Bəzi ailələrin uşaqlarına bağçalara qəbul zamanı güzəştlər olacaq
Azərbaycanda bəzi kateqoriyadan olan ailələrin uşaqlarına məktəbəqədər təhsil müəssisələrinə qəbul zamanı güzəştlər olacaq.
Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bugünkü iclasında "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin II oxunuşda müzakirəsi zamanı deyib.
İ.Həbibbəyli bildirib ki, layihəyə əsasən, dövlət məktəbəqədər təhsil müəssisəsinə, ilk növbədə, işləyən tək valideynlərin, təhsil alan anaların, I və II qrup əlillərin, Qarabağ müharibəsi iştirakçılarının və əlillərinin, hərbi xidmətdə olan ataların uşaqları, çoxuşaqlı ailələrdən olan uşaqlar, qəyyumluqda olan uşaqlar qəbul ediləcəklər.
O qeyd edib ki, məktəbəqədər təhsil müəssisəsində təhsil alanlar üçün nəzərdə tutulan ödəniş haqqı əmək bazarının tələbatına uyğun olaraq tələb-təklif prinsipi əsasında tənzimlənəcək:
"Əvvəllki layihəyə əsasən, məktəbəqədər təhsil müəssisələrində hər bir uşağa görə ödənişlərin müəyyən olunması müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydalara uyğun olmalı idi. Nəzərə almışdıq ki, belə olduqda pərakəndəliyin qarşısını ala bilərik və orta qiymətlər müəyən edilər. Lakin birinci oxunuşdan sonra keçirilən müzakirələrdə bildirildi ki, bu məsələdə bir qədər sərbəstliyə şərait yaratmaq lazımdır. Ona görə də indi belə təklif edilir ki, məktəbəqədər təhsil müəssisəsinin təhsil haqları müəyyənləşdirilərkən bazar iqtisadiyyatına uyğun olaraq tələblər və təkliflər əsas götürülsün. Hələ qarşıda üçüncü oxunuş da var. Bu müddət ərzində hər hansı dəqiqləşdirmələr ola bilər. Əslində, biz də bunu gözləyirik".
İ.Həbibbəyli bildirib ki, dövlət məktəbəqədər təhsil müəssisəsində təlim-tərbiyə alan uşaq üzrsüz səbəbdən 30 gün, üzrlü səbəbdən 60 gün müddətinə təlim-tərbiyə və tədris prosesindən yayınaraq müəssisəyə gəlmədikdə uşaq müəssisədən xaric edilir. Müstəsna hallarda yay dövründə 60 gündən artıq üzrlü səbəbdən və ya valideynin yazılı ərizəsi əsasında müəssisəyə gəlməməsinə icazə verilir.
Komitə sədrinin sözlərinə görə, məktəbəqədər təhsil müəssisələrində tədris dili Azərbaycan dili olmalıdır. Uşaqlara dövlət dilinin öyrədilməsi şərti ilə digər dillərdə təhsil verilə bilər: "Layihədə Azərbaycan dilini əsas tədris dili olaraq qeyd etmişik. Təklifləri nəzərə alaraq, həmin müəssisələrdə xarici qrupların yaradılmasının mümkünlüyünü də məqbul hesab edirik".
///Trend