Məşhur Məmmədov: Milli Qurtuluş Günü Azərbaycanın tarixinə qızıl hərflərlə yazılıb
«15 İyun Milli Qurtuluş Günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycan xalqının ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Heydər Əlirza oğlu Əliyevdir». Bu fikirləri Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
M.Məmmədov bildirib ki, müstəqilliyimizin ilk illəri Azərbaycan xalqı üçün çox ağır dövr olub. Tale elə gətirib ki, 1991-1993-cü illər, müstəqilliyimizin ilk illərinə təsadüf etsə də, ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq, avantürist eksperimentlər dövrü kimi xatırlanır. Bütün bunlar isə həmin dövrlərdə yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ilə əlaqədar baş verirdi.
«Belə bir məqamda isə yalnız bir çıxış yolu var idi. Bu çıxış yolu görkəmli siyasi və dövlət xadimi, Yeni Azərbaycan Partiyasının Sədri Heydər Əliyevin Bakıya dəvət olunmasından ibarət idi. Azərbaycan dövlətçiliyinin gələcəyindən narahatçılıq keçirən ziyalılar Ulu Öndər Heydər Əliyevə müraciət etdilər. Əlbəttə ki, sağlam düşüncəli insanlar, ziyalılar AXC-Müsavat hakimiyyətinin Azərbaycanı uçuruma apardığını görürdülər. Ona görə də, onlar haqlı olaraq hesab edirdilər ki, bu vəziyyətdən xalqı yalnız Heydər Əliyev kimi lider xilas edə bilər. Bu müraciətləri nəzərə alaraq Azərbaycan xalqının böyük oğlu 1993-cü il iyunun 9-da Bakıya döndü. Bu dönüş xalqın istəyi, tarixin zərurəti idi. Bu qayıdış insanların qəlbinə bir inam və rahatlıq toxumu səpdi, ölkənin xilas olduğuna inamı artırdı. Beləliklə, Ulu öndər Heydər Əliyevin ikinci dəfə Bakıya qayıdaraq Azərbaycan parlamentinin sədri seçildiyi gün - 15 iyun, tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bu təqvim Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Çünki 15 iyun olmasa idi, nə Azərbaycan, nə də müstəqil dövlət olmayacaqdı. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycan dövlətini, müstəqilliyini, xalqımızın qürurunu, tarixini, bu gününü özünə qaytardı»-deyə, deputat söyləyib.
M.Məmmədovun sözlərinə görə, Heydər Əliyevin Azərbaycanın siyasi hakimiyyətinə qayıtmasının nəticələri o qədər böyükdür ki, bu barədə cild-cild kitablar yazmaq mümkündür. İlk növbədə, Heydər Əliyev ölkədə sabitlik yaratmağa başladı. O ölkədə ki, sabitlik yoxdur, orada inkişafdan danışmaq olmaz. Ulu öndər Özünəxas müdrikliklə qoçu dəstələrini yerində oturtmaqla yanaşı, cənubda “Talış-Muğan respublikası”nı , şimalda separatçı qüvvələri ram etdi. 1994-cü il mayın 12-də atəşkəs imzalandı və respublikanın potensialı inkişafa istiqamətləndirildi. 1994-cü il sentyabrın 20-də 11 transmilli şirkətin iştirakı ilə “Əsrin müqaviləsi” imzalandı. Həmin şirkətlər öz investisiyalarını məhz Heydər Əliyev şəxsiyyətinə, nüfuzuna görə Azərbaycana yönəldirdilər. Çünki həmin vaxtlarda Azərbaycan adında dövlət dünya çapında tanınmırdı. “Əsrin müqqaviləsi” Azərbaycana böyük dvidentlər gətirdi. Bakı-Tbilisi-Supsa, Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan kimi nəhəng neft-qaz dəhlizləri yaradıldı, ölkə inkişafa istiqamətləndi və Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi.
“Bu gün cənab Prezident İlham Əliyev Heydər Əliyev yolunu uğurla davam etdirir. Bunun nəticəsində, Azərbaycan böyük inkişaf yolu keçərək dünyanın ən nüfuzlu dövlətlərindən birinə çevrilib. Şübhə yoxdur ki, müstəqil Azərbaycan bundan sonra böyük nailiyyətlər qazanacaq”-deyə, deputat qeyd edib.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR