Xalqımız üçrəngli bayrağımızın tezliklə Şuşada ucaldılacağına əmindir
Xilaskar ordumuzun Qarabağı və ətraf rayonları erməni işğalından azad etmək uğrunda müqəddəs savaşı davam edir. Sentyabrın 27-dən Ermənistanın hərbi təxribatına cavab olaraq zəfər yürüşünə başlayan Azərbaycan əsgəri tarixi ədalətin bərpası üçün bütün cəbhə boyu Ermənistan silahlı qüvvələri tərəfindən otuz ilə yaxın işğal altında saxlanılan ərazilərimizi azad edir. Haqq yolunda haqq savaşı aparan əsgərlərimizin döyüş ruhu, qələbə əzmi həm cəmiyyətimizin daxilində özünəinam hissini, həm də Silahlı Qüvvələrimizə xalqımızın etimadını daha da artırır.
Milli Ordumuzun Suqovuşanda Azərbaycan bayrağını qaldırması, onlarla kəndi, Cəbrayıl şəhərini və bir çox strateji əhəmiyyətli yüksəklikləri işğaldan azad etməsi göstərdi ki, ermənilərə yerini bildirməyə ən yaxşı təsir vasitəsi gücdür. Vətən müharibəsinin önündə gedən mərd əsgər və zabitlərimiz ermənipərəst dairələrə, həm də bütövlükdə beynəlxalq ictimaiyyətə sübut edir ki, daşnak Andronikin, faşist Njdenin törəmələri torpaqlarımızda at oynada bilməz!
Bu gün Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən öz məğlubiyyətini güya “taktiki geri çəkilmə” ilə ört-basdır etməyə çalışır. Halbuki Ermənistan silahlı bölmələri ilə müqayisəyəgəlməz dərəcədə Milli Ordumuzun güclü olduğu göz önündədir. Artıq bu faktı Rusiya və Qərbi Avropanın telekanallarına ayaqüstü müsahibələrində Qarabağın mərkəzində - Xankəndidə yaşayan sadə ermənilər də etiraf edirlər. Hətta İrəvanda erməni anaları övladlarının Azərbaycan ərazisində həlak olmasına etiraz edirlər. Ona görə indi Ermənistan ordusunun fəlakətdən qurtulmasının yeganə yolu işğal olunmuş torpaqlarımızdan dərhal çıxmasıdır.
Çox təəssüf ki, Ermənistanın silahlı qüvvələri geri çəkilsə də, bilərəkdən uzaq məsafədən mülki vətəndaşlarımızı hədəfə alır, Azərbaycanın mülki obyektlərini atəşə tutur. Bu da faşizm siyasətini dövlət
səviyyəsinə qaldıran Ermənistan rəhbərliyi tərəfindən törədilən müharibə cinayətidir və beynəlxalq hüququn norma və prinsiplərinin kobud şəkildə pozulmasıdır. Bu günə kimi 31 mülki vətəndaşın qətlə yetirilməsi, 150-dən çox dinc sakinin yaralanması, minə yaxın yaşayış evinin dağıdılması ermənilərin insanlıq dramlarından doymayan terrorçu və antibəşəri mahiyyətindən xəbər verir.
Lakin düşmən məkrli niyyətlərindən əl çəkməsə belə Ermənistan rəhbərliyinin qorxu hissi aydın hiss olunur. Azərbaycanı öz haqq mübarizəsindən çəkindirmək, ordumuzun zəfər yürüşünü durdurmaq, atəşkəs üçün Rusiya başda olmaqla Qərbi Avropanın liderlərini dəfələrə dilə tutur. Ölkəmizin rəhbəri döyüşləri dayandırmağa, Azərbaycanı yenidən mənasız sülh danışıqlarına cəlb etməyə çalışan dövlətlərə üz tutaraq bildirib ki, qoy Paşinyan etiraf etsin ki, Qarabağ Azərbaycandır. Bundan sonra bizim şərtlərimizlə döyüşləri dayandırmaq mümkündür.
Geri oturdularaq xeyli itki verən düşmənin işğal etdiyi ərazilərdəki komanda-qərargah məntəqəsi, silah- sursat anbarlarının, müxtəlif döyüş maşınlarının hərbçilərimizin dəqiq atəşi ilə darmadağın edilməsi və qənimət kimi ələ keçirilməsi ordumuzun yüksək texniki-taktiki hazırlığını bir daha təsdiqləyir. Müdafiə Nazirliyinin müharibənin gedişi barədə verdiyi məlumatlar Azərbaycan cəmiyyətində qürur hissi doğurur. Əslində bu gün hamımız əsgərik. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva "instagram" səhifəsində paylaşımda bildirdiyi kimi, biz baş verənləri sadəcə kənardan müşahidə edə bilmərik: “Bizim hər birimiz Böyük Qələbə anını yaxınlaşdırmaq üçün əlimizdən gələni etməyə borcluyuq. Deməli, biz hamımız erməni yalanını ifşa etmək üçün maksimum səy göstərməyə borclu olan əsgərlərik.”
Bəli, bu gün əsgər paltarı geyinərək Vətənin ərazi bütövlüyünü bərpa etmək hər bir azərbaycanlı üçün nə qədər şərəfli və məsuliyyətlidirsə, Azərbaycanı özünün Vətəni hesab edən hər kəsin erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında həqiqətləri bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmaq da bir o qədər
önəmlidir. Çünki kiçikdən -böyüyə hamımız müqəddəs torpaqlarımızın düşmən işğalından tam azad olunacağı günün həsrətindəyik. “Hər quşa öz yuvası şirin olduğu kimi, hər insana da öz Vətəni şirindir" deyən ulularımız həmişə qərinələr boyu el-obanın igidlərini ayıq- sayıq olmağa, "düşmən yatmır" deyə ehtiyatı əldən verməməyə çağırıblar.
İndi ön cəbhələrdə əsgərlərimiz gecə-gündüz yatmadan erməni faşizminə qarşı mərdliklə vuruşur, igidlik göstərirlər. Hazırda döyüşlərin baş verdiyi ərazilərdə əməliyyat şəraiti Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. Hər gün düşmənin onlarla canlı qüvvəsi, döyüş texnikası məhv edilir. 10-a yaxın erməni quldurları ilə təkbaşına əlbəyaxa döyüşə girən 19 yaşlı Cəbrayıl Dövlətzadənin qəhrəmanlığı Azərbaycanda dillər əzbəridir. Düşmənin bir generalını və iki polkovnikini təkbaşına məhv edən Azərbaycanın bu mərd oğlu general Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Anar Novruzov və onların şəhid silahdaşlarının qisasını alıb. 4 il əvvəl Aprel döyüşlərində Ermənistanın 6 tankını vuran gizir Tahir Misirxanov isə bu il sentyabrın 27-dən başlanan Vətən müharibəsində bu günə kimi düşmənin daha 11 tankını vurub. Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun şəhid olduğu posta əsgərlərimizin Azərbaycan bayrağı sancması Mübariz başda olmaqla bütün şəhid qəhrəmanlarımızın ruhuna gözaydınlığı oldu.
Addımını inamla atan mübariz Azərbaycan əsgəri, Vətən səndən bu gün də hünər və rəşadət gözləyir, qaldır zəfər bayrağını! Qələbə sorağın tezliklə Şuşamdan gəlsin! Uca Tanrı səni qorusun!
Nurəddin ƏDİLOĞLU