Bu yaxınlarda həmkarlardan biri iş yerində bacısına söz verilən əməkhaqqının mənimsənilməsindən söhbət açmışdı. Şərhlərdə əmək müqaviləsindəki şərtləri soruşanda, həmkarımız cavab vermişdi ki, sərbəst qrafikli işlərdə əmək müqaviləsi tələb olunmur, belə qanun yoxdu.
Əslində vəziyyət necədir? Əmək müqaviləsi kimlərlə, hansı şərtlərlə bağlanır? Sərbəst iş qrafikində işləyən şəxslərlə olan əmək münasibəti Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir?AR ƏƏSMN yanında Dövlət Əmək Müfəttişliyi Xidməti İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri
Aynur Osmanqızı Azadmedia.az saytının azad iş qrafiki, əmək müqaviləsi ilə bağlı maarifləndirici rəsmi sorğusuna cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü maddəsinə əsasən işçilərlə əmək müqaviləsi bağlanarkən əmək müqaviləsinin məzmununda mütləq olaraq iş və istirahət vaxtı müəyyən edilməlidir. Əmək Məcəlləsinin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir.
Pandemiya ilə əlaqədar əksər işçilər evdə fəaliyyət göstərir. Ümumiyyətlə, qərar evdə işləyənlərə şamil olunurmu? – sualına Dövlət Əmək Müfəttişliyi Xidmətinin sözçüsü cavab verdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını öz evində yerinə yetirən işçilərə də şamil edilir.
Göründüyü kimi işçilərlə zəruri hallarda əmək müqaviləsinə müvafiq qaydaları tənzimləyən şərtlər daxil edilməklə sərbəst iş qrafikində əmək funksiyasını öz evində yerinə yetirilməsi razılaşdırıla bilər.
Sonda oxuculara hər hansı iş şəraitində işləmələrindən asılı olmayaraq əmək müqaviləsi ilə işləmələrini tövsiyə edirəm. Harda qanuni sənədləşmə var, orda hüquq var, hüququn qorunması var.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.