AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün dünyanın diqqətinin Qafqaza yönəldiyi bir dövrdə Paşınyanın özünü gülünc vəziyyətə salması, Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsinə təkan verəcək

  • + A
  • - A
  • 14-08-2020, 22:17

    Bu gün dünyanın diqqətinin Qafqaza yönəldiyi bir dövrdə Paşınyanın özünü gülünc vəziyyətə salması, Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsinə təkan verəcək


    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Bu gün yenə Ermənistanla bağlı rüsvayçı xəbərlər dünya mediasında manşetləri bəzədi. Baş nazir Nikol Paşinyan özünü növbəti dəfə BBC televiziyasının “HARDTalk” proqramında rüsvay etdi. Veriliş boyu məşhur teleaparıcı Stiven Sakurun obyektiv və faktlara əsaslanan sualları qarşısında aciz vəziyyətə düşən Paşinyan bir daha siyasi bilik və hazırcavablıq baxımından çox primitiv olduğunu nümayiş etdirdi.
    Yaqin videolardan da izlədiniz, verilişin əvvəlində aparıcının “Artıq böyük ümidlərlə hakimiyyətə gəldiyiniz "böyük məxməri inqilab" adlanan inqilabdan iki il ötür. Mən bu gün Ermənistana baxanda görürəm ki, ermənilərin böyük əksəriyyətinin ümidləri puç olub. Səhv nədə oldu?” sualına cavabında N.Paşınyan ruhi xəstələr kimi, heç özünün də inanmadığı “nailiyyətlərdən”, yuxuda gördüyü beynəlxalq reytinqlərdə qazanılan “uğurlardan” danışdı. O unutdu ki, bu gün nəinki beynəlxalq ictimaiyyət, həmçinin məşhur teleaparıcı Stiven Sakur da yaxşı bilir ki, Ermənistanda insan hüquq və azadlıqları kobud şəkildə pozulur, jurnalistlər, siyasətçilər təqib və həbs olunur, ölkədə rüşvətxorluq, korrupsiya halları durmadan artır. Paşinyan isə utanmadan “nailiyyətlərdən” dəm vurdu.
    Stiven Sakur növbəti sualında isə Paşinyan işğalçı və faşist mahiyyətini bir daha ifşa etdi. “Sizin idarəetmənizdə bir çox insanların gözlədiyi kimi hər hansı bir dəyişiklik olmadı. Siz Azərbaycan ilə sülhə nail olmaq üçün hakimiyyətə gəldiniz. Lakin ötən ay biz yeni toqquşma, yeni münaqişə gördük” - sualına Paşinyan özünün qeyri-səlis ingiliscəsi ilə bütün dünyaya məlum olan bu faktdan yayınmağa çalışdı. Aparıcı isə dərhal müdaxilə edərək bildirdi: “Cənab baş nazir, lakin fəaliyyət sözlərdən daha güclü səslənir. Biz iyulun ortalarında gördük ki, Ermənistan silahlı qüvvələri sərhəd boyunca kəndlərə atəş açır. Azərbaycana istinadla biz gördük ki, 76 yaşlı mülki vətəndaş qətlə yetirildi. Əlbəttə ki, bundan sonra daha da uzanan hərbi toqquşmaya gətirib çıxaran cavab atəşi açıldı. Bir daha qeyd etmək istəyirəm ki, sizin siyasətiniz sülhün bərqərar olması üçün hesablanmayıb”. Paşinyan yenə də bu suala cavab tapmır və kəkələyərək nəsə demək istəyir. Lakin hər zaman olduğu kimi, heç bir fakta, sənədə əsaslanmayan, siyasi reallığa uyğun olmayan fikirlər səsləndirməklə nə qədər savadsız və məntiqsiz olduğunu bütün dünyaya nümayiş etdirir.
    Sevindirici haldır ki, Stiven Sakur BMT Təhlükəsizlik Şurasının sənədlərinə istinad edərək açıq şəkildə Paşinyanı sülhməramlı olmamaqda, Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməkdə, həmçinin işğal olunmuş torpaqlara qanunsuz səfərlərə görə ittiham etdi, Paşinyanın strategiyasında mənalı sülh elementinin olmadığını vurğuladı. Ardınca isə Ermənistan silahlı qüvvələrinin 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri xatırlatdı və Paşinyana “bunları etiraf etməyə və Azərbaycan xalqından üzr istəməyə hazırsınızmı?” sualını verdi. Aparıcı dəfələrlə sualı təkrarlasa da, Paşinyandan cavab ala bilmədi: “Mən sadəcə erməni hərbçiləri tərəfindən törədilən cinayətlərə görə məsuliyyəti öz üzərinizə götürməyə və üzr istəməyə hazır olub-olmadığınızı bilmək istəyirəm. Bu, çox sadədir: Bəli və ya xeyr?”. Əlbəttə ki, faşist ideologiyasına xidmət edən Nikol Paşinyanın özündə cəsarət tapıb Azərbaycan xalqından üzr istəyəcəyini düşünmək absurd olardı.
    Bu rüsvayçı müsahibə bir daha dünyaya Paşinyanın nə dərəcədə savadsız, səriştəsiz, xəyalpərəst “siyasətçi” olduğunu göstərdi. İnanırıq ki, bu uğursuz müsahibənin də Azərbaycanın haqq səsinin dünyada eşidilməsində, ermənilərin işğalçı kimi tanınmasında rolu olacaq. Hazırki dövrdə - bütün diqqətlərin Qafqaza yönəldiyi bu dövrdə Paşınyanın özünü gülünc vəziyyətə salması, erməni xalqını boş ümidlərlə 2 il aldatması onun gələcək kariyerasının sonunun gəlməsinə və Azərbaycanın haqq səsinin bütün dünyada eşidilməsinə səbəb olacaq. Artıq dünyanın güc dövlətləri Azərbaycanın haqq səsini eşidir, Qarabağın Azərbaycan torpağı olduğunu, işğala məruz qalmasını qəbul edirlər. Bu da cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsidir. Bu yaxınlarda cəbhə bölgəsində şəhid ailələri ilə, sərhəd zonasında əhali ilə görüşəndə əhalinin əzmini, cənab Prezidentin arxasında necə inamla dayandıqlarının şahidi olduğumdan inamla deyirəm ki, cənab Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımız tezliklə işğaldan azad olacaq!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR