AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallı rayonunda yeni təhsil islahatına start veriləcək

  • + A
  • - A
  • Bu gün, 18:44

    Masallı rayonunda yeni təhsil islahatına start veriləcək

    2026–2027-ci tədris ilindən etibarən Masallı rayonunda təhsil sahəsində mühüm yeniliklərin tətbiqinə başlanılacaq. Həyata keçiriləcək islahatın əsas məqsədi təhsil müəssisələrinin fəaliyyətinin optimallaşdırılması, tədrisin keyfiyyətinin yüksəldilməsi və şagirdlər üçün daha əlverişli təhsil imkanlarının yaradılmasıdır.

    Yeni model çərçivəsində rayonda iki tam orta təhsil müəssisəsinin fəaliyyət göstərməsi nəzərdə tutulur. Onlardan biri Masallı şəhəri İntiqam Əsgərli adına 3 nömrəli tam orta məktəbində təşkil ediləcək və yalnız tam orta təhsil səviyyəsində tədris həyata keçirəcək. Digər təhsil müəssisəsi isə Bədalan kənd tam orta məktəbinin binasında fəaliyyət göstərəcək və ixtisaslaşmış məktəb modeli əsasında təşkil olunacaq.

    Bədalan kəndində fəaliyyət göstərəcək məktəb əsasən ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlıq istiqamətində gücləndirilmiş tədris proqramları ilə seçiləcək. Burada şagirdlərə yüksək səviyyəli təhsil və hazırlıq imkanları yaradılacaq, tədris prosesi müasir yanaşmalar əsasında təşkil ediləcək.

    Məktəblərə müəllim və rəhbər heyətin qəbulu seçmə yolu ilə həyata keçiriləcək. Təhsil müəssisələrində fəaliyyət göstərəcək pedaqoji və idarəedici heyətin formalaşdırılması zamanı peşəkarlıq, təcrübə və idarəetmə bacarıqları əsas göstərici kimi götürüləcək. Bu isə tədris prosesinin daha səmərəli təşkilinə, müasir təhsil yanaşmalarının tətbiqinə və ümumilikdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcək.

    Layihənin əsas məqsədlərindən biri şagirdlərin repetitor asılılığını minimuma endirmək, onlara məktəb daxilində keyfiyyətli hazırlıq və təhsil imkanları yaratmaqdır. Məlum olduğu kimi, bir çox ailələr ali təhsil müəssisələrinə qəbul üçün əlavə hazırlıq xərcləri çəkmək məcburiyyətində qalırlar. Lakin bir sıra valideynlərin bu imkanları olmur. Yeni model məhz bu ehtiyacı qarşılamaq, bütün şagirdlər üçün bərabər və əlçatan təhsil imkanları yaratmaq məqsədi daşıyır.

    Yeni məktəblərdə tədris prosesi, idarəetmə sistemi və təhsil proqramları xüsusi qaydalar əsasında təşkil olunacaq. Şagirdlərin təhsil nailiyyətləri, davamiyyəti və digər göstəriciləri barədə məlumatlar valideynlərə mütəmadi şəkildə çatdırılacaq, məktəb-valideyn əməkdaşlığının gücləndirilməsi təmin ediləcək.

    Bu il Masallı rayonu üçün iki yeni məktəbin yaradılmasına nail olunub və həmin məktəblərin fəaliyyətə başlaması ilə rayon üzrə ümumtəhsil məktəblərinin sayı 93-ə çatacaq. Hazırda məktəblərə qeydiyyat prosesi davam edir və kifayət qədər şagird müraciəti mövcuddur. Layihəyə göstərilən yüksək maraq bu təşəbbüsün valideynlər və şagirdlər tərəfindən müsbət qarşılandığını göstərir.

    Gələcək illərdə bu modelin daha da genişləndirilməsi nəzərdə tutulur. Məqsəd rayonun müxtəlif bölgələrində və istiqamətlərində tam orta təhsil səviyyəsində fəaliyyət göstərən ixtisaslaşmış məktəblərin yaradılmasıdır. Arzu olunur ki, hər bölgədə müasir standartlara cavab verən, keyfiyyətli təhsil imkanları təqdim edən orta təhsil müəssisəsisələri fəaliyyət göstərsin.

    Həyata keçirilən bu yeniliklər Masallı rayonunda təhsilin keyfiyyətinin yüksəldilməsində, şagirdlərin bilik və bacarıqlarının inkişafında, eyni zamanda gələcəkdə daha uğurlu nəticələrin əldə olunmasında əhəmiyyətli rol oynayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR