Ermənistan destruktiv fəaliyyətlər həyata keçirir ki, bu da bir tərəfdən sülh danışıqlarını pozmağa, digər tərəfdən isə Qarabağ ermənilərinin reinteqrasiyasına mane olmağa yönəlib. Azadmedia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti İlham Əliyev ABŞ-nin dövlət katibi Entoni Blinkenlə telefon danışığında regiondakı mövcud vəziyyətdən, Ermənistanın tutduğu destruktiv mövqedən, sülh sazişi üzrə aparılan danışıqlardan danışıb.
Dövlət başçısı qeyd edib ki, İrəvanın təxribatçı addımları sülh prosesinə maneəyə çevrilir. Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan Respublikasının suveren ərazisində qeyri-qanuni mövcudluğunu davam etdirməsi hərbi gərginlik mənbəyinə dönür.
İlham Əliyev Ermənistan tərəfinin Laçın buraxılış məntəqəsində hərbi təxribat törətdiyini, Azərbaycan sərhədçilərinin atəşə tutulmasını, qaçaqmalçılıq cəhdini, Azərbaycana icazəsiz yük maşınlarının göndərilməsini xatırladıb.
Prezident diqqəti ona yönəldib ki, Bakı Ağdam-Xankəndi yolundan Azərbaycanın erməni sakinlərinin ehtiyaclarını ödəmək üçün istifadə etmək təklifi irəli sürsə də, bu təklif Aİ və BQXK-nın dəstəyini alsa da, İrəvan bütün təkliflərdən imtina edib.
Dövlət başçısı izah edib ki, erməni tərəfinin guya “humanitar vəziyyət” və “blokada” ilə bağlı irəli sürdüyü iddialar siyasi manipulyasiyadan başqa bir şey deyil.
“Prezident İlham Əliyev daim destruktiv fəaliyyətlə məşğul olan Ermənistanın sülh danışıqlarına, o cümlədən Azərbaycanla yerli erməni sakinləri arasında təmasların və dialoqun inkişafına mane olmağa çalışmasının qəbuledilməzliyini qeyd edib”.
Prezidentin mətbuat xidmətinin yaydığı məlumata görə Prezident İlham Əliyev qeyd edib ki, Bakı Azərbaycanın erməni sakinlərini yenidən inteqrasiya etməkdə qərarlıdır, bunun üçün ilk görüş Xocalıda keçirildi, Azərbaycan ikinci görüşün keçirilməsi təklifini verdi.
Buna cavab olaraq Entoni Blinken Vaşinqtonun Azərbaycan və Ermənistan arasında sülh sazişi ilə bağlı müzakirələrə davamlı dəstəyini açıqlayıb, Laçın keçid məntəqəsindən və digər alternativ yollardan keçmənin vacibliyini, eləcə də danışıqlarda müsbət dinamikanın davam etdirilməsinin vacibliyini qeyd edib.