AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1969-1982-ci illər xalqımızın tarixinə “qızıl hərf”lərlə yazılıb

  • + A
  • - A
  • 14-07-2020, 11:28

    1969-1982-ci illər xalqımızın tarixinə “qızıl hərf”lərlə yazılıb
    Azərbaycan Respublikasının çoxəsrlik dövlətçilik tarixində ulu öndər Heydər Əliyev epoxasının müstəsna rolu var və bu danılmaz bir faktdır. Belə ki, Heydər Əliyevin birinci dəfə Azərbaycanda siyasi hakimiyyətə gəldiyi 1969-cu ilin 14 iyul günü xalqımızın tarixində olduqca əhəmiyyətli gün olub və həmin tarix, bu gün də xalqımız tərəfindən yada salınmaqdadır. Yəni, 14 iyul günü Azərbaycanın xilasının birinci mərhələsinin və xalqın özünəqayıdış tarixi oldu. Heydər Əliyev dünya şöhrətli siyasi xadim olmaqla bərabər, müasir tariximizin ən şanlı, ən parlaq salnaməsini yarada bildi. Keçmiş tarixi yada salıb bir daha xatırlayaq ki, ötən əsrin 50-60-cı illəri türk dünyasının böyük oğlunun dövlət xadimi kimi formalaşmasında həlledici rol oynayıb. Həmin illərdə vəzifə pillələrində yüksəliş ona sovet dövlətçiliyinin mahiyyətinə dərindən bələd olmağa imkan verir. Düzdür, həmin illərdə milli kadrlar heç nəyi həll edə bilmirdi. Buna baxmayaraq, dahi şəxsiyyət Heydər Əliyev müəyyən taktiki addımlarını atıb, xalqı üçün strateji planlarını həyata keçirməyə çalışır. Bir sözlə, o, həmin dövrdə bütün ideoloji-siyasi maneələrə sinə gərərək Azərbaycan xalqının milli inkişaf konsepsiyasını irəli sürür, ictimai şüurdakı qorxunu aradan qaldırır, cəmiyyəti bütün sahələr üzrə gələcək mənəvi və iqtisadi yüksəlişlərə ruhlandırır. Ulu Öndər hər bir Azərbaycan vətəndaşında inam hissi yarada bilir ki, xalqımız nə vaxtsa öz azadlığına, öz istiqlalına nail ola biləcək. Həmin tarixi vaxtlarda o, xalqımızın şüurunda inqilabi dəyişikliyin əsasını da qoya bilir. Bütün bunlar onu sübut edir ki, Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi birinci dönəmdə milli özünüdərkin oyanmasının, soykökə qayıdışın başlanğıcı olan bir dövr olur və onun bütün fəaliyyətinin əsası, məhz xalqın milli dirçəlişinin, milli qürur hisslərinin oyanması ideyasına yönəlir.

    Tarix sübut edir ki, hər bir xalqın öz müstəqilliyini əldə etməsi üçün, həm möhkəm təməl, həm də iqtisadi inkişaf əsas şərtlərdən biridir. Belə bir səbəb üzündən də, 1969-cu ildən başlayaraq Ulu Öndərin siyasi xəttinin əsasında ölkə iqtisadiyyatının gücləndirilməsi əsas məqsəd təşkil edir. Belə ki, həmin illərdə ölkəmizin iqtisadi vəziyyəti acınacaqlı olur və Azərbaycan iqtisadi vəziyyətinə görə, keçmiş SSRİ-də ən geridə qalmış respublikalardan biri hesab olunur. Ötən əsrin 50-60-cı illərində ölkəmizin imkanları yetərincə olsa da, təbii sərvətlərimiz digər müttəfiq respublikaların inkişafına yönəldilir. Buna baxmayaraq, Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü iqtisadi siyasət nəticəsində, 1969-cu ilə kimi aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə tanınan bir diyara çevrilir. Həmin illərdə Azərbaycanda gedən prosesləri təhlil edib ortaya nəticə çıxarmağı bacaran hər kəs onu müəyyən edə bilər ki, Heydər Əliyevin birinci hakimiyyəti dönəmində ölkəmiz bütün istiqamətlər üzrə müstəqilliyə hazırlanırdı. Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan ulu öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında ¬iqtisadiyyat durur”.

