Razi Nurullayev Partiyasının adını DƏYİŞDİ
Milli Məclisin deputatı Razi Nurullayev və tərəfdarları təmsil olunduqları siyasi qurumun onlayn qurultayını keçiriblər.
Modern.az-a verilən məlumata görə, qurultay mühüm sənədlər, o cümlədən partiya ilə bağlı qərarlar qəbul edib.
Qeyd edək ki, Razi Nurullayev və tərəfdarları 2015-ci il 18 oktyabrda AXCP adına iddia edərək Etimad Qurultayı keçirmış və Ədliyyə Nazirliyinə müraciət etmişdi.
Lakin nazirlik Razi Nurullayev tərəfdarlarını AXCP kimi rəsmi qeydə almamışdı.
Razi Nurullayev tərəfdarlarının bu gün yaydığı məlumata görə, Azərbaycanda yaranmış yeni siyasi vəziyyətlə əlqaədar yeni yanaşma tələb olunur:
“Bununla əlaqədar AXCP adından imtina edir, siyasi proseslərdə partiya olaraq iştirakımıza hüquqi zəmin yaratmaq üçün Milli Cəbhə Partiyası təsis etdiyimizi elan edirik”.
Yeni siyasi təşkilat hesab edir ki, MCP-nin yaranması ilə siyasi qüvvələr arasında təmərküzləşməyə nail olmaq və bütün siyasi qüvvələrlə qarşılıqlı əməkdaşlıq mümkündür.
Milli Cəbhə Partiyası bəyanat da yayıb:
“- Milli Cəbhə Partiyası Əbülfəz Elçibəyin ideyalarını yaşadacaq və o idealların həyata keçirilməsi uğrunda müxalifət partiyası olaraq fəaliyyət göstərəcəkdir.
- Elçibəy ideya-siyasi irsinin davamçısı kimi Rəsulzadə ideyalarından qaynaqlanaraq, milli dövlət sistemi və bərabərliyi əsas prinsiplərimizdən olacaqdır.
- Azad vətəndaş – azad cəmiyyət sisteminə uyğun olaraq, insan hüquq və azadlıqlarının qorunması, vətəndaşların demokratik cəmiyyətin verdiyi bütün hüquq və azadlıqlardan yararlanması, iqtisadi və sosial təminatı istiqamətində fəaliyyət göstərəcəyik.
- Biz Azərbaycan hakimiyyətinə daxili siyasi idarəetmədə müxalifət olacağıq. Hesab edirik ki, Azərbaycan xalqı daha yaxşı yaşamağa, cəmiyyətimiz dünya standartlarına uyğun təminatlara daha çox layiqdir. Lakin milli məsələlərdə, Qarabağ məsələsində, Azərbaycanın müstəqilliyinə, onun başqa xarici güclərin təsirinə düşməsinin qarşısının alınmasında isə biz hakimiyyətlə rəqib yox, müttəfiq olacağıq. MCP üçün öncə vətən və dövlətdir.
- Milli Cəbhə Partiyası millət partiyası olacaq, dövlətçiliyimizi qoruyacaq siyasi təsisatlardan olmaqla, müasirləşmə, demokratiya, dövlətçilik ənənələrinə sadiq qalacaq. Əsas ideyamız milliləşmə (millət kimi tam formalaşma), demokratikləşmə və müasirləşmədir...
- Elçibəy ideya-siyasi kursunun davamçısı olaraq, MCP-nin əsas hədəflərindən biri də ölkədə vətəndaş birliyi və həmrəyliyi, ərazi bütövlüyümüz və milli dəyərlərin qorunması prinsiplərinə sadiqlikdir.
Milli Cəbhə Partiyası olaraq həm də əsas prioritetlərimiz Azərbaycan dövlətinin inkişafı, inkişafa aparacaq milli dəyərlərimizin qorunması, liberal iqtisadiyyatın yaranması, azad cəmiyyətin və demokratik mühitin tam formalaşması yolunda fəaliyyət olacaq”.