Kim Çen Inın bacısı Cənubi Koreya sərhədindəki mina partlayışına KXDR-in aidiyyətini təkzib edib

Şimali Koreya lideri Kim Çen Inın bacısı və Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin şöbə rəhbəri Kim Yo Con KXDR-in Cənubi Koreya sərhədində, demilitarizasiya zonasında baş verdiyi bildirilən mina partlayışına heç bir aidiyyətinin olmadığını açıqlayıb.
Kim Yo Con Cənubi Koreya hərbçilərini sərhəd bölgəsində baş verən hadisə ilə bağlı “təxribat xarakterli” araşdırmanın nəticələrini yaymaqda ittiham edib.
Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinin (KCNA) yaydığı açıqlamada Kim Yo Con bildirib ki, Seulun partlayışla bağlı apardığı araşdırmanın nəticələri Pxenyan üçün yeni deyil.
O, Cənubi Koreyanın hərbi qüvvələrini sərhəd bölgəsində insidentlə bağlı “növbəti təxribat” törətməkdə ittiham edib.
Pxenyan sərhəddəki istehkamları müdafiə edir
Kim Yo Conun sözlərinə görə, Şimali Koreya hərbçilərinin son iki il ərzində sərhəd ərazisində müxtəlif maneələr və istehkamlar inşa etməsi ölkənin “suveren hüququdur”.
Şimali Koreya rəsmisi bu işlərin hərbi məqsəd daşımadığını iddia edib.
Bununla yanaşı, Kim Yo Con Cənubi Koreya hərbçilərinə xəbərdarlıq edib. O bildirib ki, əgər Cənubi Koreya ordusu sərhəddə tikinti işləri aparan Şimali Koreya hərbçilərinə atəş açarsa, Pxenyan buna zərbə ilə cavab verəcək.
Beləliklə, Şimali Koreya tərəfi həm mina partlayışına dair məsuliyyəti rədd edib, həm də sərhəd bölgəsində hərbi qulluqçuları arasında mümkün silahlı qarşıdurma baş verəcəyi təqdirdə cavab tədbirləri görəcəyi barədə xəbərdarlıq edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.