AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputatdan inqilabi təkliflər: 11 illik icbari təhsil, məktəblərə maliyyə azadlığı…

  • + A
  • - A
  • 5-12-2018, 10:46

    Deputatdan inqilabi təkliflər: 11 illik icbari təhsil, məktəblərə maliyyə azadlığı…















    Deputat “Ümumi təhsil haqqında” qanuna təhsildə ciddi islahatlar aparmağa imkan verən təkliflər irəli sürüb
    Hər bir dövlətin gücü onun təhsilindən və elmə yaxınlığından asılıdır. Əgər biz Azərbaycanın demokratik və müasir bir dövlət kimi inkişafını istəyiriksə, bu sahəyə diqqət yetirməliyik.

    Bu sözləri bu gün Milli Məclisin “Elm və təhsil” Komitəsinin iclasında “Ümumi təhsil haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə deyib. O, təhsil qanunvericiliyinə ciddi təkliflər irəli sürüb. Millət vəkili 9 illik pulsuz icbari təhsilin 11 illik icbari təhsillə əvəz olunmasını təklif edib:

    “Biz icbari təhsili tam və pulsuz etməliyik. Bu, Azərbaycanın bir sıra digər dövlətlərdən, eləcə də bizə yaxın olan qonşu dövlətlərdən üstünlüyünün zəmanəti ola bilər”.

    Millət vəkili həmçinin bəzi bölgələrdə qızların icbari təhsil almasına problemlər yaradıldığını bildirib. O, qeyd edib ki, qızları icbari təhsildən məhrum edənlərə qarşı müvafiq cəzalar müəyyənləşdirilməlidir.

    Qanunun maliyyə ilə bağlı hissəsinə toxunan deputat deyib ki, dövlət adambaşına təhsilə nə qədər maliyyə ayırdığını müəyyən etməlidir. Bir uşağın pulsuz icbarı təhsil almasının dövlətə neçəyə başa gəldiyi konkret qeyd edilməlidir:

    “Çox vaxt şikayət gəlir ki, özəl məktəblərdə, universitetlərdə təhsil xərcləri artıb. Bu xərclər nəyə görə artır? Hər şey məntiqi olmalıdır. Əgər təhsil müəssisəsində əlavə xidmət edilirsə, bilgi verilirsə, bunun da əlavə məsrəfləri olur. Bu məsrəflər həmişə şəffaf və aydın olmalıdır. Biz büdcəni müəyyənləşdirərkən bilməliyik ki, hər bir şagirdə, yaxud da dövlət universitetlərində təhsil alan tələbəyə nə qədər xərcləyirik. Məbləğin qeyri-müəyyən olması, bir çox hallarda müvafiq dövlət təhsil müəssisələrində bəzi xoşagəlməz nəticələr doğurur”.

    Prezidentin apardığı çox düzgün siyasət nəticəsində müəyyən universitetlərin maliyyə azadlığına nail olduğunu qeyd edən Mollazadə deyib ki, bu, universitetlərdə təhsilin səviyyəsini və müəllimlərin məvaciblərini artırmaq üçün gözəl vasitədir. Artıq məktəblərdə də maliyyə sisteminin bu istiqamətdə müəyyənləşdirilməsinin vaxtı çatıb.

    “Biz təhsil prosesinə valideynlərin də imkanlarını cəlb etməliyik. Məktəblərə müəyyən hüquqlar verilməlidir ki, hansısa əlavə dərsləri valideynlərin hesabına tədris edə bilsinlər. İndi vergi sistemində islahatlar həyata keçirilir. Vergi islahatları sayəsində sponsorları təhsil prosesinə cəlb edə bilərik. Sponsorlar məktəblərə vəsait ayırarkən öz imkanlarını da genişləndirə bilərlər. Biz keçmiş bolşevik sisteminə son qoyaraq müasir Azərbaycanda maliyyə imkanlarını genişləndirmək üçün yeni sistem formalaşdırmalıyıq. Məktəblərin maliyyə azadlığı qanunda öz əksini tapmalıdır. Universitetlərdə olduğu kimi, dövlət idarəçiliyində olan məktəblərin də maliyyə imkanları və özünüidarəetmə prinsipləri daha geniş müəyyənləşdirilməlidir” – Mollazadə deyib.

    Millət vəkili dünya təcrübəsinə istinadla məktəblərdə hər bir azərbaycanlıya 3-4 dili öyrənmək imkanlarının verilməsini təklif edib. “İndidən uşaqlara konkret dilləri daha mükəmməl öyrənmək üçün şərait yaratmalıyıq, xaricdən mütəxəssisləri cəlb etməliyik” – deyən deputat, bunun üçün Dövlət Dillər Universitetinin və Bakı Slavyan Universitetinin təcrübəsindən yararlanmağı da təklif edib. Həmin universitetlərdə Çin və Yunanıstan gələn mütəxəssislərin tələbələrə Çin və yunan dillərini öyrətdiklərini bildirib.

    “Hər şey Nazirlik tərəfindən şaquli sistemlə idarə oluna bilməz. Bəlkə haradasa Nazirlik hansısa reallığı hesablamaq imkanına malik deyil. Ona görə də, məktəblərin həm maliyyə, həm də müəyyən çərçivədə qərar vermək azadlıqları olmalıdır” – deyən Mollazadə vahid məktəbli forması ilə bağlı Naxçıvan təcrübəsini də təqdir edib.

    “Vahid məktəb forması çox gözəl təcrübədir. Amma biz burada bəzən sosial problemlərlə rastlaşırıq. Bu barədə qərar qəbul edəndə aztəminatlı ailələri nəzərə almalıyıq. Məktəbli forması problemi bəzi bölgələrdə sosial gərginliyə səbəb olur. Əgər vahid forma barədə qərar qəbul edilirsə, onda, məsələn, məcburi köçkünlərin, çoxuşaqlı ailələrin uşaqlarının forma ilə təchiz edilməsini dövlət öz üzərinə götürməlidir” – deyə millət vəkili fikrini yekunlaşdırıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR