AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yaralı əsgərləri “oğlum” deyə bağrına basan Həbibə ana

  • + A
  • - A
  • 3-12-2020, 09:58



    Nurəddin ƏDİLOĞLU yazır.

    İbo təxəllüslü yaralı döyüşçünün anası Həbibə Qasımovanın nigarançılığı barədə qardaşı Məhərrəm İbrahimlinin dilindən eşitdiklərim mənə Xalq şairi Süleyman Rüstəmin 1941 - 1945-ci illər müharibəsi dövrünün arxa cəbhədəki əhvali-ruhiyyəsini əks etdirən “Ana və poçtalyon” şeirini xatırlatdı

    İkinci Dünya müharibəsinin ağrı-acılarını yalnız kinolarda görüb, kitablardan oxuduğumuz illərdə həmin şeiri Azərbaycan televiziyasında Vera Şirye adlı yaşlı aktrisa tez-tez ifa edərdi. Elə bil rəhmətlik Süleyman Rüstəm “Ana və poçtalyon” şeirini Azərbaycan dilinə sonsuz sevgisi olan o qiraətçi aktrisanın qaltanlı, məlahətli səsi üçün yazmışdı. Cəbhədə döyüşən oğlundan məktub gözləyən bir ananın poetik obrazı həm də bu gün 44 günlük Vətən müharibəsində erməni işğalından azad olunmuş doğma Qarabağda üçrəngli bayrağımızı əzəmətlə dalğalandıran, Vətən, torpaq, millət uğrunda canını fəda etməkdə bir an belə tərəddüd etməyən oğulların yolunu gözləyən ana və bacıların, nişanlı qızların nəcib duyğularını, Azərbaycan xanımına xas mənəvi keyfiyyətlərini, vətənpərvərliyini bir daha göz önündə canlandırır.

    “Salam ana, sənə bu məktubu Füzulidən hərbi xəstəxanadan yazıram. Yüngül yaralanmışam, narahat olma, əksinə, sevin ki, mənim kimi oğul böyütmüsən. Füzuli şəhərinin işğaldan azad edilməsində mənim də payım var, buna cox sevinirəm. Çünki Birinci Qarabağ müharibəsində kəndimizdən Saiq Qənbərovun şəhid olduğu Alxanlı kəndinı, Rüstəm Qasımovla Fədail Abbasovun şəhid olduqları Horadizi erməni faşistlərindən azad etmişik...”

    Könüllü döyüşçü İbrahim Qasımov bu ismarıcı mobil telefonu ilə ilk dəfə anası Həbibə xanıma yollayıb. O, 2016 –ci ildə Aprel döyüşlərində iştirak edən qardaşı Şəmsəddinə görə anasının çəkdiyi iztirabların günlərlə şahidi olmuşdu. Ona görə də indi anasını çox intizarda saxlamaq istəmirdi. İbrahim tezliklə sağalır və yenidən Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərə qatılır. Çox çəkmir ki, yenə anasına yazır: “Salam ana, şükür Allaha, sağalmışam, bu gün də Cəbrayılı işğaldan azad etdik, sevincimin həddi-hüdudu yoxdur. Axı, 1993-cü ildə rəhmətlik Əsgər kişinin oğlu Zaur buradakı döyüşlərdə

    itkin düşmüşdü... Ana, ücrəngli qələbə bayrağımızı Cəbrayıl şəhərində dalğalandıran əsgərlərin cərgəsində mən də var idim. İndi hərbi hissəmizin bir bölüyü Zəngilanı, biz isə Qubadlını azad etməyə hazirlaşırıq. İnşallah, tezliklə qələbə xəbərini birinci sənə yazacam!..”

    Həbibə xanım bir neçə gün gözləsə də, oğlundan soraq gəlmir. Bir axşam Ali Baş Komandan televiziya vasitəsilə xalqa növbəti şad xəbəri verdi: “Qubadlı şəhəri işğaldan azad olundu!”

    Ana hamı kimi bu şad xəbərə sevinsə də, oğlundan soraq ala bilməməsi onu çox narahat edirdi. İntizardan sarsılan ana hətta mobil “poçtalyonu” qınayırdı . Günlərin bir günü telefonuna gələn zəng Həbibə xanımın nigarançılığına son qoyur, danışan oğlu idi: “Bağışla ana, sənə xəbər verə bilmədim. Qubadlıya daxil olanda yaralanmışam. Yoldaşlarımın köməyi ilə döyuş bölgəsindən cıxarılıb qospitala gətirildim. Darıxma ana, yaram ağır deyil. Həkimlər yaxşı baxırlar, deyirlər, inşallah tez sağalacaqsan!”

    Aradan çox keçmir ki, İbrahim atası Seyrana da zəng edir. “Salam ata, məni beş yaralı əsgərlə birgə Neftçaladakı qospitala gətirirlər. Anam bilsə, evdə qərar tuta bilməyəcək. Sən özün onu gətir ki, öz gözləri ilə sağ-salamat olduğumu görsün...”

    Ana o gün Masallıdan Neftçalaya bir saatlıq yolu sanki bir günə qət etdi. Düşünürdü ki, bəlkə oğlu çox ağır vəziyyətdədir. Təcili yardım maşını xəstəxananın qarşısında dayandı. Yaralıları bir-bir palataya aparanda ana hamısını bağrına basıb “oğlum” deyə, öpüb-oxşayırdı. Birdən o, “İbo” deyib qışqırdı. Sən demə, İbrahim bu dəfə çox ağır yaralanıbmış...

    Yaralı əsgərimizin dayısı Məhərrəm İbrahimli uzun müddət Masallı Rayon İcra Hakimiyyəti başçısının Xırmandalı kəndi üzrə ərazi nümayəndəsi vəzifəsində çalışıb. Deyir ki, ərazimizdən 102 nəfər Vətən uğrunda döyüşlərdə iştirak edib. Onlardan 85 nəfəri bizim Xırmandalı kəndindəndir. Əksəriyyəti kimi, bacım oğlu İbrahim Qasımov da sentyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək döyüşlərə könüllü qatılmışdı. İbrahim hazırda sağalıb, Beyləqanda N saylı hərbi hissədə xidmətini davam etdirir. M. İbrahimli qeyd etdi ki, Birinci Qarabağ savaşında Xırmandalı kəndindən 5 nəfər şəhid olub, iki nəfər itkin düşüb. İtkin düşənlərdən biri Azərbaycanda tanınmış mərhum tərcüməçi –alim Əziz Gözəlovun oğludur. Üç əcnəbi dil bilən Nasir də Qarabağ uğrunda döyüşə könüllü yollanmışdı. Onun döyüş yolu haqqında kitab yazılıb. Kəndin digər

    şəhidi Xıdır Məmmədov haqqında isə “Fədakar” adlı sənədli film çəkilib. Məhərrəm İbrahimli onu da vurğuladı ki, Xırmandalı kəndinin bünövrəsi cəsur ürəkli, mərd kişilər tərəfindən qoyulub: “İkinci Dünya müharibəsində kəndimizin 150 nəfər övladı iştirak edib, onlardan 73 nəfəri qanlı-qadalı cəbhələrdən geri qayıtmayıb. Bu gün Vətən uğrunda döyüşlərə qatılan Xırmandalı kəndinin gəncləri də həmin qoçaq kişilərin nəvə-nəticələridir. Könüllü döyüşçülərdən Hüseyn Hüseynli, Elçin Fətullayev, Əhəd Həmidli, İbarət Mehdiyev, Asim Qasımov, Əlimərd İmanzadə, Elmar, Elcan, Elmin Babaşovlar, Əmrah və Səddam Abışov qardaşları, Elməddin Nemətoğlu, Toğrul Əmənov, Nəzər Qurbanov, İmamverdi Ağaşov, Əfləddin Dadaşov, Yaşar Nəbiyev, həkim Amil Quliyev, Tahir Hüseynov, Meyxoş Çobanov, Abusəməd Niftiyev, Vüsal Kərimov, Saiq Qurbanov, Əlihüseyn Fətullayev, Səmid Səfərov, ehtiyatda olan baş leytenant Xəlil Ramazanov və başqaları kəndimizə başucalığı gətirən fədakar oğullardır. Bu igid oğulları bir amal uğrunda birləşdirən onların Vətənə, xalqa, dövlətə tükənməz sevgisi idi. Döyüşlər zamanı əsgərlər ağır yaralansalar da, sonadək cəsarətlə, igidliklə vuruşdular. Şücaətləri ilə düşmənə gözdağı verdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır.”

    Sonda həmsöhbətimiz bildirdi ki, üçrəngli Azərbaycan bayrağını öz qanları, canları bahasına Qarabağda göylərə ucaldan qazilərimizi yada salmaq, müqəddəs Vətən savaşında şəhid olan əsgər və zabitlərimizin xatirələrini əziz tutmaq isə hər birimizin vətəndaşlıq borcudur: “Yaşasın Azərbaycan, eşq olsun müzəffər Milli Ordumuza!”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR