ABŞ-ın Kaliforniya ştatında zibil poliqonunda qaz sızması baş verib, 6 nəfər tibbi yardım alıb

ABŞ-ın Kaliforniya ştatında yerləşən zibil poliqonunda metan qazının qəfil çıxışı nəticəsində altı nəfər tibbi yardım üçün müraciət edib.
APA xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Hadisə bazar ertəsi Los-Anceles dairəsinin Kastaik yaşayış məntəqəsi yaxınlığındakı zibil poliqonunda havalandırma dəliyinin qazılması zamanı baş verib.
İlkin ehtimala görə, qazma qurğusu tullantıların arasında toplanmış metan qazı cibinə düşüb. Nəticədə qazın partlayışla müşayiət olunan güclü çıxışı baş verib və qazla tullantı hissəciklərindən ibarət şırnağın hündürlüyü təxminən 150 metrə çatıb.
Kastaik sakinləri hadisəni partlayış kimi təsvir ediblər. Əvvəlcə havaya qalxan tullantı və qaz sütunu qara rəngdə olub, daha sonra ağ rəng alıb.
Telekanalın məlumatına görə, yanğınsöndürənlər axşama doğru qaz sızmasının qarşısını alıblar. Hadisə nəticəsində altı nəfər tibbi yardım üçün müraciət edib. Onların hansı şikayətlərlə xəstəxanaya üz tutduqları açıqlanmayıb.
Yerli hakimiyyət orqanları təhlükəsizlik məqsədilə yaxınlıqdakı evlərin sakinlərinin təxliyəsini elan ediblər. Daha sonra əhali üçün təhlükənin qalmadığı bildirilib.
Buna baxmayaraq, bəzi sakinlər ərazidə xoşagəlməz qoxunun davam etdiyini əsas gətirərək çərşənbə axşamı evlərinə qayıtmağa tələsməyiblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.