Vətənə sevgi bütün yaşlarda böyük olur. Uşaqların da, yeniyetmələrin də, gənclərin də, böyüklərin də Vətən sevgisi müqəddəslik mərtəbəsində yaşadılır. Bəzən sevgi yaradıcılıqla ifadə edilir - şeirlə, nəsrlə, musiqiylə, rəngkarlıqla. Hər biri özünəməxsusluqla təqdim olunur; belə sevgilər müqayisə edilmir.
Nəsibə Quliyeva Bakıdakı 36 nömrəli məktəbin sonuncu sinif şagirdidir. Uşaqlığından Səttar Bəhlulzadənin, Maral Rəhmanzadənin, Tahir Salahovun, Toğrul Nərimanbəyovun tablolarına maraqla, sonralar sevgilərlə, aludəliklə baxardı. Bu baxışların mahiyyətinin nə olduğunu hələ nə özü bilirdi, nə də atası Teymur duyurdu.
Nəsibənin marağı sevgiymiş - maraqdan sevgiyə bir tabloluq yol varmış; Nəsibənin çəkdiyi tablo bir gün ata-anasını da, müəllimlərini də heyrətləndirdi. Teymurun işıqlı baxışları Nəsibənin baxışlarıyla qoşalaşdı, Teymurun əli ahəstəcə Nəsibənin saçlarında gəzişdi...
Nəsibə mənzərə çəkməyi daha çox sevir. Naturadan, şəkillərdən çəkir, hərdən də təxəyyülünə istinad edir.
Vətən müharibəsində qazanılan Zəfər hamını qürurlandırdı, hamı bu zəfəri coşqu ilə qarşıladı. 36 nömrəli orta məktəbin sonuncu sinif şagirdi Nəsibə Quliyeva igid Azərbaycan əsgərinin obrazını da yaradıb. Baxımlı tablodu. Baxırsan, döyüşçülərin qətiyyətinin haradan qaynaqlandığını da güman edə bilirsən: Vətənə sevgidən qaynaqlanır...
Nəsibənin gələcəkdə daha böyük tablolar çəkəcəyinə özü də inanır, biz də inanırıq. Onun orduya sevgisi Vətənə sevgidir.
Ülviyyə Məmmədova, "Azərbaycan Ordusu"
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.