Xəzər regionunda 2030-cu ildə neft-qaz sektoruna investisiyaların həcmi 10 milyard ABŞ dollarından az olacaq. “Wood Mackenzie” konsaltinq şirkətinin verdiyi məlumata görə, 2030-cu ildə bu sahədə əsaslı xərclər 2019-cu ilin göstəricisinin (20 milyard dollar) yarısından az olacaq. Qeyd olunur ki, xərclər əsasən Azərbaycan (“Azəri-Çiraq-Günəşli” və “Şahdəniz” yataqları) və Qazaxıstanda (“Kaşağan”, “Qaraçaqanak”, “Tengiz” yataqları) həyata keçirilən 5 meqa layihənin payına düşəcək. İnvestisiyaların azalma səbəblərindən biri kimi iri layihələrə (inkişaf proqramlarının hədəflərə çatması ilə əlaqədar) investisiyaların azalması kimi göstərilir.
Məlumdur ki, ölkəmizdə neft hasilatı da getdikcə azalır. Belə şəraitdə investisiyaların da azalacaq olması Azərbaycan neft sektoru üçün nə vəd edir?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Press Klub”a açıqlamasında hasilat və investisiyanın düz mütənasiblik təşkil etmədiyini söylədi:
“Məsələn, bu il il də hasilat azalır. Ancaq neft sənayesinə ivestisiya artır. Əgər biz xərcləmələrə baxsaq, kapital xərclərində “Azəri-Çıraq Günəşli”ni görürük ki, ötən iki illə müqayisədə artım var. Ona görə ki, “Mərkəzi-Şərqi Azəri” platformasının tikintisi üzrə işlər bu il zirvə nöqtəsində olacaq. Ona görə də sözügedən məsələlər o anlamı vermir ki, əgər bu il kapital xərcləmələri azalırsa, deməli, hasilat da azalmalıdır və yaxud əksinə. Əgər uzunmüddətli dövr üçün olsa, həmin anlamı verə bilərdi. Amma bu, uzunmüddətli məsələ deyil. Əgər neft-qaz sektorunu götürsək, “Şahdəniz-2” layihəsi 2018-ci ilin sonunda bitdi. Həmin layihə indiyə qədər neft-qaz sənayemizdə ən yüksək xərclər idi. Nə ona qədər, nə də ondan sonra belə bir xərclər olmayıb”.
İqtisadçı ekspert Eldəniz Əmirov isə “Press Klub”a şərhində Xəzər regionunda neft-qaz sektoruna investisiyaların həcminin azalmasının gözlənilən olduğunu bildirdi:
“Bunun bir neçə səbəbi var. Səbəblərdən ən başlıcası budur ki, Xəzərdə neft-qaz sektoru üzrə iri layihələr icra olunub və başa çatıb. Həmin layihələr böyük investisiya məbləğləri tələb edirdi. Bu layihələrə çoxlu miqdarda vəsaitlər qoyulmuş, müəyyən hissəsi mənimsənilmiş, müəyyən hissəsinin mənimsələnilməsi hazırda davam edir. Səbəblərdən digəri isə ondan ibarətdir ki, dünyada getdikcə ənənəvi enerji resurslarına olan yatırımların həcminin azalaraq tədricən alternativ enerji mənbələrinə keçidi müşahidə edirik. Bu tendensiya hazırda bütün dünyada vüsət almaqdadır. İnkişaf etmiş ölkələrdə enerjinin 15 faizi artıq alternativ enerji mənbələri hesabına formalaşdırılır. Avropanın 20-yə yaxın ölkəsi 2050-ci ilə qədər karbon investisiyasından imtina etməyi, yaşıl enerjiyə keçməyi qarşıya bir hədəf olaraq qoyub”.
İqtisadçı ekspertin sözlərinə görə, dünyanın aparıcı neft şirkətləri adlarının dəyişdirilməsi ilə bağlı da öz səhmdarlarına müraciət edirlər:
“Neft şirkəti statusundan çıxaraq enerji şirkətinə çevrilməyi qarşılarına hədəf qoyublar. Qarşıdakı dövrlərdə investisiyaların əsas artım tempi alternativ enerji istiqamətində olacaq. Qeyd etdiyim istiqamətlər Xəzər regionunda investisiya qoyuluşunun tədricən azalacağını qaçılmaz edir”.
“Azərbaycan bu yöndə nələr edə bilər” sualına gəldikdə isə ekspert Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malik ölkə olduğunu vurğuladı:
“Eyni zamanda, Azərbaycan Xəzər regionu üzrə də alternativ enerjinin əldə olunması potensialından geniş istifadə edə bilər. Belə ki, ölkəmizdə onsuz da “Alternativ və bərpaolunan enerji mənbələri istifadə olunması üzrə dövlət proqramı” qəbul olunub. Bu proqram 2004-cü ildə qəbul olunub. Bu istiqamətdə 2020-ci ildə irəliləyiş baş verdi, Energetika Nazirliyi yanında Bərpaolunan Enerji Mənbələri Dövlət Agentliyi yaradıldı. Bu istiqamətdə işlərin həcmini artıraraq, məhz 2030-cu ilə Xəzər regionunda neft-qaz sənayesi üzrə investiyaların həcminin azalmasının qarşılığında alternativ enerji sahələrinə investisiyanın artırılmasına nail ola bilərik”.
Ekspert qeyd etdi ki, Azərbaycan bununla bağlı Dünya Bankı ilə müəyyən işlər həyata keçirir, yol xəritəsi hazırlanır. Xəzər üzrə külək enerjisindən maksimum istifadə üçün müəyyən layihələrin icra edilməsi istiqamətində də işlər aparılır:
“Azərbaycanın bu istiqamətdə hərtərəfli işlərin görülməsi ilə bağlı müəyyən planları mövcuddur və neft hasilatının, investisiya həcmlərinin azalacağı təqdirdə, onunla tərs mütənasib olaraq alternativ enerji mənblərinə əlavə investisiyaların cəlb edilməsi işlərinin həyata keçirilməsinin şahidi olacağıq. Burada bir çox faktorlar qiymətləndirilib və bu istiqamətdə bir çox işlərin aparılacağına ümid edirik. Bu işlər yekunlaşdıqdan sonra Xəzər regionunda alternativ enerji üzrə investisiyaların həcmində artım müşahidə edə biləcəyik”. //pressklub.az//