AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Somali hakimiyyəti BƏƏ səfirindən ölkəni 72 saat ərzində tərk etməsini tələb edib

  • + A
  • - A
  • Dünən, 21:11

    Somali hakimiyyəti BƏƏ səfirindən ölkəni 72 saat ərzində tərk etməsini tələb edib


    Somali hakimiyyəti BƏƏ səfirindən ölkəni 72 saat ərzində tərk etməsini tələb edib

    Somali hakimiyyəti Birləşmiş Ərəb Əmirliklərinin səfirinə ölkəni 72 saat ərzində tərk etməsi barədə tələb irəli sürüb. Rəsmi Moqadişu Əbu-Dəbini Afrika Buynuzunda yerləşən dövlətin suverenliyinə hörmətsizlik etməkdə ittiham edib. Bu barədə Associated Press agentliyi məlumat yayıb.

    Somali Prezidenti Həsən Şeyx Mahmud bu həftənin əvvəlində BƏƏ-ni federal hökumətə tabe olmayan silahlı qruplaşmaları dəstəkləməkdə və ölkənin birliyini pozmağa çalışmaqda ittiham edib. Birləşmiş Ərəb Əmirlikləri Somali ərazisində yerləşən Somaliland, Puntland və Cubaland bölgələri ilə münasibətlər saxlayır.

    BƏƏ səfirinin ölkədən çıxarılması, eləcə də Somalinin BƏƏ-dəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması barədə qərarı ölkənin informasiya naziri Abdifətah Qasim Mahmud Moqadişuda keçirdiyi mətbuat konfransında açıqlayıb. Qərar Baş nazir Həmzə Abdi Barreinin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra qəbul edilib.

    Somali hakimiyyəti vətəndaşları və yerli icma liderlərini Əmirliklərin, rəsmi ifadə ilə desək, “təcavüzü” qarşısında birliyə çağırıb. Eyni zamanda, bu çağırışlara əməl etməyənlərə qarşı müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilib.

    BƏƏ Prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş isə sosial şəbəkə hesabında Somali Prezidentini şəxsi maraqlarını ölkənin milli maraqlarından üstün tutmaqda ittiham edib.

    Səfirin ölkədən çıxarılması ilə bağlı qərar iki ölkə arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib. Gərginlik yanvar ayında Somalinin BƏƏ ilə limanlar, dövlət qurumları, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığa dair razılaşmaları ləğv etməsindən sonra artıb. Bununla belə, Somaliland, Puntland və Cubaland hakimiyyətləri federal hökumətin onların ərazilərinə aid razılaşmaları ləğv etmək hüququnu tanımayıblar.

    BƏƏ ilə münasibətlərin pisləşməsi Somalidə daxili siyasi böhranın dərinləşdiyi vaxta təsadüf edir. BMT ölkədə otuz ildən artıq fəaliyyət göstərən siyasi missiyasını bu yaxınlarda başa çatdırıb. Həmin missiya qarşıdurmada olan siyasi liderlər arasında danışıqlara vasitəçilik edirdi. Hazırda tərəflər missiyanı əvəz edəcək yeni vasitəçinin namizədliyi ilə bağlı razılığa gələ bilməyiblər.

    Ölkədə seçkilərlə bağlı mübahisələr də davam edir. Bu fikir ayrılıqları ilin əvvəlində paytaxt Moqadişuda silahlı toqquşmalara səbəb olub. Noyabrın əvvəlində isə Somalinin Ali Məhkəməsi Prezident Həsən Şeyx Mahmudun səlahiyyət müddətinin başa çatdığı barədə qərar çıxararaq 90 gün ərzində seçkilərin keçirilməsini tələb edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR