AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyevin bəşəriyyət üçün önəmli təşəbbüsü - TƏHLİL

  • + A
  • - A
  • 6-11-2020, 17:43



    Bu günə qədər BMT-nin tarixində 31-i Xüsusi Sessiya keçirilib. Amma onlardan yalnız üçü dövlətlər tərəfindən çağırılıb. Xüsusilə vurğulanması gərəkən məqam isə Azərbaycanın təklifinin yüksək qiymətləndirilməsididr. Belə ki, Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli təşəbbüsü ilə BMT tarixində bir ilkə imza atıb.

    Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-ya üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilib. Bu təşəbbüs isə həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənib. Azərbaycanın bu təklifinə 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə edib.

    Sözügedən Xüsusi Sessiya rəsmi olaraq bu ilin iyul ayının 10-da öz işinə başlayıb. Çoxsaylı müzakirələr zamanı Xüsusi Sessiyanın sədrliyi, keçirilmə qaydaları və digər önəmli məsələlər haqda qərarlar verilib. Müzakirələrin sonunda 5 noyabr 2020-ci il tarixində BMT Baş Assambleyası öz plenar iclasında “Koronavirus xəstəliyi (Covid-19) pandemiyasına cavab olaraq Baş Assambleyanın Xüsusi sessiyası” ilə bağlı qətnaməni qəbul edilib. Qətnamə səsverməyə qoyulub və 150 ölkə bu qətnamənin lehinə səs verərək Prezident İlham Əliyevin təşəbbüsünü növbəti dəfə dəstəkləyib. Qətnaməyə əsasən, Azərbaycan Respublikasının Prezidenti tərəfindən QH üzv ölkələri adından irəli sürülən təşəbbüs əsasında BMT Baş Assambleyasının COVID-19-a qarşı mübarizəyə həsr olunmuş, Dövlət və Hökumət başçıları səviyyəsində xüsusi sessiyasının bu ilin 3-4 dekabr tarixləridə keçirilməsi qərara alınır.

    Ermənistan isə öz riyakar niyyətindən əl çəkmir. Hətta qlobal təhdid ilə mübarizədə belə öz çirkin niyyətindən əl çəkməyən Ermənistan, bütün dünya birliyi COVİD-19 pandemiyasına qarşı vahid mövqe nümayiş etdirdiyi halda, əvvəldən bu təşəbbüsə qarşı çıxıb. Bu qətnamə ilə bağlı müzakirələrdə də Ermənistan ona qarşı çıxıb və lehinə səs verməyib. Ermənistan sonuna kimi bu təşəbbüsə qarşı maneələr yaratmağa çalışıv, lakin beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə üzləşdiyi üçün onun bu cəhdləri rədd edilib. Baş tutacaq bu mühüm tədbirin açılış hissəsində BMT BA-nın Prezidenti, Baş katibi, İqtisadi və Sosial Şuranın Prezidenti və Təhlükəsizlik Şurasının Prezidenti ilə yanaşı, Qoşulmama Hərəkatının adından onun sədri qismində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də çıxışı nəzərdə tutulur. Ermənistan rəhbərliyi tədbirin açılış mərasimində Qoşulmama Hərəkatının sədrinin çıxışının olmaması üçün əlindən gələni edib. Lakin təbii ki, onların heç bir cəhdi bunun qarşısını ala bilməz. Onlar bu dəfə də öz istəklərinə nail ola bilməyiblər.

    Onu qeyd edək ki, COVID-19 pandemiyası kimi qlobal təhdidə qlobal bir cavab mütləqdir. BMT isə bütün dünya dövlətlərinin təmsil olunduğu ən böyük beynəlxalq platforma kimi bu cavabın təşkilində mərkəzi rol oynamalı idi. Bu istiqamətdə BMT-dən gözləntilər kifayət qədər çoxdur.

    Təəssüf ki, pandemiyanın ilk günləri göstərdi ki, BMT effektiv şəkildə bu təhdidə qarşı mübarizəni təşkil edə bilmədi, xüsusilə də BMT Təhlükəsizlik Şurası. Onlar öz effektivliyini nümayiş etdirə bilmədi və bu vacib məsələ ilə bağlı vahid mövqe formalaşdırılmadı. Sanki BMT və onun Təhlükəsizlik Şurası sadəcə texniki məsələləri müzakirə etdiyindən pandemiyaya qarşı mübarizənin kənarda qaldığı düşünülürdü.

    Onların əsas müzakirə predmeti pandemiya dövründə iclasların necə keçirilməsi, onlayn formatda müzakirələrin necə təşkil olunması idi. BMT prosedur qaydalarının girovuna çevrilib. Məhz Prezident İlham Əliyevin vaxtında irəli sürülmüş təşəbbüsü həm Qoşulmama Hərəkatının üzvlərini, həm də bütün BMT-ni sanki səfərbər etdi və aktiv şəkildə pandemiyaya qarşı müzakirələrə başlanıldı.

    Bu məsələdə, daha dəqiq desək, pandemiyaya mübarizədə qlobal liderlik rolunu məhz Prezident İlham Əliyev öz üzərinə götürdü. Bu vacib missiyanı öz üzərinə götürən İlham Əliyev inamla BMT-nin fəaliyyətinə təkan verdi deyə bilərik. Bu təşəbbüs pandemiyaya qarşı mübarizədə müstəsna əhəmiyyətə malikdir və inanırıq ki, bu müzakirələr nəticəsində bəşəriyyəti pandemiyanın əlindən xilas edə biləcək önəmli qərarlar veriləcək.

    Bu prosesdə BMT-dən sonra ikinci ən böyük təsisat olan Qoşulmama Hərəkatı (QH) da böyük rol oynadı. QH üzvləri Prezident İlham Əliyevin təşəbbüsünü ilk gündən dəstəklədilər. Nəzərə alınmalıdır ki, QH-nın beynəlxalq aləmdə böyük rolu və çəkisi vardır. Hazırda Azərbaycan bu önəmli beynəlxalq təsisata uğurla sədrlik edir və pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində BMT Baş Assambleyasının Xüsusi Sessiyasının açılış mərasimində QH sədri kimi Prezident İlham Əliyevin çıxışı ölkəmizin QH-yə sədrliyinin növbəti böyük uğuru olacaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR