“Sovetski”də bir ailəni məhv edən partlayışla bağlı yeni iddialar – Fotolar
Dəhşətli hadisədən sonra Tolstoy küçəsində söküntü işləri sürətləndirilib; əhali köçürülür
Yanvarın 9-da Yasamal rayonu Tolstoy küçəsi 40 ünvanında faciə ilə nəticələnən partlayış hadisəsi baş verib. Hadisə zamanı ümumi sahəsi 72 m2 olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Əraziyə gələn yanğınsöndürənlər və xilasedicilər tərəfindən bir ailənin üzvləri olan 1956-cı il təvəllüdlü Məmmədov Aydın Əjdər oğlu, 1962-ci il təvəllüdlü Məmmədova Xuraman Cahangir qızı və 1993-cü il təvəllüdlü Məmmədova Aygün Aydın qızının meyitləri aşkar edilib.
“Yeni Müsavat”ın əməkdaşı hadisə ilə bağlı daha detallı məlumat əldə etmək üçün partlayış baş verən evə yollanıb.
Ətrafda sökülmüş mənzillər çox olduğu üçün ərazi ilk baxışdan xarabalığı xatırladırdı. Ona görə də uçurulmuş evlərin arasından partlayış baş verən mənzili tapmağımız elə də asan olmayıb. Küçələr dağılmış və palçıq içərisində, ətrafda isə texnikalar işləyir, söküntü işləri aparırdılar. Bir ailənin məhv olduğu evdə həyat çoxdan sönsə də, ətraf ərazilərdə qızğın söküntü işləri gedirdi…
Məlumat üçün öncə qeyd edək ki, Tolstoy küçəsi boyunca demək olar ki, əksər evlər sökülüb. Ümumiyyətlə, “Sovetski” ərazisindən köçürmənin birinci mərhələsi 2017-ci ilin avqustunda başa çatıb. Bu prosesdə 4 min 300 ailə ərazidən çıxarılıb. Həmin ərəfədə bir neçə sakin etiraz etsə də sonda onlar da verilən 1500 manat kompensasiya ilə razılaşıb, evlərini tərk ediblər. 2018-ci ilin sonlarında isə “Təzə pir” məscidinin ətrafında köçürülmə işlərinə başlanılıb və bu gün də proses davam etdirilir.
Lakin ərazidə bir neçə sökülməyən mənzil də var ki, partlayışın baş verdiyi ev də onlardan biri olub. Hadisə baş verəndən sonra Yasamal Rayon İcra Hakimiyyəti məlumat yayaraq bildirdi ki, həmin ünvanda aparılan ilkin araşdırmalardan sonra buradakı hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyi məlum olub:
“Çox güman ki, mənzildə qaz xətti açıq olub, bu da gecə vaxtı köhnə xətlərdən qazın sızmasına və partlayışa səbəb olub. Məsələnin araşdırılması davam edir”.
Ərazidə olduğumuz zaman söhbət etdiyimiz sakinlər isə bildirdilər ki, Tolstoy küçəsi və eləcə də söküntünün aparıldığı ətraf ərazilərdə qazın verilişində tez-tez fasilələr yaranır. Sakinlər adlarının açıqlanmasını istəməsələr də hadisənin məhz bu faktla əlaqəli olduğunu bildirdilər: “Burada gördüyünüz kimi bir neçə evdə yaşayış var. Partlayış nəticəsində məhv olan ailə də bu ərazidə yaşamaqda davam edirdi. Bəzi ailələr var ki, onlar verilən kompensasiya ilə razılaşmırlar. Çünki evləri az kvadratlıdır və hər kvadrat üçün aldıqları 1500 manatla şəhərin mərkəzində mənzil sahibi ola bilməzlər. İnsanların da evləri, işləri mərkəzdədir və illərdir ki, burada yaşamağa öyrəşiblər. Ona görə də bir neçə ailə evini tərk etmək fikrində deyil. Söküntünü aparanlar da heç nəyə fikir verməyib, traktoru, ekskavatoru hara gəldi salırlar. Tez-tez qaz, su xətlərinə zərər verirlər. Ona görə də burada yaşayan camaatın qazı, suyu tez-tez kəsilir. Hadisə baş verən günü də qazın verilişində fasilə yaranmışdı. Ancaq gecə saatlarında qazı verdilər. Görünür, partlayış baş verən evdə qaz sönüb yenidən gəldikdən sonra bu faciə yaşanıb. Bütün hallarda iş gedirsə, qazı kəsəndə, verəndə camaata xəbər etməlidirlər. Kefləri istəyən kimi hərəkət edirlər”.
Partlayış baş verdikdən sonra ev necə varsa, elə də qalıb. Partlayış o qədər güclü olub ki, evin tavanını, pəncərələrini qırıb. Eyni zamanda yaxınlıqda yerləşən mənzilin də pəncərə şüşələri sınıb. Öyrəndik ki, partlayış baş verən evin arxasındakı mənzildə yaşayanlara hadisə günü kompensasiya verilib. Onlar artıq evlərini tərk etməyə hazırlaşırdılar. Ev sahibi miqdarı açıqlamasa da, bildirdi ki, verilən kompensasiya ilə razıdır. Qonşu bildirdi ki, partlayışın qurbanı olan ailə heç vaxt mənzilini uzun müddətlik tərk etməyib. Hadisə baş verən günü də ailə üzvlərinin əksəriyyəti evdə olub. Ailənin iki qız övladı varmış. Onlardan böyük qız evdə olmadığı üçün partlayışdan sağ qurtulan yeganə ailə üzvü də odur. Qonşular yalnız partlayış baş verdikdən sonra əraziyə gəliblər. Partlayış sonrası yanğın baş verdiyi üçün içəri tüstüdən girməyə çətinlik çəkiblər. Xilasedicilərin köməyi ilə içəridən ailə üzvlərindən biri-Aygün Məmmədova çıxarılsa da, onu boğulmadan xilas etmək mümkün olmayıb…
Partlayış dalğasının təsirindən evin çöl divarı həyətdə dayanmış “Tofaş” markalı avtomobilin üzərinə aşıb. Həmin avtomobil də yararsız vəziyyətə düşüb.
Onu da qeyd edək ki, faciəvi partlayışdan sonra hadisə yerinin yaxınlığında yerləşən Bakı Avropa Liseyinin də kommunal xətlərində problem yaranıb. Bu barədə “Yeni Müsavat”a valideynlər məlumat veriblər. Valideynlər bildiriblər ki, həmin ərazidə qazın verilişində tez-tez fasilələr yarandığı üçün bu kimi hadisələr baş verir. Onlar da partlayışa səbəb kimi məhz bu faktoru göstəriblər. Liseyin direktoru Zülfiyyə Veysova “Yeni Müsavat”a bildirib ki, liseyin kommunal xətlərində yaranmış qısa müddətlik problem öz həllini tapıb: “Təhsil müəssisəsi fəaliyyətini əvvəlki qaydada davam etdirir”.
Hazırda isə həmin ərazinin qaz təchizatı dayandırlıb. Bu barədə “Yeni Müsavat”a “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev məlumat verib. O bildirib ki, ərazidəki hadisə ilə bağlı mənzillərə verilən qaz təchizatı dayandırılsa da, Bakı Avropa Liseyinin təbii qazla təminatında problem yoxdur.
Öyrəndik ki, hazırda Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri hadisə yerində araşdırma aparırlar. Partlayışın dəqiq səbəbi araşdırma başa çatdıqdan sonra məlum olacaq.