Çempion Reyhanın anası qızını öldürən sürücünü bağışladı: “Qarğış da etməyəcəm”
“İşdən gələndə həmişə görürdüm, orda it gəzdirirlər. Reyhana dedim, sevindi. Dedi, mama, nə yaxşı dedin, mən də ora gedəcəm. Getdi. Yəqin, orda yaxşıca gəzdilər, oynadılar da. İkisi də razı qayıdırdı ki, bu hadisə baş verib. Ən çox buna pis oluram. Elə bil ki, mən onu yönləndirdim. Heç vaxt, heç vaxt…”
İyunun 28-də yol qəzasında vəfat etmiş dağadırmanma, qayayadırmanma, buzadırmanma üzrə çempion Reyhan Məmmədovanın anası Leyla Məmmədova qızıyla bağlı son xatirəsini danışır.
Lent.az-ın əməkdaşı mərhum Reyhan Məmmədovanın ailəsi ilə görüşüb, dərdli valideynlərlə söhbətləşib.
Leyla Məmmədovanın səsi güclə eşidilir. 3 gün əvvəl 22 yaşlı qızını itirib, amma təmkinlidir. Sanki and verib ki, ağlamayacaq. Danışır, danışır, kövrəlir, dayanır, içindəki kədəri boğur, təmkinlə söhbətinə davam edir.
Reyhan anasının məsləhəti ilə itini həmin yerdə gəzdirməyə getmişdi. Geri dönəndə isə o dəhşətli hadisə baş verib.
– Axşam işdən gəlirdim. Avtobusla keçəndə gördüm, Reyhan itini gəzdirməyə aparır. Yanında sinif yoldaşı vardı. Fikirləşdim, yəqin, buralarda gəzəcəklər. Sən demə, mənim dediyim o yerə gedirmiş.
Anası sırf kimin günahkar olduğunu bilmək üçün qəzanın video görüntüsünə baxıb. Nə qədər çətin olsa da…
– Bir tərəfdən qızımı qınayıram. Bəlkə qaça-qaça keçsəydi, belə olmazdı. Bir az qaçsaydı… Elə gedir, elə bil, bulvardadı. Çox uşaqlar belə düşünürlər ki, piyada zolağı varsa, yol mənimdir. Piyada zolağında elə gedir… Qaçmaq lazımdır, qaçmaq. Bizdə insan kimi sürmürlər maşını. Biri yaxşı sürəcək, o birisi yox. Videoda gördüm, maşınlar gedir e, gedir.
Bir qədər pauzadan sonra davam edir.
– Onlar tərəfdən də gəlmişdilər. Xalası idi, deyəsən. Ona dedim ki, mən başa düşürəm, o da mənim balamı vurmaq istəməzdi. Maşını sürəni, deyirəm. Heç kim istəməz. Sadəcə, sən onu görəndə soruş, 20 yaşında oğlan deyilsən ki, özünü kiməsə göstərəsən. 55 yaşında kişi niyə elə bərk sürürmüş?! Mən ərizə yazmasam da, onsuzda həbs edəcəklər. Ömür boyu sənin içində olacaq, vicdanın sızıldayacaq. Sən mənim balamı öldürmüsən. Bu vicdanla yaşamalısan. Necə yaşayacaqsan? Bəziləri mənə deyir, get şikayət elə, ərizə yaz. Deyirəm, mən heç nə etməyəcəm. Heç qarğış da etməyəcəm. Dövlət özü nə istəyir eləsin. İş vermək istəyir, versin, cəzasını çəksin. Mən o məhkəmə sənin, bu məhkəmə sənin gəzə bilmərəm. Nəyə görə gedim? Uşağım sağ deyil, yoxdu mənim uşağım. Onu Allah cəzalandıracaq. Allah onu cəzalandırıb ki, ölməyib, sağ qalıb. O, bu vicdanla yaşamalıdır. Bu, insan üçün ən ağır cəzadır. Üstəlik, sənin də balan var. Bəlkə də o uşaq atasız qalmasın deyə Allah onu saxlayıb, ölməyib. Nə bilim?! Yoldaşına dedim, istəyirsiniz, pul verin içəridən çıxarın. Yoldaşı mənə dedi ki, qəza haqda eşidəndə, dedim, kaş o qızın əvəzinə sən ölərdin. Bilmirəm, yalan deyir, ya düz deyir, bu da onun vicdanına qalıb.
“İndi sizə Reyhanın şəkillərini göstərəcəm” – deyib telefonunu əlinə alır. Yaddaşdakı şəkilləri bir-bir çevirir. Bütün şəkillərdə Reyhan gülür. Şəkillər arasında qəzadan kadrlar da var. Onlara çatanda ötürmək üçün tez-tez çevirir. Reyhanın itlə şəklinə çatanda əlini saxlayır. Müsahibə boyunca, ilk dəfə dodağında təbəssüm yaranır.
– Reyhan bu iti çox sevirdi. Onu elə qucaqlayırdı ki…
Dərində köks ötürür.
– Bilirsiniz, son günlər Reyhan nə istəyirdi, olurdu. Arzuları bir-bir çin olurdu. Bir gün gəldi ki, it istəyirəm. Əvvəl etiraz etdim, sonra razılaşdım. Aldıq. Qara labrador idi. Evin hər yerini batırırdı. Mən təmizləyirdim, o batırırdı. Axırı, əsəbləşdim, dedim, qızım, gəl bunu başqa adama verək. Dedi, ölərəm, vermərəm!
Elə dediyi kimi də olur. Ölür və itini heç kimə vermir.
– İt sağ qalsaydı, sevinərdim. Qızımdan xatirə olardı. Polis bizə zəng edəndə axşam saat doqquz olardı. Yoldaşımla evdə idik. Ev telefonumuza zəng gəldi. Mən götürdüm. Qızımın öldüyünü mənə demədilər, yoldaşımı istədilər. Ona dedilər.
Bura qədər güclə dözmüşdü. Burda əsəbləri dözmür. Dodaqları titrəyir, gözü yaşarır.
Reyhan idmanla yanaşı, həm də peşəkar rəssam olub. Uşaqlıqdan rəsmi sevib. Bu qabiliyyət ona anasından keçib. Leyla xanım danışır ki, qızının rəssam olmağını istəmirmiş, hətta Reyhan çox istəsə də, ona müəllim tutmaqdan imtina edib. Sonradan qızının rəsmə olan böyük sevgisi anasının inadını da sındırır və onu məktəbə yazdırır. Məktəbi bitirən kimi qabiliyyət və test imtahanları verib Əzim Əzimzadə adına rəssamlıq məktəbinə qəbul olur.
Bu vaxt içəri Reyhanın atası girir. Qızının medallarını soruşur. Yoldaşı sürmələri axtarır, tapa bilmir.
Atası İlqar Məmmədov özü də idmançı olub. Elə Reyhanı da bu idman növünə o maraqlandırıb. Deyir, bir dəfə qızlarının hər ikisini də Qubaya aparıb, buzadırmanma üzrə yarışa. Qızının idmana gəlişini xatırlayır.
– Dedim, baxın, xoşunuza gəlsə, davam edərsiniz. Böyük qızım da bir az çalışdı, tez ailə qurdu, idmandan uzaqlaşdı. Amma Reyhan davam elədi.
İdmana başlayanda Reyhanın 15-16 yaşı varmış. Qısa müddət ərzində uğurlar qazanmağa da başlayır. Atası deyir, Reyhanın diplom və medalları onunkundan çoxdur. Sadəcə indi bilmir, hara qoyublar.
Reyhanın yasında iştirak edən məşq yoldaşı Könül kənardan onun indiyə kimi yarışlarında iştirak etdiyi ölkələri sadalamağa başlayır: Fransa, Rumıniya, Türkiyə və s.
Atasına ayaq üstə zorla dayanıb. Sanki gücü tükənib, bu dəqiqə yıxılacaq. Divana əyləşir. Qızının rəsmlərinə baxır. Gözləri yaşarır: “Mən təkcə qızımı itirməmişəm, o həm də mənim dostum idi”.
Söhbət etdiyimiz məkan Reyhanın emalatxanası olub. Ətraf onun əl işləridir. Ötən il rəssamlıq məktəbindən məzun olub. Təhsilini İsveçdə davam etdirmək istəyirmiş. Bunun üçün də İsveç dili öyrənirmiş. Bakıda müəllim də tutublarmış. Ancaq amansız tale Reyhanın bütün gözəl arzularını bir zərbəyə sonlandırdı…