Prezident İlham Əliyev cari ilin 15 iyun tarixində Pakistan İslam Respublikasının
Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri ilə əlaqədar mətbuata
verdiyi bəyanatında beynəlxalq hüququn tətbiqi məsələsinə toxunaraq bildirib ki, BMT
Təhlükəsizlik Şurasının bəzi qətnamələri icra edilir, digərləri yox.
Bildiyimiz kimi, 1992-ci ildə erməni silahlı birləşmələri respublikamızın
ərazilərinin işğalına istiqamətlənmiş hərbi əməliyyatların miqyasını kifayət qədər
genişləndirmişdilər. Lakin heç bir beynəlxalq təşkilat hamının gözü qarşısında baş
verməkdə olan və beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayan bu
işğalçılıq əməllərinə obyektiv qiymət vermədi. Doğrudur, müxtəlif dövrlərdə BMT-nin,
ATƏT-in, Avropa Birliyinin bu barədə müəyyən qətnamələri, bəyanatları meydana
çıxdı, bununla belə, həmin sənədlər münaqişənin həqiqi səbəblərini dəqiq şəkildə
qiymətləndirmədi, təcavüzkarla təcavüzə məruz qalan tərəf arasında heç bir fərq
qoymadı. Biz haqqımızı müdafiə işinə beynəlxalq hüquq müstəvisində 30 ildən çox idi
ki, başlamışdıq. Özüdə tarixi faktlar və həqiqəti əks etdirən sübutlarla. Lakin nəinki
dünya ölkələri, hətta beynəlxalq hüquq belə görməzdən gəlirdi. Təbiiki, nə xalqımız,
nədə Ali Baş Komandanımız bu məsələyə səssiz qalmadı.
Dövlət başçısı bildirib: "Mən dəfələrlə deyirdim ki, beynəlxalq hüquq normaları
işləmir. Dəfələrlə deyirdim ki, böyük dövlətlər onlara sərf edən qərarları icra edirlər,
sərf etməyən qərarları icra etmirlər. Əks təqdirdə BMT Təhlükəsizlik Şurası tərəfindən
qəbul olunmuş və erməni silahlı qüvvələrinin torpaqlarımızdan dərhal çıxarılmasını
tələb edən qətnamələr 30 il ərzində kağız üzərində qalmazdı. Biz gördük ki, beynəlxalq
hüquq normaları elə bil kiçik ölkələr, orta səviyyəli, gücü o qədər olmayan ölkələr üçün
yazılıb. Böyük ölkələr buna məhəl qoymaya bilərlər və heç bir icra mexanizmi yoxdur.
Əlbəttə ki, güc amili ön plana çıxmışdı. Müharibədən bir neçə il əvvəl mən bunu öz
çıxışlarımda açıq deyirdim: biz güc toplamalıyıq və bu məsələ güc hesabına öz həllini
tapacaq. Azərbaycan artıq neçə ildir ki, heç kimdən asılı deyil".
Danışıqlar prosesinin məqsədyönlü şəkildə uzadılması və qənaətbəxş olmayan
qərarlarla nəticələnməsi göz önündə idi. Məqsəd insanlara bu konflikti unutdurmaq
olub. Onlar düşünürdü ki, Azərbaycanda o torpaqlarda heç vaxt olmayan, o ağrıları
yaşamayan yeni nəsil yetişəcək və beləliklə, Azərbaycan dövləti güzəştə gedəcək.
Lakin düşmən gördü ki, 30 il keçsə də, Azərbaycan xalqı mübarizədən əl çəkmədi və
öz sözünü dedi. Heç o torpaqları görməmiş, havasını udmamış, Qarabağ sözünü
sadəcə kitablarda, yazılarda oxumuş gənclər Qarabağ uğrunda öz canlarından
keçdilər. Təkcə səngərdə yox, həmçinin öz isti ocaqlarında oturan insanlarımız belə,
bu məsələyə münasibətdə sakit qalmadılar. Onlar da evlərində sosial media üzərindən
hücumlar edir və orduya dəstək olurdular. Bu da bir daha azərbaycanlıların harada
olmalarından asılı olmayaraq bir yumruq kimi birləşib necə qalib gəldiklərinin
sübutudur. Təəssüf ki, çox zaman haqsızlıqlara, ayrı-seçkiliyə məruz qalmışıq. Bu hal
hələ də davam edir. Lakin unudulmamalıdır ki, Azərbaycan artıq güclü dövlətdir,
dünyada öz sözünü deyə bilir. Ən önəmlisi də odur ki, 30 il davam edən haqq
mübarizəmiz hüquqi müstəvidə deyil, döyüş meydanında öz həllini tapdı, ədalət yerini
tutdu. Və bir daha əmin olduq ki, beynəlxalq hüquq işləmir.
İradə Novruzova,
Salyan şəhər 6 saylı tam orta məktəbin tarix müəllimi, YAP fəalı