"Beynəlxalq ictimaiyyəti Ermənistanın minalar yerləşdirmək siyasətinə göz yummamağa çağırırıq".
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ağdamda mina partlayışı nəticəsində mülki şəxslərin həlak olması barədə məlumatında bildirilib.
"16 mart 2023-cü il tarixində Ağdam rayonunda mina partlayışı nəticəsində 2 nəfər dinc sakin həlak olub. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!
Bununla, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə 286 nəfər mina qurbanı olmuş, onlardan 49 nəfər həlak olub
Ağdamda baş verən mina partlayışı bir daha onu göstərir ki, Azərbaycana yararlı və düzgün mina xəritələrini təqdim etməyən, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın 6-cı bəndini kobudcasına pozaraq Azərbaycan ərazisində hərbi fəaliyyəti, minaların daşınmasını və yerləşdirməsini davam etdirən Ermənistanın əsas məqsədi post-münaqişə dövründə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, bu ərazilərdə fəaliyyət göstərən mülki əhaliyə, habelə məcburi köçkünlərin geri qayıtmasına və öz yerlərində dinc yaşamasına maneçilik yaratmaqdır.
Ermənistanın bu addımları regionda sülh, təhlükəsizlik və əməkdaşlığın reallaşdırılmasına başlıca əngəl olmaqda davam edir.
Beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə göz yummamağa və Ermənistandan beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməsini tələb etməyə çağırırıq".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.