20 sentyabr Azərbaycan xalqı üçün ilahi ədalətin tam bərpa olunduğu tarixdir. Məhz 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən Müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamı ilə sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. 2024-cü il dekabrın 28-i tarixində Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Sərəncam imzalanmışdır.
Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və 1918-ci il 28 May tarixində Müsəlman Şərqində ilk demokratik respublikanın əsasını qoymuşdur. Mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın müstəqilliyi haqqında “İstiqlal bəyannaməsi”ni qəbul etdi. Milli Şuranın qəbul etdiyi altı bənddən ibarət “İstiqlal bəyannaməsi”, yaxud «Müstəqillik» (əqdnamə) Azərbaycan millətinin varlığını bütün dünyaya bəyan etdi.
Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktı – “İstiqlal bəyannaməsi”nin qəbulu ilə Azərbaycan dövlətçiliyi Xalq Cümhuriyyəti formasında elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yaranmasının bəyan edilməsi, onun hakimiyyətinin şamil olunduğu ərazinin hüdudları müəyyənləşdirilmiş, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapmışdır. “İstiqlal bəyannaməsi”ndə demokratik dövlətə məxsus atributların – hakimiyyətin xalqa mənsubluğu, vətəndaşların mülki və siyasi hüquqlarının təmin edilməsi, bütün xalqların və hər bir kəsin milli, dini, sinfi, silki və cinsi mənsubiyyətindən asılı olmayaraq azad inkişafı üçün şərait yaradılması, ən nəhayət, hakimiyyətin bölünməsi kimi prinsiplərin dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmağa qadir olduğunu bütün dünyaya nümayiş etdirdi.
“İstiqlal bəyannaməsi” Azərbaycan millətinin siyasi-hüquqi və mənəvi-psixoloji statusa – millət-dövlət statusuna qədəm qoyduğunu göstərdi. Həmin bəyannamədə Azərbaycanın ərazi suverenliyi ilə bağlı belə qeyd edilirdi: “Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.” Cənubi-Şərqi Zaqafqaziya deyildikdə yalnız bugünkü müstəqil Azərbaycan Respublikasının ərazisi deyil, həm də tarixi Zəngəzur ərazisi, qədim İrəvan, Borçalı, Dərbənd elləri də nəzərdə tutulurdu. Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı, lakin bu qısa ömrünə baxmayaraq Azərbaycan dövlətçiliyi üçün müasir sərhədləri müəyyənləşdirmiş oldu. 1920-ci il Paris Sülh Konfransında isə ən yüksək şəkildə təmsil olunmaqla 11 yanvar tarixində Müttəfiq Dövlətlərin Ali Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətinin de-fakto tanınması dövlətçilik tariximizdə mühüm bir dönüş nöqtəsi oldu. Həmin konfransda Azərbaycanı layiqincə təmsil etmiş Əlimərdan bəy Topçubaşov belə yazırdı: “Qafqazın gələcək taleyi ilə bağlı gürcülər bizimlə bütün məsələlərdə həmrəydirlər. Ancaq ermənilər bizdən və gürcülərdən qaçmaqla, az qala Qafqazda bir yerdə yaşamağımızı şübhə altına almaq istəyirlər. Ermənilər unudurlar ki, biz Parisə sülhə nail olmaq üçün gəlmişik.” Ermənilərin bu istəklərinin arxasında onları Qafqazda kütləvi şəkildə məskunlaşdırmış çar Rusiyasının, daha sonra sovet Rusiyasının dəstəyi və baş verənlərə yön verməsi dayanırdı. Məhz bu amil 1920-1993-cü ildə Azərbaycanın ərazi suverenliyinin kobud şəkildə pozulması ilə nəticələndi.
1920-ci il 28 aprel tarixində Azərbaycanın sovet Rusiyası tərəfindən işğalı xalqımız üçün böyük bir fəlakətin əsasını qoydu. İşğalın ilk günündən Azərbaycanın ərazi bütövlüyünə qəsdlər oldu və Paris Sülh Konfransında tanınmış Azərbaycan hüdudları pozuldu. Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin Paris Sülh Konfransına təqdim etdiyi sənədlərə görə, Azərbaycan Xalq Cümhuriyyətinin həqiqi hakimiyyəti altında olan ərazi Qafqaz (Cənubi) ərazisinin 38%-ni, Azərbaycan hakimiyyətinin yayıldığı ərazilərlə birlikdə isə 60,7%-ni əhatə etdiyi bildirilirdi. Bu da 113,9 min kv.km. idi. Bu ərazinin 97,3 min kv.km-i mübahisəsiz, 16,6 min kv.km-i mübahisəli ərazilər sırasına daxil idi. 1920-ci il 28 aprel işğalından sonra Azərbaycan Sovet Sosialist Respublikası yaradıldı və dövlətin ərazisi hər hansı bir əsas olmadan 86,6 min kv.km. müəyyən edildi. Hələ Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ikinci günü – 29 may tarixində müəyyən şərtlər daxilində 9 min kv.km İrəvan ərazisi Ararat Respublikasına güzəştə gedilmiş və bu ərazinin taleyi heç müzakirə mövzusu olmadı. Halbuki həmin şərtlərin hamısı ermənilər tərəfindən pozuldu. Belə ki, Ermənistan hökuməti İrəvanda və yeni yaradılan erməni dövlətinin digər ərazilərində müsəlmanların sərbəst dini ibadət, mədəniyyət, siyasi və ana dilində təhsil almaq hüquqlarını təmin etməyi öhdəsinə götürür, Azərbaycana qarşı ərazi iddialarından imtina edirdi. Lakin ermənilərin öz üzərinə götürdükləri öhdəliklərə xəyanət etdilər.
1920-ci il avqustun 10-da isə Rusiya və Ermənistan arasında bağlanmış sazişə əsasən Azərbaycanın Şərur-Dərələyəz bölgəsi Ermənistana verildi, Zəngəzur, Naxçıvan və Qarabağın dağlıq hissəsi mübahisəli ərazi hesab edildi.
1920-ci il noyabrın 30-da “Ermənistanda İnqilab Komitəsinin Ermənistanda Sovet hakimiyyətinin elan olunması haqqında teleqramı” AK(b) P MK Siyasi və Təşkilati bürolarının iclasında müzakirəyə çıxarıldı. Həmin iclasın yekununda qəbul edilmiş qərarın “v” bəndinə görə “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir” kimi absurd qərar qəbul edildi. Bu da azmış kimi, qərarın “q” bəndində Zəngəzur və Naxçıvanın Ermənistana verilməsi, “d” bəndində Qarabağın dağlıq hissəsinə öz müqəddəratını təyin etmək hüququ verilirdi. “j” və “i” bəndlərində isə N.Nərimanova yuxarıda qeyd edilənlərlə bağlı xüsusi bəyanat hazırlamaq və onu Bakı Sovetinin plenumunda bəyan etmək tapşırıldı. Bu qərar Azərbaycanın ərazisinin ilhaqı ilə bağlı ən ədalətsizi idi. Əgər ərazi məsələlərinə “Sovet Azərbaycanı ilə Sovet Ermənistanı arasında heç bir sərhəd mövcud deyildir” kimi beynəlmiləlçi bir kontekstdən yanaşılırdısa onda qərarın “q” və “d” maddələrinə nə ehtiyac var idi? Tarixi və hüquqi baxımdan Azərbaycana məxsus bu torpaqlar Azərbaycanda da qala bilərdi. Onsuz da sərhəd anlayışı bu iki dövlət arasında yox sayılırsa, bəs onda niyə həmin ərazilərin məhz Ermənistana verilməsi lazım bilinirdi? Axı bunun üçün heç yetərli iqtisadi səbəblər də yox idi. Deməli, bu beynəlmiləlçi bənd sadəcə əsil niyyəti ifadə edən “q” və “d” maddələrinə “yumşaldıcı” bir giriş idi. Ermənistanda həm daşnak hökuməti dövründə, həm də sovet hakimiyyəti qurulduqdan sonra Naxçıvanın Azərbaycandan qoparılaraq Ermənistana ilhaq edilməsi üçün çoxsaylı cəhdlər edilsə də, Naxçıvan əhalisinin qətiyyətli mövqeyi bu işin baş tutmasına imkan vermədi.
Naxçıvan Muxtar Respublikasının 75 illiyinin keçirilməsi haqqında Ulu öndər Heydər Əliyevin 1999-cu il 4 fevral tarixli fərmanında da qeyd olunduğu kimi “Naxçıvan əhalisinin 90 faizdən çoxu 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda Naxçıvan mahalının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdir”. Təbii ki, bu məsələdə Türkiyənin Azərbaycana verdiyi dəstəyi xüsusi qeyd etmək lazımdır. Belə ki, türk nümayəndə heyətinin rəhbəri Yusif Kamal bəy Moskvaya yola düşmək ərəfəsində, 1920-ci il dekabrın 13-də Mustafa Kamal paşa ilə görüşərkən “Paşam, ruslar Naxçıvan üzərində israr edərlərsə, nə edək?” deyə soruşduqda M.Kamal paşa: “Naxçıvan türk qapısıdır. Bu xüsusu nəzərə alaraq əlinizdən gələni edin” cavabını vermişdi. Naxçıvanın taleyinə də məhz Türkiyə ilə Rusiya Federasiyası arasında 1921-ci ildə baş tutan Moskva və Qars danışıqları ilə aydınlıq gətirilmiş oldu. Nəticədə isə 1922-ci ilin dekabrında I Zaqafqaziya Sovetlər qurultayı Naxçıvan məsələsi üzrə qəbul etdiyi xüsusi qərarında Naxçıvanı muxtariyyət statusunda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi olduğunu təsdiq etdi.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan muxtar diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsdiq edildi. Nəticədə ermənilərin Naxçıvanın Azərbaycandan qoparılmasına yönəlmiş düşmənçilik fəaliyyətləri boşa çıxdı və Naxçıvanın Azərbaycan dövlətçiliyindəki yeri öz hüquqi həllini tapmış oldu. Naxçıvan MSSR yaradıldığı vaxt ərazisi Qars müqaviləsinin III əlavəsi əsasında 5988 kv.km müəyyən edilmişdi. 1929-cu il fevralın 18-də Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin qərarı ilə Naxçıvana məxsus ərazilərin bir hissəsi, o cümlədən Qorçevan, Qurdqulaq, Horadiz, Ağxəç, Oğbin, Almalı, İtqıran, Sultanbəy kəndləri, həmçinin Kilit kəndi torpaqlarının bir hissəsi əkin sahəsi, otlağı, biçənəyi ilə birlikdə Ermənistana verildi. Beləliklə, 1929-30-cu illərdə Ermənistan SSR-yə verilən ərazilər hesabına Naxçıvan MSSR-in ərazisi azalaraq 5,5 min kv.km oldu. 1930-cu ildə isə Naxçıvan MSSR-in Əldərə, Lehvaz, Astazur, Nüvədi və s. yaşayış məntəqələri Ermənistana verilmiş və həmin ərazidə Mehri rayonu yaradılmışdır.
1921-ci ildə Borçalı qəzasının mərkəzi hissəsi Gürcüstana verildi. 1922-ci ildə Azərbaycanın Qarayazı torpağı iki yerə bölündü. Yuxarı Qarayazı Gürcüstana verildi, Aşağı Qarayazı Azərbaycanın tərkibində qaldı. 1921-ci il iyulun 4-də Rusiya K(b)P Qafqaz Bürosunun iclasında Qarabağın dağlıq hissəsinin Ermənistana verilməsi haqqında qərar qəbul edildi. N.Nərimanovun etirazı ilə iyulun 5-də Qafqaz Bürosu Qarabağın dağlıq hissəsinin Azərbaycan SSR-nin tərkibində, paytaxtı Şuşa olmaqla vilayət muxtariyyəti statusu olan qərar qəbul etdi. 1923-cü il iyulun 7-də Moskvanın təzyiqi ilə Azərbaycan SSR MİK-i Azərbaycanın tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradılması haqqında qərar qəbul etdi. DQMV-nin inzibati mərkəzi Xankəndi seçildi. İki ay sonra isə ermənilər Xankəndinin adını dəyişərək Stepanakert adlandırdılar. 4.161 kv. km. sahəsi olan vilayətin “Əsasnamə”sinə görə Şuşa şəhəri və Xankəndindən 115 kənd, Cavanşir qəzasından 52 kənd, Qaryagin qəzasından 32 kənd, Qubadlı qəzasından Qaladərəsi DQMV-yə verildi. Beləliklə, inzibati-ərazi bölgüsündə aparılan dəyişikliklər nəticəsində 85968 kv. km. ərazisi olan Azərbaycan SSR-in tabeliyində bir Respublika (Naxçıvan SSR ərazisi 5.988 kv. km), bir muxtar vilayət (DQMV-nin ərazisi 4.161 kv. km.) və 13 qəza (Ağdam, Bakı, Gəncə, Göyçay, Cəbrayıl, Qazax, Zaqatala, Quba, Laçın, Lənkəran, Nuxa, Salyan, Şamaxı) yaradıldı.
Azərbaycan ərazilərinə qarşı ermənilərin yeni iddiaları İkinci dünya müharibəsi başa çatan ərəfədə yenidən baş qaldırdı. 1945-ci ilin payızında Ermənistan hakimiyyəti A.Mikoyanın rəhbərliyi ilə Ermənistanda gizli “Qarabağ komitəsi”ni yaratdı, Dağlıq Qarabağın Ermənistana verilməsi tələbi irəli sürüldü, lakin həmin dövr Azərbaycana rəhbərlik etmiş Mircəfər Bağırovun qətiyyəti sayəsində bu tələb rədd edildi. Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkməyən Ermənistan rəsmi dairələri 1952-1953-cü illərdə Gədəbəy rayonunun Tağlar kəndinin Ermənistan SSR-nin Şəmşəddin rayonuna birləşdirilməsi haqqında məsələ qaldırdılar. Lakin erməni iddiaları SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən rədd edildi. Nazirlik məsələni araşdırdıqdan sonra kəndi Gədəbəy rayonunun tərkibində saxladı. Azərbaycan KP MK Bürosunun 1969-cu il 21 may tarixində keçirilən iclasında iki respublika arasında sərhədin coğrafi təsvirinin təsdiqinə dair Azərbaycan Ali Soveti Rəyasət Heyətinin qərar layihəsi bəyənildi. Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin təqdim etdiyi Azərbaycan SSR və Ermənistan SSR arasında sərhədin topoqrafik xəritəsi təsdiq edildi. Erməni dairələri XX əsrin 70-ci illərində “Dağlıq Qarabağ məsələsi”ni yenidən gündəmə gətirsələr də, niyyətlərinə çata bilmədilər. 1977-ci ildə SSRİ, 1978-ci ildə isə Azərbaycan SSR konstitusiyalarının layihələri müzakirə olunarkən ermənilər mərkəzi orqanlara müraciət edərək “Dağlıq Qarabağ məsələsi”ni qaldırdılar. Lakin Sov İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyev bu zaman Krımda istirahət edən Sov İKP MK-nın baş katibi L.İ.Brejnev ilə görüşərək erməni avantüristlərinin əsassız iddialarını puça çıxardı.