    Onu da yada salaq ki, 1969-cu ilə kimi bir çox mühüm infrastruktur layihələri Azərbaycanda yaradılmırdı. Belə olan halda Ulu Öndər SSRİ Nazirlər Soveti qarşısında məsələ qaldırır və Bakıda iri istehsal müəssisələrinin yenidən qurulmasına, bir çoxunun tikilməsinə qərar verilir. Çox keçmir ki, Bakıda, Naxçıvanda, Gəncədə, Mingəçevirdə, Lənkəranda, Xankəndidə elektronika, elektrotexnika, radiotexnika, cihazqayırma, dəzgahqayırma zavod və müəssisələri tikilib istifadəyə verilir. Yəni, 1970-1982-ci illər ərzində Azərbaycanda tikilib istifadəyə verilmiş fabrik, zavod və digər sənaye-istehsal müəssisələrinin ümumi sayı, əvvəlki 50 ildə tikilən müəssisələrin sayından qat-qat çox olur. Heydər Əliyev 1969-1982-ci illər ərzində milli kadrların hazırlanması istiqamətində mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirir. Təsadüfi deyil ki, həmin illər bu gün də Azərbaycanda elmin, təhsilin inkişaf dövrü kimi xatırlanmaqdadır. Əgər 1969-cu ildə Azərbaycanda 765 orta məktəbdə ildə 73 min şagird təhsil alırdısa, 1981-ci ildə 335 min şagirdi əhatə edən 2625 məktəb və günüuzadılmış qruplar fəaliyyət göstərir. Ulu Öndərin hakimiyyətinin birinci dövründə ali məktəblərdə 100-dən artıq ixtisas açılır, 6 yeni ali məktəb, 12 orta ixtisas məktəbi fəaliyyətə başlayır. Həmin vaxtlarda keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəblərində respublikamızın xalq təsərrüfatı, elm, təhsil və mədəniyyətinin 80-dən artıq sahəsini əhatə edən və ən zəruri ehtiyac duyulan 250 ixtisas üzrə 15 mindən çox azərbaycanlı gənc ali təhsil alır. Onların əksəriyyəti bu gün müstəqil Azərbaycanın iqtisadiyyatının, elminin, təhsilinin inkişafında, dövlətçiliyinin möhkəmləndirilməsində fəal iştirak edirlər.

    Ulu Öndər ölkəmizə birinci dəfə rəhbərlik etdiyi dövrdə gənclərin Bakıda hərbi təhsil almaları üçün bütün mümkün addımlarını atır və imperiya rəhbərlərinin təzyiqlərinə baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olur. Bu məktəbin fəaliyyətə başlaması Azərbaycanda milli hərbçi kadrların yetişdirilməsinə çox böyük töhfə olur. Bundan əlavə, yüzlərlə azərbaycanlı gəncin keçmiş Sovetlər Birliyində mövcud olan qabaqcıl ali hərbi məktəblərə və hərbi akademiyalara təhsil almağa göndərilmələri, məhz müstəqil dövlət quruculuğu istiqamətində atılan mühüm addımlardan olur. 1976-1982-ci illərdə yüzlərlə azərbaycanlı gənc Sovetlər Birliyinin müxtəlif respublikalarında yerləşən 54 ən qabaqcıl ali hərbi məktəblərə, akademiyalara hərbi təhsil almağa göndərilir ki, bu da ikinci dəfə müstəqillik hüququ qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynadı.

