AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar qəbul olundu

  • + A
  • - A
  • 8-04-2022, 19:09

    Brüssel görüşündə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar qəbul olundu
    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Milli Məclisin deputatı Əliabbas Salahzadə dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına işgüzar səfərindən, səfər çərçivəsində keçirilən üçtərəfli görüşün nəticələrindən geniş bəhs edərək bildirib ki, Azərbaycanın milli maraqlarının təmin olunması istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətin uğurları davamlılığı ilə diqqət çəkir: «Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti dünya birliyində yeri və rolunun artmasında stimulverici amildir. Ölkəmizin iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsinin mümkünsüzlüyü də deyilənlərin təsdiqidir. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan dünya birliyində etibarlı tərəfdaş imicini qazanıb.

    Tarixi Zəfərimizdən sonra diktə edən tərəf kimi çıxış edən Azərbaycanın beynəlxalq münasibətlərdə artan rolu göz önündədir. Azərbaycan iki ilə yaxındır ki, beynəlxalq səviyyəli tədbirlərə qalib ölkə kimi qatılır, ən əsası 30 ilə yaxın dövrdə dünyaya etdiyi çağırışlar hazırda öz təsdiqini tapır. Baxmayaraq ki, 30 ilə yaxın dövrdə ölkəmiz dünyanın ikili standartlara əsaslanan siyasətinin yaratdığı problemləri yaşadı. Bu gün tamamilə fərqli bir mənzərənin şahidiyik. Dünya gücləri tarixi Zəfərimizin yaratdığı reallıqları qəbul edir, regionda sülhün və təhlükəsizliyin təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Prezident İlham Əliyevin Brüsselə işgüzar səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunmuş nəticələr dövlət başçısının dünyada böyük nüfuzunun göstəricisidir.»

    Millət vəkili qeyd edib ki, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatın imzalanmasından sonra Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format-Brüssel sülh gündəliyi yarandı: «İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Aprelin 6-da keçirilən növbəti görüşdə ədalətli sülhün və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması istiqamətində mühüm qərar qəbul olundu. 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi olaraq Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Sözügedən sənəddə əsas məqam Azərbaycanın ərazi bütövlüyüdür. Azərbaycan 30 ilə yaxın müddətdə ərazi bütövlüyünün təmin olunması istiqamətində səylər göstərdi. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu, erməni işğalçılarının bu torpaqlardan qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapsa da, sənədlər saralmış kağız üzrində qalaraq icrasını gözlədi. Dövlətimizin qətiyyəti, Azərbaycan ordusunun gücü, qüdrəti sayəsində 44 gündə 30 ilə yaxın müddətdə dünya güclərinin edə bilmədiklərini etdik, ərazi bütövlüymüz bərpa olundu, işğala son qoyuldu. Rəsmi Bakı ən yüksək tribunalardan Azərbaycan xalqının səbrinin tükənməz olmadığını bəyan edərək, bir qarış torpağımızı belə düşmənə verməyəcəyimizi bildirirdi.»

    Əliabbas Salahzadə qeyd edib ki, Avropa İttifaqı Şurasının Prezidentinin bəyanatında mühüm məqamlardan biri məhz “Dağlıq Qarabağ” ifadəsinin və ya keçmişin qalığı olan ATƏT-in Minsk qrupunun həmsədrlik institutuna istinadın olmamasıdır:

    «Bu, bir çox məqamların açıqlanmasında yardımçıdır. Belə ki, Dağlıq Qarabağ münaqişəsi artıq tarixə qovuşub. Hazırkı mərhələdə əsas məqsəd Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin imzalanmasıdır. Bölgədə dayanıqlı sülhün, təhlükəsizliyin yaradılması üçün sülh müqaviləsinin imzalanması mütləqdir. ATƏT-in Minsk qrupunun vasitəçiliyinə gəldikdə isə bu qurum Azərbaycan üçün lazımsız təsisata çevrilib. 30 ilə yaxın dövrdə fəaliyyəti görünməyən, imkan düşdükcə açıq-aşkar Ermənistana dəstək missiyasını yerinə yetirən, neytrallığı qorumayan bir qurumun münaqişə həll olunduqdan sonra vasitəçiliyinin bərpasına ehtiyac varmı? 30 ildə münaqişənin həllinə heç bir dəstək göstərməyən, imitasiya naminə danışıqların aparılmasına üçün Ermənistana dəstək olan ATƏT-in Minsk qrupuna həmsədr dövlətlər bu gün Brüssel görüşlərini təqdir edərək bölgədə sülhün təmin olunmasına dəstək göstərməyə hazır olduqlarını bildirirlər. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.»

    «Diplomatik müstəvidə Azərbaycanın qələbəsi danılmazdır» söyləyən millət vəkili bildirib ki, hazırda Ermənistanda gedən proseslər və erməni cəmiyyətində hökm sürən əhval-ruhiyyə Azərbaycan Prezidentinin siyasi-diplomatik səylərinin böyük səmərə verdiyini və Ermənistanın müxtəlif iddialarla prosesi ləngitmək cəhdlərinin iflasa uğradığını təsdiqləyir. Azərbaycanın ədalətə və beynəlxalq hüquqa, tarixi həqiqətlərə söykənən siyasəti informasiya cəbhəsində də üstünlüyümüzü şərtləndirir.




    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR