AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır

  • + A
  • - A
  • 7-02-2022, 15:16

    Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu artır
    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısına diqqəti yönəldərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarından geniş bəhs edib: “Azərbaycan malik olduğu təbii resurslarından səmərəli istifadə etməklə həm iqtisadi qüdrətini artırır, həm də siyasi mövqeyini möhkəmləndirir. Ölkə iqtisadiyyatının inkişafında neft amilinə verilən önəm Ümummilli Liderin uzaqgörən siyasətinin təsdiqidir. Daim Azərbaycanın gələcəyini düşünən, “Neft Azərbaycan xalqının ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəslə mənsubdur” söyləyən ulu öndər Heydər Əliyevin səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasını sürətləndirdi, dayanıqlı inkişafa geniş imkanlar açdı”.

    Ə.Salahzadə qeyd edib ki, 1994-cü ildə bu gün böyük fəxrlə bəhs etdiyimiz enerji diplomatiyamızın əsası qoyuldu: “Öncə regional çərçivədə yaradılan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirərək beynəlxalq miqyas aldı. Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlisi layihəsi reallığa çevrildi. Hər il ənənəvi olaraq keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin  toplantıları ötən  bir ildə enerji sektorunda əldə olunan uğurların təqdimatı kimi dəyərləndirilir. Cənab İlham Əliyev toplantıdakı nitqində qeyd etmişdir ki, bu dəfə Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasından bəhs edəcəyik. 2020-ci il dekabrın 31-də layihənin son seqmenti olan TAP istifadəyə verildi. Toplantıda bu mühüm məqam da xüsusi qeyd edilmişdir ki, Cənub Qaz Dəhlizi layihəsi  müasir tarixdə çox azsaylı layihələrdən biridir ki, onun icrasına bütün aparıcı beynəlxalq maliyyə institutları öz töhfəsini vermişdir.  Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Asiya İnfrastruktur və İnvestisiya Bankı bu layihənin icrası üçün kredit və maliyyə vəsaiti ayırdı”.

    Deputat vurğulayıb ki, Azərbaycan əməkdaşlığın coğrafiyasının genişləndirilməsində hər zaman  maraqlıdır. Ölkəmizin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən enerji layihələri ölkələr, xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizini bugünədək görülən işlərin zirvəsi kimi dəyərləndirir. Eyni zamanda, bildirir ki, biz bütün hədəflərə çatmışıq.

     “Toplantıda bu məqam da xüsusi qeyd edildi ki, iclasda keçən illə müqayisədə daha çox sayda ölkələrin  və şirkətlərin  iştirakı, yeni iştirakçıların olması  onu göstərir ki, yeni bazarlarda Azərbaycan qazına ehtiyac var. Azərbaycan  hazırdır, çünki ölkəmiz  həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur” söyləyən Əliabbas Salahzadə bildirib ki, Azərbaycanın enerji siyasətinin əsasını qarşılıqlı, faydalı, əməkdaşlıq təşkil edir. Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson toplantıdakı nitqində   Cənub Qaz Dəhlizi ilə Avropa İttifaqına nəql edilən qazın artırılmasında Azərbaycanın göstərdiyi səyləri önə çəkərək bu məqamı xüsusi qeyd etmişdir ki,  Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır.

    Gerçəkləşən hər bir layihənin Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsində rolunu xüsusi vurğulayan  millət vəkili qeyd edib ki, ölkəmiz beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanır: “Bu gün böyük inamla qeyd edirik ki, Azərbaycanın iştirakı olmadan bölgədə hansısa iqtisadi və siyasi layihənin həyata keçirilməsi mümkünsüzdür. Regional inkişafın aparıcı qüvvəsinə çevrilən Azərbaycan gerçəkləşdirdiyi  layihələrlə dünyanın enerji təhlükəsizliyinin təminatında əhəmiyyətli rol oynayır. Azərbaycan bu layihələrlə dünyanın enerji xəritəsini yenidən tərtib etdi. Dövlət başçısı İlham Əliyev daim bu çağırışı edir ki, biz irəli baxmalıyıq. Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında da ölkə Prezidenti bildirmişdir ki,  birgə yürütdüyümüz enerji siyasəti enerji şaxələndirilməsi və enerji təhlükəsizliyi məsələlərinin də hüdudlarını aşır. Çünki bu, ölkələr arasında yeni bağlantılar yaradır və əlaqələrin inkişafına, bu prosesə cəlb olunmuş bütün ölkələr arasında qarşılıqlı etimad səviyyəsinin artırılmasına kömək edir”.

    Ə.Salahzadə bu ümumiləşdirməni aparıb ki, Ümummilli Liderin müəllifi olduğu neft strategiyası qarşıdakı illərdə  Azərbaycana daha böyük uğurlar qazandıracaq: “Ölkəmizin liderliyi ilə həyata keçirilən layihələrin davamlılığı qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev  bu uğurlarımızın fonunda işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramın olduğunu da  açıqladı. Artıq Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb. Bu ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb  və ilkin rəqəmlər ümidvericidir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR