AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşinyan təsadüfən rus ordusunu sərhədə səsləmir - GƏLİŞMƏ

  • + A
  • - A
  • 9-08-2021, 08:41



    Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi ənənəvi brifinqdə Azərbaycan-Ermənistan sərhədində gərginliklə bağlı ölkəsinin mövqeyini ortaya qoyub. Nazirliyin İnformasiya və mətbuat departamentinin direktor müavini Aleksandr Bikantov deyib ki, Moskva müvafiq beynəlxalq hüquq qaydalarının olmaması və tərəflərin etimad çatışmazlığı səbəbindən öz sərhədçilərini Azərbaycan-Ermənistan sərhədinə yerləşdirə bilməz:

    “Sərhədçilərin sərhəd boyu yerləşdirilməsində əsas problem bunun beynəlxalq hüquqda təsbit olunmaması və üstəlik, tərəflərin yetəri qədər bir-birinə qarşılıqlı etimad göstərməməsidir”. Onun sözlərinə görə, sərhəddə dayanıqlı deskalasiyaya ancaq Ermənistanla Azərbaycan arasında sonrakı demarkasiya şərti ilə dərhal delimitasiya işlərinə başlamaq yoluyla nail olmaq mümkündür. Bundan öncə Ermənistanın baş nazir vəzifəsini icra edərkən Nikol Paşinyan Rusiya sərhədçilərinin dayaq məntəqələrinin Azərbaycanla sərhəd boyu yerləşdirilməsini təklif etmişdi.

    Rəsmi Moskvanın Azərbaycan-Ermənistan sərhədi ilə bağlı mövqeyini “Şərq”ə analiz edən “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Samir Hümbətov düşünür ki, Kremlin nə deməsindən asılı olmayaraq, Rusiyanın əsas məqsədi öz qoşunlarını Azərbaycan-Ermənistan sərhədində yerləşdirməyə nail olmaqdır. Analitikə görə, Rusiya Türkiyə və İranın Ermənistanla sərhədlərini qoruduğu kimi Azərbaycan-Ermənistan sərhədini də öz nəzarəti altına almaqda maraqlıdır:

    “Sərhəddə baş verən proseslərin kökündə tərəflər arasında aqressiyanın davam etməsi, xüsusən İrəvanın sərgilədiyi mövqe dayanır. Ermənistan üçtərəfli bəyannamənin şərtlərinin icra edilməməsi üçün əlindən gələni edir. Burada Rusiya faktoru da var. İrəvan, daha doğrusu, Paşinyanla Kreml arasında qarşıdurma olsa belə, ortada gizli anlaşma var. Ermənistan Baş naziri Nikol Paşinyan təsadüfən rus ordusunu sərhədə səsləmir. Rusiyalı siyasətçilər, dövlət adamları fərqindədirlər ki, bu, beynəlxalq hüquq məsələsidir. Azərbaycan tərəfi razılıq verməzsə, sərhəddə rus hərbçilərinin yerləşdirilməsi qeyri-mümkündür. Əslində Bikantov elə buna işarə edir ki, əgər rəsmi Bakı razılıq verərsə, Moskva sərhədin təhlükəsizliyini üzərinə götürər”.

    S.Hümbətov vurğulayıb ki, Paşinyanın başqa məqsədləri də var:

    “Baş nazir əvvəlki gündən Rusiyanın Ermənistandakı mövcudluğunu qəbul etmək istəmir. Müharibə və sonrakı dövrdə Paşinyan dəfələrlə Rusiyaya çağırış etdi və Moskvanı Azərbaycanla savaşa qoşulmağa səslədi. Eyni zamanda KTMT-ni prosesə müdaxilə etməyə çağırdı. Baş nazir bulanıq suda balıq tutmaq istəyir. Məqsədi odur ki, Ermənistan ərazisində rus qoşunlarını tək qoymasın və imkan daxilində Qərb ölkələrini də bölgəyə gətirsin.

    Paşinyanın əsas hədəfi Rusiyadır. Lakin ölkədə tam möhkəmlənmədiyi və ordudakı rusyönümlü qüvvələrin çoxluğunu nəzərə alaraq nisbətən ehtiyatlı davranır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR