Məşhur Məmmədov,
Milli Məclisin deputatı
Dünyanın diqqətində olan Soçi görüşünün ardınca Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısının keçirilməsi son günlər beynəlxalq gündəmi zəbt edən, ən çox müzakirə olunan hadisələr sırasındadır.
Keçirilən hər bir beynəlxalq tədbir əhatə etdiyi mövzu ilə yanaşı, ölkələrin malik olduqları imkanların təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır. Tədbirdəki çıxışlarda Zəfər Qələbəsinin yaratdığı reallıqların böyük perspektivlər vəd etdiyinin vurğulanması uğurlu siyasətimizin məqsədyönlülüyünü, gələcəyə hesablandığını bir daha təsdiqlədi.
Zirvə Toplantısında Prezident İlham Əliyev tərəfindən ölkəmizin 44 günlük İkinci Qarabağ müharibəsini yaşamasına, hazırkı dövrdə tarixi Zəfərimizin yaratdığı reallıqlar fonunda işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin geniş miqyas almasına, həmçinin dünyanı cənginə almış karonavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsinə baxmayaraq dayanıqlı inkişafını təmin etməsi konkret rəqəmlərlə diqqətə çatdırıldı.
Zirvə Toplantısında digər mühüm məqamlardan biri kimi cənab Prezident İlham Əliyevin Zəngəzur dəhlizinin açılmasının regiona hansı yenilikləri gətirəcəyi barədə səsləndirilən fikirlər idi: "Zəngəzur dəhlizi reallığa çevrilir. Bu yeni nəqliyyat infrastrukturu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin önəmli hissəsinə çevriləcək. İƏT-ə üzv ölkələr bu dəhlizdən istifadə edəcəklər".
Məhz Soçi görüşündən sonra Prezident İlham Əliyevin İƏT tribunasından da Zəngəzur dəhlizinin artıq reallığa çevrilməsini bəyan etməsi ölkəmizin son illər Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevriləcəyindən, Zəngəzur dəhlizinin reallaşması regionun nəqliyyat sektorunun inkişafına yeni imkanlar yaradacağından xəbər verir.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında körpü rolunu oynayır. Qarşılıqlı əməkdaşlıq fonunda bölgənin iqtisadi inkişafı daha da sürətlənəcək. Hökumətlərarası regional təşkilat olan İqtisadi Əməkdaşlıq Təşkilatının əsas məqsədi üzv dövlətlərin və bütövlükdə bölgənin davamlı iqtisadi inkişafına töhfə verməkdən ibarətdir.
Aşqabad Zirvə Toplantısında müzakirə olunan aktual məsələlər bir daha sübut etdi ki, yalnız səyləri birləşdirməklə və İƏT-in mövcud imkanlarından daha səmərəli istifadə etməklə qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmaq mümkündür. Səylər birləşdirilmədən, təcrübə müdadiləsi aparılmadan, irəliyə doğru birgə addımlar atmadan təkbaşına inkişafa, tərqqiyə nail olmaq mümkün deyil. Azərbaycan əməkdaşlığa açıq ölkədir. Hesab edirəm ki, bu baxımdan Bakıda fəaliyyətə başlayacaq İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzi qurumun səmərəli fəaliyyətinin təmin edilməsinə lazımi dəstək göstərəcək, hədəflərin reallaşmasına böyük töhfələr verəcək.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.