AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ukrayna Rusiyanın Bryansk vilayətində hərbi konservlər istehsal edən zavodu və Samara yaxınlığındakı neft emalı zavodunu vurub

  • + A
  • - A
  • Bu gün, 11:09

    Ukrayna Rusiyanın Bryansk vilayətində hərbi konservlər istehsal edən zavodu və Samara yaxınlığındakı neft emalı zavodunu vurub


    Oktyabrın 30-na keçən gecə Ukraynaya məxsus pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Bryansk vilayətindəki Starodub şəhərinə hücum edib. Hücum nəticəsində Rusiya Silahlı Qüvvələri üçün konserv məhsulları istehsal edən “Konservsushprod” müəssisəsinin ərazisində güclü yanğın başlayıb.

    Astra nəşrinin təhlil etdiyi yerli sakinlərin foto və videolarına əsasən, hücumun hədəfi məhz bu zavod olub.

    Müəssisənin rəsmi saytında qeyd olunur ki, şirkət Rusiya güc strukturları və Silahlı Qüvvələri üçün konservlər və fərdi qida rasionlarının tarixi istehsalçısı və təchizatçısıdır. Şirkət həmçinin “Rusiya Ordusu” brendinin hüquqlarına sahibdir.

    Qeyd edək ki, müəssisə daha əvvəl də 2023 və 2025-ci illərdə dron hücumlarına məruz qalıb.

    Bundan başqa, oktyabrın 30-da səhər saatlarında Ukrayna PUA-larının Samara vilayətinə hücumu barədə regionun qubernatoru Vyaçeslav Fedorishçev məlumat verib.

    “HHM sistemləri və mobil atəş qrupları fəaliyyət göstərir”, – deyə o bildirib. Qubernator hadisə ilə bağlı əlavə təfərrüat açıqlamayıb.

    Novokuybışevsk sakinləri şəhərdə partlayış səsləri eşitdiklərini bildiriblər. Ukraynanın Exilenova+ monitorinq kanalının məlumatına görə, hücumun hədəfi “Rosneft” şirkətinə məxsus Novokuybışevsk neft emalı zavodu (NEZ) olub.

    Astra nəşrinin oxucularının göndərdiyi və müəssisənin ərazisində güclü yanğını əks etdirən fotolar da bu barədə məlumatları təsdiqləyir.

    İllik istehsal gücü 8,3 milyon ton olan zavod 20-dən çox növ məhsul istehsal edir. Müəssisə bundan əvvəl də dəfələrlə dron hücumlarına məruz qalıb. Sonuncu belə hadisə avqustun 22-də qeydə alınıb.

    Gecə saatlarında pilotsuz aparatların hücumları fonunda Moskvanın bütün hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib.

    “Rosaviasiya”nın məlumatına görə, Domodedovo, Vnukovo, Jukovski və Şeremetyevo hava limanlarında təyyarələrin qəbulu və yola salınması dayandırılıb. Yaroslavl hava limanı da fəaliyyətini müvəqqəti dayandırıb.

    Moskva meri Sergey Sobyanin bildirib ki, oktyabrın 29-u axşam saatlarından oktyabrın 30-u səhər saat 07:00-dək Moskva vilayəti istiqamətində 862 pilotsuz uçuş aparatı hərəkət edib.

    “Onların böyük hissəsi Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri tərəfindən uzaq məsafələrdə məhv edilib. 170 pilotsuz aparat Moskva yaxınlığında zərərsizləşdirilib”, – deyə Sobyanin bildirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR