın hava məkanından Rumıniyaya keçib – Yassı hava limanında uçuşlar dayandırılıb

Rumıniyanın şimal-şərqində yerləşən bir neçə rayonda pilotsuz uçuş aparatının hava məkanına daxil olması ilə əlaqədar hava həyəcanı elan edilib. Dronun Moldova ərazisindən keçərək Rumıniyaya daxil olduğu bildirilib.
“Digi24”ün məlumatına görə, mümkün qalıqların düşməsi təhlükəsi səbəbindən Yassı Beynəlxalq Hava Limanından bütün uçuşların həyata keçirilməsi müvəqqəti dayandırılıb.
Yassı, Vasluy, Nyamts və Botoşani rayonlarının, eləcə də Vasluy rayonunun şimal hissəsinin sakinlərinə RO-Alert xəbərdarlığı göndərilib. İnsanlardan sakitliyi qorumaq, zirzəmilərə və ya mülki müdafiə sığınacaqlarına keçmək, belə imkan olmadıqda isə pəncərələrdən və xarici divarlardan uzaqda, binaların daxilində qalmaq tələb olunub.
Rumıniyanın Müdafiə Nazirliyinin məlumatına görə, hava hədəfi yerli vaxtla saat 16:47-də radar sistemləri tərəfindən Roman şəhərindən təxminən 18 kilometr şimalda aşkarlanıb.
Vəziyyətə nəzarət etmək üçün Rumıniyada NATO-nun gücləndirilmiş hava patrul missiyasında iştirak edən İspaniya Hərbi Hava Qüvvələri və Kosmik Qüvvələrinə məxsus iki F-18 qırıcısı Mixail Koqalniçanu aviabazasından havaya qaldırılıb.
Moldova hakimiyyəti isə pilotsuz uçuş aparatının ölkənin hava məkanında saat 16:20-də müşahidə sistemləri tərəfindən aşkarlandığını açıqlayıb. İlkin məlumata görə, bunun “Shahed” tipli pilotsuz uçuş aparatı olduğu bildirilir.
Məlumata əsasən, dron Ukrayna ərazisindən Moldovaya daxil olub və ölkənin hava məkanından keçərək Rumıniya istiqamətində hərəkət edib. Saat 16:37-də pilotsuz aparat Zərənkuça yaşayış məntəqəsi ərazisində Moldova hava məkanını tərk edib və Rumıniyanın Yassı rayonundakı Qolayeşti istiqamətində uçuşunu davam etdirib.
Dronun uçuşu zamanı Moldovanın hava məkanının mərkəzi hissəsində məhdudiyyətlər tətbiq edilib. Aparat ölkə ərazisini tərk etdikdən sonra məhdudiyyətlər aradan qaldırılıb.
Yassı hava limanının direktoru Romeo Vətəru bildirib ki, vəziyyətin aydınlaşdırılması məqsədilə bütün uçuşların yola salınması müvəqqəti dayandırılıb. Onun sözlərinə görə, həmin vaxt reyslər ləğv edilməyib.
Rumıniya və Moldova hakimiyyət orqanları hava məkanında vəziyyəti izləməyə davam ediblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.