AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin orbitə daha 18 internet peyki çıxarıb

  • + A
  • - A
  • Bu gün, 12:38

    Çin orbitə daha 18 internet peyki çıxarıb


    Çin kosmik sənayesi növbəti uğurlu buraxılışa imza atıb. Ölkənin “Lician-2 Y2” (Kinetica 2 Y2) daşıyıcı raketi “Tsianfan” (Qianfan) internet peyklərinin daha 18-ni orbitə çatdırıb.

    Çin Mərkəzi Televiziyasının (CCTV) məlumatına görə, CAS Space şirkətinə məxsus raketin buraxılışı ölkənin şimal-qərbində, Tszyutsüan kosmodromunun yaxınlığında yerləşən Dunfenq kommersiya kosmik innovasiyalar zonasından həyata keçirilib. Buraxılış Pekin vaxtı ilə saat 08:15-də baş tutub. Bütün peyklər nəzərdə tutulan qütb orbitlərinə uğurla yerləşdirilib.

    Bu, genişzolaqlı internet xidmətləri göstərmək üçün yaradılan Spacesail Constellation peyk qruplaşmasına daxil edilən 17-ci peyk partiyasıdır. Son buraxılışdan sonra orbitdəki peyklərin ümumi sayı 276-ya çatıb.

    Layihəni idarə edən dövlətə məxsus Shanghai Spacesail Technologies şirkəti gələcəkdə orbitdəki peyklərin sayını 12 minə çatdırmağı planlaşdırır. Qruplaşmanın yaradılmasına 2024-cü ilin avqustunda başlanılıb.

    Peyklər aşağı Yer orbitində fəaliyyət göstərir və Ku, Q və V tezlik diapazonlarından istifadə etməklə məlumat ötürülməsi və rabitə xidmətlərinin təmin olunması üçün nəzərdə tutulub.

    Qeyd edək ki, “Lician-1” yüngül bərk yanacaqlı raketinin çəkisi 135 ton, hündürlüyü 30 metr, diametri isə 2,65 metrdir. Bu raket aşağı Yer orbitinə 1,5 tona qədər faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR