Qətər ABŞ-dan təbii qaz almaq üçün danışıqlara başlayıb

Qətər İranla müharibə fonunda ABŞ-dan mayeləşdirilmiş təbii qaz – LNG almaq imkanlarını nəzərdən keçirir.
Bloomberg-in məlumatına görə, Qətərin dövlət enerji şirkəti QatarEnergy uzunmüddətli müqavilələr əsasında ABŞ-dakı LNG təchizatçıları ilə danışıqlar aparır.
Məlumata görə, şirkət həm artıq fəaliyyət göstərən, həm də tikilməkdə olan ABŞ LNG ixrac layihələrindən qaz almaq imkanlarını qiymətləndirir. Danışıqların qapalı formatda aparıldığı bildirilir.
Bu, müharibənin başlanmasından sonra Qətərin qaz portfelini Yaxın Şərqdən kənar mənbələr hesabına genişləndirmək və şaxələndirmək niyyətinin ilk əlaməti kimi qiymətləndirilir.
Qətər dünyanın ən böyük LNG ixracatçılarından biridir. Lakin İranla müharibə ölkənin qaz sektorunun fəaliyyətinə ciddi təsir göstərib və Qətərin xarici alıcılara qarşı mövcud öhdəliklərini yerinə yetirməsini çətinləşdirib.
Bu şəraitdə Doha ABŞ-dan əlavə qaz həcmləri almaqla yaranan fasilələri kompensasiya etməyə və müştərilərinə enerji tədarükünü təmin etməyə çalışır.
Bloomberg-in mənbələri bildirir ki, ABŞ istehsalçıları ilə uzunmüddətli müqavilələrin bağlanması Qətərə Yaxın Şərqdən gələn qaz tədarükü ilə bağlı qeyri-müəyyənlik şəraitində əlavə həcmlər əldə etməyə imkan verə bilər.
Belə bir addım QatarEnergy-nin ənənəvi biznes modelində də dəyişiklik yarada bilər. Çünki şirkət indiyədək əsasən öz hasilatına və iri LNG ixrac layihələrinə söykənib.
Müzakirə olunan qazın həcmi və mümkün müqavilələrin müddəti isə hələ açıqlanmayıb. Bloomberg yazır ki, danışıqlar hazırda davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.