    Bu yöndə atılan addımlardan biri də, Heydər Əliyevin milli kimliyimizi yaşadan ana dilimizin inkişafını diqqət mərkəzində saxlaması olur. Belə ki, o, atdığı addımları ilə Azərbaycana fikir plüralizmi, demokratik və azad düşüncə tərzi, güclü sosial ədalət haqqı və milli özünüdərk gətirir. Xüsusilə vurğulanası hal odur ki, Heydər Əliyev 1969-cu ildə Azərbaycanda hakimiyyətə gələn vaxtda SSRİ məkanında rus dili rəsmi dövlət dili idi və o, Bakı Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda cəsarət nümayiş etdirir və həmin tədbirdə Azərbaycan dilində çıxış etməklə, birbaşa ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını ortaya qoyur. Hətta o, yüksək səviyyəli digər yığıncaqlarda, konfranslarda, dövlət səviyyəsində aparılan tədbirlərdə ana dilində çıxışlar edib, özünə qarşı böyük hörmət və məhəbbət hissi qazandırır. 1982-1987-ci illərdə SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsindəki siyasi fəaliyyəti ulu öndər Heydər Əliyev şəxsiyyətinin Sovetlər Birliyi miqyasında bir daha təsdiq olunduğu, Azərbaycanın dünya səviyyəsində tanıdıldığı dövrdür. Ölkəmizi həmin illərdə də diqqətdən kənarda qoymayan Heydər Əliyev bütün imkan və bacarığını respublikamızın tərəqqisi və inkişafına yönəldir və görkəmli dövlət xadiminə görə, məhz keçmiş Sovetlər Birliyindəki ittifaq dövlətləri Azərbaycanla hesablaşırlar. Yəni, ölkəmizdəki inkişafın qarşısını almağa, torpaq iddiası irəli sürməyə heç kim cəsarət etmir. Azərbaycanı parçalamaq istəyənlər yeganə çıxış yolu olaraq Ulu Öndəri siyasi fəaliyyətdən kənarlaşdırmaqda görürlər və bu məkrili plan 1987-ci ildə həyata keçirildi. Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırılması nəticəsində, Azərbaycan dəhşətli, faciəli günlərlə üz-üzə qaldı. Çox keçmədi ki, dədə-baba torpaqlarımızın 20 faizi işğalçı Ermənistan tərəfindən işğal olundu, 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi. Buna baxmayaraq o, yenə də xalqının səsinə səs verdi, göstərilən bütün siyasi təqiblərə baxmayaraq, Azərbaycan uğrunda mübarizəyə qoşuldu. Hətta, 1990-cı ilin qanlı 20 Yanvar faciəsini törədənləri və faciənin digər təşkilatçılarını cəsarətlə ittiham edib, xalqımızın haqq səsini, başına gətirilən bütün müsibətləri bütün dünyaya çatdıra bildi.

    Ulu Öndərin xalqı qarşısında göstərdiyi əsaslı xidmətlərdən biri də, məhz milli dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda azərbaycançılıq ideyasını irəli sürməsi, milli birlik meyillərinin daha da dərinləşdirilməsinə çalışması olur. Adicə bir faktı qeyd edək ki, birbaşa Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakı şəhərində Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi, milli həmrəyliyə nail olmaq amalının Azərbaycanın dövlət siyasətinin tərkib hissəsinə çevrildiyini nümayiş etdirmiş oldu.

    Ümumiyyətlə, Ulu Öndərin nəsillərə nümunə olan həyat yolu xalqına təmənnasız xidmətdə olub. O, bütün fəaliyyəti ilə müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin etdi, milli dövlətçiliyin əsasını qoydu, yeni idarəçilik məktəbi formalaşdırdı. Ən əsası, dahi şəxsiyyət müəllifi və şah əsəri hesab olunan müstəqil Azərbaycanın taleyini, özünün layiqli davamçısı olan cənab İlham Əliyevə əmanət etdi. O, gecəli-gündüzlü çalışdı və fədakar əməyi ilə müstəqil Azərbaycan dövlətini yaratdı. Bir sözlə, Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımızın qarşısındakı xidmətləri unudulmazdır. Özündən sonra qüdrətli Azərbaycan adlı möhtəşəm abidə qoyub gedən Ümummilli Liderimizin adı, siyasi və dövlətçilik fəaliyyəti müstəqil Azərbaycanla birgə yaşayır və yaşayacaqdır!” Artıq 17 ildir ki, ölkəmiz Heydər Əliyev siyasi məktəbinin uğulu davamçısı Prezident İlham Əliyevin rəhbərliyi altında gündəlik yeni-yeni uğurlara qovuşur.

    14 iyul 1969-cu ildən 1982-ci ilə kimi Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev, müdrik dövlət xadimi, dünya şöhrətli siyasətçi olaraq Azərbaycanı nəinki keçmiş SSRİ məkanında, hətta dünyada tanıtdı, milli varlığımızın qorunmasına nail oldu. Onun zamanında atdığı addımlar, məhz XX əsr tariximizə “qızıl hərf”lərlə yazılıb. Belə bir səbəblər üzündəndir ki, 14 iyul tarixi xalqımızın qəlbində həm milliliyin və azərbaycançılığın, həm də tarix səhifəsində milli dövlətçiliyimizin əbədi mövcudluğunu təmin etmiş oldu.

    Məşhur Məmmədov

    Millət vəkili


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR