AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qubadlının dirçəlişi Şərqi Zəngəzurdakı quruculuq məqsədlərinin uğurla reallaşdırılmasının təcəssümüdür

  • + A
  • - A
  • Bu gün, 09:48

    Qubadlının dirçəlişi Şərqi Zəngəzurdakı quruculuq məqsədlərinin uğurla reallaşdırılmasının təcəssümüdür


    Xanlar Fətiyev,
    Milli Məclisin deputatı

    25 oktyabr xalqımızın tarixində əlamətdar günlərdən biridir. 2020-ci ilin məhz bu tarixində Azərbaycan Silahlı Qüvvələri Qubadlı şəhərini işğaldan azad edərək Vətən müharibəsində növbəti strateji uğura imza atdı. Qubadlı şəhərinin və bütövlükdə rayonun azad olunması bir daha göstərdi ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin və ordumuzun Zəfər yürüşünün qarşısında heç bir maneə duruş gətirə bilməz. 25 oktyabr tarixi isə Prezident İlham Əliyevin sərəncamına əsasən təqvimə Qubadlı Şəhəri Günü kimi həkk olundu.
    Qubadlı 1988-ci ildən, Ermənistanın Azərbaycana qarşı əsassız iddialarının baş qaldırdığı vaxtdan silahlı təcavüzlə üzə-üzə idi. Bunun da səbəbi rayonun bir tərəfdən Ermənistan (120 km), digər tərəfdən separatçıların nəzarətində olan keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti (45 km) ilə həmsərhəd olması idi. İki istiqamətdən ermənilərin hücumlarına məruz qalmalarına baxmayaraq, qubadlılılar işğal gününə, 1993-cü il avqustun 31-ə qədər düşmənə qarşı layiqincə müqavimət göstərmişdilər.
    İşğal nəticəsində rayonda 94 yaşayış məntəqəsi, 7 278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekt, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü, 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar, 18 ədəd dəyirman ermənilər tərəfindən dağıdılmış və yararsız vəziyyətə salınmışdı. Rayonun 30 min nəfər sakini isə məcburi köçkün kimi respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti məskunlaşdı.
    Qubadlıda işğal dövründə Ermənistan tərəfindən qanunsuz məskunlaşdırma da həyata keçirilmişdi. Burada xaricdən köçürülən ermənilər üçün qəsəbə salınmışdı. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşmanın aparılması cinayət hesab olunur.
    Qubadlı sakinləri də doğma yurdun azad edilməsinə olan inamlarını heç vaxt itirmədilər. Vətən müharibəsində şəhər və rayonlarımızın bir-bir azad olunması ondan xəbər verirdi ki, tezliklə cənab Prezident, Ali Baş Komandan İlham Əliyev Qubadlının da azad edilməsi müjdəsini çatdıracaq. 2020-ci il oktyabrın 20-də Zəngilanın azad edilməsindən sonra qəhrəman ordumuzun Qubadlı istiqamətində hücum əməliyyatlarını davam etdirməsi üçün əlverişli zəmin formalaşdı.
    Qubadlı işğal dövründə birbaşa cəbhə xəttində yerləşməsə də, düşmən burada güclü müdafiə mövqeləri yaratmışdı. Lakin heç bir maneə ordumuzun qarşısını kəsə bilməzdi. 2020-ci il oktyabrın 23-də rayonun Zilanlı, Kürd Mahruzlu, Muğanlı və Alaqurşaq kəndləri azad olundu. Oktyabrın 25-də isə Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlı şəhərinin və rayonun daha bir neçə kəndinin azad olunması müjdəsini xalqımıza çatdırdı. Ümumilikdə isə Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatları nəticəsində 2020-ci il noyabrın 9-dək Qubadlının 42 yaşayış məntəqəsi işğaldan azad olundu.
    Rayonun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Silahlı Qüvvələrinin 15 209 hərbi qulluqçusu Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edildi.
    Əvvəldə qeyd etdiyim kimi, Qubadlı işğal zamanı erməni vandallığına məruz qalıb. 2021-ci il oktyabrın 25-də Qubadlının azad olunmasının birinci ildönümündə rayon ictimaiyyətinin nümayəndələri ilə görüşən Prezident İlham Əliyev deyib:
    “Sizin bir çoxunuz ilk dəfədir ki, Zəfərdən sonra Qubadlıya səfər edirsiniz və görürsünüz ki, düşmən hər tərəfi dağıdıb. Qubadlı şəhəri demək olar ki, yerlə-yeksan edilib, bir salamat bina yoxdur. Sadəcə olaraq, erməni hərbçiləri öz məqsədləri üçün bir neçə binadan istifadə etmişdir, onlar da bərbad vəziyyətdə idi. Mən bura keçən il dekabr ayında gələndə gördüm ki, onlar da bərbad vəziyyətdədir. Ona görə də biz Qubadlı rayonunun bütün kəndlərini, o cümlədən Qubadlı şəhərini yenidən quracağıq”.
    Cənab Prezidentin 5 il əvvəl söylədiyi bu fikirlər bu gün Qubadlının quruculuğu istiqamətində aparılan işlərdə layiqincə öz təsdiqini tapır. İşğaldan azad edilmiş digər şəhər və rayonlarımız kimi hazırda Qubadlı da böyük tikinti meydanını xatırladır.
    Qubadlının da bərpası və yenidən qurulması yeni infrastrukturun yaradılmasından başlayıb. İşğala qədər Qubadlı rayonunun elektrik enerjisinə olan ümumi tələbatı 12 MVt olmaqla bir ədəd 110 kV-luq yarımstansiyadan qidalanıb. Lakin tezliklə 47 mindən çox sakinin məskunlaşması proqnozlaşdırılan Qubadlıda inkişaf istiqamətləri nəzərə alınmaqla 2040-cı ilədək elektrik enerjisi tələbatının 38 MVt-dan artıq olacağı gözlənilir. Hələ beş il əvvəl Prezident İlham Əliyevin iştirakı ilə açılışı olan sistem əhəmiyyətli “Qubadlı” yarımstansiyasının inşası zamanı bu amil nəzərə alınıb.
    Rayonun yol infrastrukturu da yenidən qurulur. Hazırda inşası davam etdirilən Xudafərin–Qubadlı–Laçın, Qubadlı–Eyvazlı, Qubadlı–Mahmudlu–Yazdüzü–Ermənistan sərhədi və yeni Qubadlı–Laçın avtomobil yolları Qubadlının və bütövlükdə Şərqi Zəngəzurun inkişafına, regionun iqtisadi potensialının hərəkətə gətirilməsinə töhfə verəcək.
    2023-cü ildə Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagirdin təhsil alacağı tam orta məktəb binasının və mərkəzi xəstəxana binasının təməli qoyulub. Qubadlı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı da təsdiq edilib. Habelə rayonun Xanlıq, Mahruzlu və Zilanlı kəndləri yenidən qurulur.
    Həkəri və Bərgüşad çaylarının keçdiyi Qubadlının su ehtiyatları da böyükdür. Ona görə rayonda “Zabuxçay” və “Bərgüşadçay” su anbarları da inşa olunur. Su anbarlarının istifadəyə verilməsi ilə Qubadlı və Zəngilan rayonlarında on minlərlə hektar torpaq fasiləsiz suvarma suyu ilə təmin ediləcək.
    Dağlıq ərazidə yerləşməsinə baxmayaraq, Qubadlıda aparılan bərpa və quruculuq işləri əzəmətlidir. Ona görə Qubadlı azad olunmasının 6-cı ildönümünü yeni uğurlarla qarşılayır. Bir vaxtlar düşmənin viran qoyduğu bu torpaqlarda indi həyat yenidən canlanır, müasir infrastruktur yaradılır, doğma yurda qayıdış üçün möhkəm təməl formalaşdırılır. Qubadlının dirçəlişi Böyük Qayıdış strategiyasının qürurdoğuran göstəricisi və qarşıya qoyulan quruculuq məqsədlərinin uğurla reallaşdırılmasının təcəssümüdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR