AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan D-8 təşkilatının dəyərli üzvüdür - Özəl

  • + A
  • - A
  • Bu gün, 15:38

    Azərbaycan D-8 təşkilatının dəyərli üzvüdür -



    Masallı, 11 yanvar — Azadmedia.az

    Azərbaycan dövləti növbəti diplomatik uğura imza ataraq İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv seçilib. Bu qərar dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində D-8-in XI sammiti zamanı qəbul edilib. D-8 bir çox məqamlara görə əhəmiyyət daşıyan bir təşkilatdır. Bu qurumun təməli Türkiyənin təşəbbüsü ilə 1996-cı il oktyabrın 22-də İstanbulda Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanın əməkdaşlığı ilə təşkil edilən İnkişaf Əməkdaşlıq Konfransında qoyulub. 1997-ci il iyunun 15-də İstanbulda 8 ölkənin dövlət və hökumət başçılarının sammitində təşkilat rəsmən elan olunub. Katibliyi İstanbul şəhərində yerləşir. Təşkilatın yeni hədəfləri Banqladeşin ev sahibliyi ilə 10-cu Zirvə toplantısında qəbul edilən və 2020-2030 illəri əhatə edən On İllik Yol Xəritəsidir. D-8 ölkələri təşkilatı daha güclü və daha da inkişaf etdirməyi hədəfləyən bu yol xəritəsi ilə ticari əməkdaşlığı dərinləşdirmək və daxili ticarət həcmlərini ümumi "D-8" ticarətinin ən azı 10 faizinə çatdırmağı planlaşdırıblar. Eyni zamanda, Dəkkə bəyannaməsində tərəflər irqçilik, ayrı-seçkilik, ksenofobiya və antimüsəlman çıxışlara qarşı mübarizə aparma iradələrini təsdiqləyiblər.
    Təşkilat yarandığı 30 ilə yaxın müddət ərzində ilk dəfə olaraq Azərbaycanın üzvlüyü ilə genişlənib. Bu, əlbəttə ki, Azərbaycanın regionda lider dövlət olması ilə yanaşı, beynəlxalq müstəvidə böyük nüfuza malik olduğunu bir daha göstərir. Xüsusilə Azərbaycanın zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra yaranmış yeni reallıqlar regional və beynəlxalq əməkdaşlıq üçün imkanları daha da artırdı. Azərbaycanın enerji, logistika, nəqliyyat və digər sahələrdəki rolu onu daha da cəlbedici edir. Başqa əhəmiyyətli məqam isə ölkənin siyasətdə ədalətli mövqe sərgiləməsi, haqlının yanında olması, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini birmənalı olaraq dəstəkləməsidir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan üzv olduğu beynəlxalq təşkilatların güclənməsində, inkişafında, islahatların aparılmasında öz töhfəsini verir, yeni təşəbbüslər, təkliflərlə çıxış edir. Məhz Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatında həmrəylik gücləndi, təşkilatın nüfuzu xeyli artdı. Azərbaycanın islam həmrəyliyinə verdiyi önəm və töhfələr də xüsusi vurğulanmalıdır.
    Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 2017-ci ildə xüsusi qonaq qismində İstanbulda İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) "Əməkdaşlıq yolu ilə imkanları artırmaq" devizi altında IX Zirvə görüşündə iştirak edib. Dövlət başçısı Zirvə görüşündəki çıxışında bildirib ki, Azərbaycan üçün İslam həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir və ölkəmiz bu istiqamətdə öz töhfələrini verir.
    D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır: "Nominal ÜDM-i 5 trilyon 199 milyon dollar, real ÜDM-i isə 18 milyard 182 milyon dollar olan D-8 ölkələri müsəlman dünyası əhalisinin 63.0 faizinə sahibdir. Bu, dünya əhalisinin 16 faizi deməkdir. Bu ölkələr arasındakı ticarət dövriyyəsi 150 milyard dollardan çoxdur. Bu isə o deməkdir ki, D-8 təşkilatına üzvlük iqtisadi inkişafın gücləndirilməsi baxımından Azərbaycan üçün yeni imkanlar yaradır. Üzvlük eyni zamanda ölkəmizin geosiyasi mövqeyini daha da gücləndirəcək. Azərbaycan təşkilatın 9-cu üzvü olmaqla yanaşı, yarandıqdan sonra bu təşkilata üzv olan yeganə ölkədir".

    Əsədli Əsəd
    Masallı Dövlət Regional Kollecinin müəllimi


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR