Rusiya Azərbaycan-Ermənistan sərhədindəki vəziyyəti diqqətlə izləyir, hərbi və sərhəd xidmətləri vasitəsilə operativ əlaqələrini davam etdirir.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunur:
“Biz Azərbaycanla Ermənistan arasındakı sərhəd insidenti ilə bağlı vəziyyəti yaxından izləməyə davam edirik. Rusiya tərəfi ən yüksək səviyyədə müntəzəm təmaslar yolu ilə gərginliyin azaldılmasında Bakı və İrəvana kömək edir. Ölkələrimiz arasında hərbi və sərhəd xidmətləri vasitəsi ilə operativ əlaqələr qorunur”.
Qeyd edilib ki, Rusiya münaqişənin həllini sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlamasında görür:
“Bu cür hadisələrin yalnız sülh yolu ilə, danışıqlar yolu ilə həll olunacağını düşünürük. Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiya edilməsinə başlanmasını uzunmüddətli həll yolu olaraq görürük. Rusiya Federasiyası Cənubi Qafqazdakı vəziyyətin ardıcıl normallaşmasına bundan sonra da töhfə verməyə hazırdır”.
Rusiya XİN-dən həmçinin, atəşkəs rejiminə ciddi riayət olunmasının, Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının digər müddəalarının ciddi şəkildə yerinə yetirilməsinin vacibliyi də vurğulanıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.