XX əsrin 80-ci illərində keçmiş SSRİ-də başlayan “yenidənqurma” və “aşkarlıq” Azərbaycanın DQMV-də milli münaqişə ocağının yenidən alovlanmasına gətirib çıxardı. 1987-ci ilin noyabrında Parisdə Qorbaçovun əlaltılarından olan Aqanbekyanın Dağlıq Qarabağın Ermənistana verilməsinin məqsədəuyğunluğu barədəki bəyanatı ilə başlanmış bu proses Azərbaycan üçün mənfi nəticələr verdi. Əvvəlcə, soydaşlarımız Ermənistan SSR ərazisindən deportasiyaya məruz qaldılar. 1988-ci ilin yanvarında Qafan və Mehri rayonlarında başlayan etnik təmizləmə tədricən Qarabağın dağlıq hissəsində də həyata keçirilməyə başlandı. 1988-1991-ci illərdən indiki Ermənistan ərazisindən 300 minə yaxın soydaşımız deportasiya olundu. 1991-ci il avqustun 8-də Ermənistan SSR-də sonuncu Azərbaycanlı kəndi-Nüvədi boşaldıldı. Ermənistan Respublikası 1990-cı illərin əvvəllərindən başlayaraq Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin tələblərini kobud şəkildə pozaraq Azərbaycan Respublikasına qarşı işğalçılıq siyasəti həyata keçirmiş və hərbi gücdən istifadə edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal etmişdir. Ermənistanda və işğal olunmuş Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı etnik təmizləmə aparılmış, insanlıq əleyhinə cinayətlər və hərbi cinayətlər nəticəsində şəhər və kəndlərimiz viran edilmiş, ölkəmizin təbii resursları talan olunmuş, dövrümüzün ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı törədilmişdir. Xüsusilə də 1990-ci ildə törədilmiş qanlı 20 Yanvar faciəsi Azərbaycan xalqının ərazi suverenliyi uğrunda mübarizəsinin qarşısını almaq məqsədi güdürdü, lakin xalqımızın ortaya qoyduğu möhkəm iradə və 1990-cı il yanvarın 21-də Ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birlikdə olduğunu bildirməsi bir il sonra xalqımızın müstəqilliyini bərpa etməsi ilə nəticələndi.
1991-ci il oktyabrın 18-də qəbul edilmiş “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında yeni Konstitusiyanın hazırlanması nəzərdə tutulsa da, 1991–1993-cü illərdə hakimiyyətin yarıtmaz fəaliyyəti cəmiyyət həyatının bütün sahələrində kəskin böhrana, ölkədə anarxiyanın yaranmasına gətirib çıxarmış, dövlət idarəçiliyi mexanizmləri formalaşdırılmamış, qanunçuluğun, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun təmin edilməsi mümkün olmamışdır. Yalnız 1993-cü ildə xalqın tələbi ilə yenidən hakimiyyətə qayıtmış Ümummilli Lider Heydər Əliyevin böyük xilaskarlıq missiyası sayəsində ölkəmizdə cərəyan edən təhlükəli proseslərin qarşısı alındı, ictimai-siyasi sabitlik təmin edildi və müasir dövlət quruculuğu üçün etibarlı zəmin yarandı.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da 1978-ci il Konstitusiyası qüvvədə qalmaqda davam edirdi. “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının 4-cü maddəsinə görə həmin Konstitusiya yalnız Aktın müddəalarına zidd olmayan hissələr üzrə tətbiq olunurdu. 1993-cü il dekabrın 6-da formalaşdırılan yeni Konstitusiya Komissiyası 1994-cü ildən fəaliyyətə başladı. Konstitusiya Komissiyasına Prezident Heydər Əliyev rəhbərlik edirdi. Ümummilli lider Heydər Əliyev komissiyanın iclasındakı tarixi çıxışında demişdir: “Biz müstəqil Azərbaycan Respublikasının, demək olar, ilk Konstitusiyasını yaradırıq. Çünki 1991-ci ildə qəbul olunmuş müstəqillik haqqında Akt, – biz onu konstitusiya xarakterli bir sənəd kimi qəbul edirik, – konstitusiya olmayıbdır. Bizim yeni Konstitusiyamız, şübhəsiz ki, birinci növbədə Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir.”
Müstəqil Azərbaycanın yeni Konstitusiya layihəsinin hazırlanmasına təşəbbüs göstərən Prezident Heydər Əliyev prosesin sürətləndirilməsi üçün layihənin xüsusi komissiyada müzakirəyə çıxarılmasına dair göstəriş verdi. Prezidentin sədrlik etdiyi bu komissiyaya məhkəmə, icra və qanunvericilik orqanlarının nümayəndələri ilə yanaşı, hüquqşünaslar, fəlsəfə və siyasi elmlər üzrə mütəxəssislər də daxil edilmişdi. Komissiya daxil olan təkliflərin araşdırılması üçün işçi qrup formalaşdırdı. Layihənin ümumxalq müzakirəsini təmin etmək məqsədilə Konstitusiya mətni 1995-ci il oktyabrın 15-də mətbuatda dərc edildi. Toplanan 2450 təklifdən bir hissəsi son variantda nəzərə alınaraq, sənəd 12 noyabrda keçirilən ümumxalq səsverməsi ilə qəbul olundu. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etdi. Bu Konstitusiya dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır.
Konstitusiyanın preambulasında Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması başlıca niyyətlərdən biri kimi bəyan edilmişdir. Lakin Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin 30 ilə yaxın işğal altında qalması Azərbaycan Respublikasının suveren hüquqlarının həmin ərazilərdə tətbiqinə imkan verməmişdir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi Azərbaycan xalqının milli ideyasının əsas məqsədlərindən birinə çevrilmiş, cəmiyyətimizin bütün resursları bu taleyüklü vəzifənin həllinə yönəldilmişdir.
Konstitusiyanın 7-ci maddəsində deyilir: “Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar, suveren respublikadır”. Bu gün həmin maddə demək olar ki, hər bir vətəndaşa yaxşı məlumdur. Lakin orada qeyd olunan hər bir ifadənin arxasında necə möhtəşəm quruculuq proseslərinin dayandığını hər kəsin tam şəkildə təsəvvür etməsi asan deyil. Çünki Azərbaycan dövləti müstəqilliyini əldə etməklə yanaşı, ilk dəfə olaraq milli dövlətçilik, müstəqil, demokratik və hüquqi dövlət quruculuğunu qısa müddətdə və eyni vaxtda həyata keçirmək kimi məsuliyyətli bir vəzifə ilə üz-üzə qalmışdı. Tarixi təcrübəyə baxdıqda isə görünür ki, digər ölkələr bu mərhələləri uzun zaman ərzində, tədrici şəkildə və ardıcıl inkişaf yolu ilə keçmişlər. Lakin Ümummilli lider Heydər Əliyev buna qısa zamanda nail oldu və onun vəfatı belə bu işi yarıda qoymadı. Çünki 2003-cü ildən Azərbaycana Heydər Əliyev yolunun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev rəhbərlik etməyə başladı.
2003-cü ilin payızında Ulu öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət etdi və çıxışı zamanı Qarabağı düşməndən azad etmək və Azərbaycanın ərazi suverenliyini təmin etmək üçün xalqımızı qalib xalqlar sırasına çıxara biləcək Ali Baş Komandanı təqdim etdi. “Mən ona öz varlığım kimi inanıram” deyən Ümummilli lideri Xalq eşitdi və onun vəsiyyətinə əməl etdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Respublikası addım-addım öz ərazi suverenliyini bərpa etməyə başladı. Aprel döyüşləri, Günnüt əməliyyatı, Tovuz döyüşlərində qazanılan qələbə bunun ilk işartıları idi. Öz cəsarəti, qətiyyəti və təcrübəsi ilə Ali Baş Komandan sübut etdi ki, heç bir dövlətin təhdidi və hədəsi onu yolundan döndərə bilməz. Bu haqq işində o, öz xalqına və yetişdirdiyi əsgərlərinə inanır və etibar edir. Belə də oldu.
Aprel döyüşləri və ya Dördgünlük müharibə 2016-cı ilin aprelin 1-dən 2-nə keçən gecə başlayaraq Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında baş vermişdir. Bu döyüşlər zamanı, Azərbaycan Silahlı Qüvvələrinin birləşmələri Goranboy rayonuna və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəklikləri, eləcə də Seysulan məntəqəsini azad edib, Füzuli rayonu istiqamətində yerləşən “Lələ təpə” adlandırılan yüksəkliyə nəzarəti ələ keçirmişdi. Döyüşlər nəticəsində, Azərbaycan Silahlı qüvvələri Ağdərə-Madagiz (Suqovuşan) istiqamətində yolların nəzarətdə saxlanılmasını təmin etmişdir. 31 mart 2017-ci ildə cənab İlham Əliyev Azərbaycan Ordusunun aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçilərlə keçirdiyi görüşdəki çıxışında da bu məqama diqqəti yönəldərək demişdi: “Aprel döyüşləri zamanı onlar beynəlxalq təşkilatlara, ayrı-ayrı ölkələrə müraciət etmişlər ki, döyüşlər tezliklə dayandırılsın. Halbuki Dağlıq Qarabağ məsələsi bizim daxili məsələmizdir. Dağlıq Qarabağ bütün dünya tərəfindən, Minsk qrupunun həmsədr ölkələri tərəfindən Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanınır. Dağlıq Qarabağda və işğal edilmiş bütün torpaqlarda baş verən və baş verə biləcək hadisələr bizim daxili işimizdir.” Aprel döyüşlərindən iki il sonra – 2018-ci ilin mayında Günnüt zəfəri qazanıldı. Əlahiddə Ümumqoşun Ordunun əks-həmləsi nəticəsində “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi. Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu. Azad edilən və dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən Qızılqaya yüksəkliyinin ən böyük strateji əhəmiyyəti ordumuza İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı verməsi idi. Həyata keçirilən əməliyyat nəticəsində paytaxt İrəvanı Ermənistanın cənubu və eləcə də işğal altındakı Qarabağ ərazisi ilə birləşdirən əsas magistral yolun mühüm bir hissəsinin Əlahiddə Ümumqoşun Ordu bölmələrinin bir neçə istiqamətdə tam vizual nəzarəti altına keçməsi mühüm hərbi üstünlük demək idi.
Ermənistan bütün bu dərslərdən nəticə çıxarmadı. Vətən müharibəsindən əvvəl, iyul ayının 12-16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində erməni tərəfi növbəti dəfə təcavüzkar hərəkətə yol verdi. Lakin görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirildi və işğalçı itki verərək geri oturduldu. Tovuz döyüşləri ölkəmizdə xalq və Prezident, xalq və ordu birliyinin yenidən təcəssümünə çevrildi.
Ermənistanın yeni işğalçılıq planlarına, növbəti hərbi təcavüz cəhdinə və ardıcıl təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlamış 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın etmiş və tarixi Zəfər qazanmışdır. Azərbaycan öz torpaqlarını 30 illik işğaldan azad edərək ərazi bütövlüyünün bərpasına və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsinə nail olmuşdur.
2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanmışdır. Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirmişdir. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi tam bərpa edilmişdir. Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Bu gün Azərbaycan Respublikası xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.
Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq.
Ümummilli lider Heydər Əliyev
Anar İsgəndərov, Milli Məclisin Elm və Təhsil komitəsinin sədri