AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

YAP nümayəndə heyəti Moskvada beynəlxalq tədbirdə iştirak edib

  • + A
  • - A
  • Bu gün, 15:40

    YAP nümayəndə heyəti Moskvada beynəlxalq tədbirdə iştirak edib

    Rusiya Federasiyasının hakim “Yedinaya Rossiya” Partiyasının dəvəti əsasında Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin tərkibində 2026-cı il noyabrın 15–16-da Moskva şəhərində keçirilən “Millətlərin azadlığı uğrunda!” Hərəkatının Baş Assambleyasında iştirak etdik. Nümayəndə heyətinə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, YAP Təftiş Komissiyası sədrinin müavini, Milli Məclisin deputatı Nizami Səfərov və YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin baş məsləhətçisi Rəşad Abbaszadə daxil idi.
    Asiya, Avropa, Afrika və Latın Amerikasından 70-dən çox ölkənin siyasi partiyalarının nümayəndələrinin qatıldığı Baş Assambleyanın noyabrın 15-də keçirilən birinci sessiyası “Hüquq sferasında neokolonializm. BMT Nizamnaməsinin norma və prinsiplərinə bütövlükdə riayət olunması və beynəlxalq hüququn əsas imperativi kimi qarşılıqlı əlaqələr” mövzusuna həsr olunmuşdu.
    Sessiyada çıxış edərək bildirdim ki, beynəlxalq hüququn müasir mərhələdə üzləşdiyi əsas problemlərdən biri mövcud hüquq normalarının bəzi dövlətlər, dövlət birlikləri və beynəlxalq təşkilatlar tərəfindən selektiv yanaşma əsasında və özbaşına tətbiq olunmasıdır. İkinci Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq sülh və təhlükəsizlik mexanizminin, o cümlədən BMT sisteminin əsaslı islahatlara ehtiyac duyduğunu vurğuladım. Bu kontekstdə BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə Qarabağla bağlı qəbul etdiyi, lakin uzun illər icra olunmayan dörd qətnaməni xatırlatdım.
    Hüquqi sferada neokolonializmin çoxşaxəli və mürəkkəb fenomen olduğunu qeyd edərək, onunla mübarizədə beynəlxalq birliyin üzv dövlətlərinin birgə səylərinin vacibliyini diqqətə çatdırdım. Eyni zamanda, mövcud beynəlxalq hüquqi sənədlərin potensialından tam istifadə olunması ilə yanaşı, dövlətlərin dünya birliyində de-yure və de-fakto bərabərliyini təmin etməyə yönəlmiş yeni mexanizmlərin hazırlanmasının zəruriliyini vurğuladım.
    Tədbirdə Ermənistan Respublikaçılar Partiyasının nümayəndəsinin Azərbaycana qarşı səsləndirdiyi iddialara cavab olaraq Azərbaycanın 44 günlük Vətən müharibəsi və antiterror tədbirləri nəticəsində BMT Nizamnaməsinə və beynəlxalq hüquqa uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdiyini bildirdim. 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın və 2025-ci il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Sazişin razılaşdırılmış mətninin paraflanmasının regionda yaranmış yeni reallıqları əks etdirdiyini qeyd etdim. Xüsusilə vurğuladım ki, Azərbaycanın ərazisində hər hansı qondarma qurum deyil, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları mövcuddur.
    Noyabrın 16-da Hərəkatın Daimi Komitəsinin iclasında və Baş Assambleyanın təntənəli açılış mərasimində də iştirak etdik. Açılış mərasimində Rusiya Prezidenti Vladimir Putinin tədbir iştirakçılarına müraciəti səsləndirildi. “Yedinaya Rossiya” Partiyasının sədri, Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev və Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının sədri Vyaçeslav Volodin çıxış etdilər.
    Belə beynəlxalq platformalarda iştirakın beynəlxalq hüququn fundamental norma və prinsiplərinin müzakirəsi, dövlətlər və siyasi partiyalar arasında dialoqun inkişafı, eləcə də Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və regionda formalaşmış yeni reallıqların beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətini qeyd etdim.









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR