Vidadi Məmmədov “MTN işi”ndə - “Sübahir qudam idi”
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin və Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin işindən azad olunması və həbs edilməsi dalğası zamanı daha bir dövlət qurumunun generalı vəzifəsindən azad olunmuşdu. Lakin həmin şəxs sonralar medianın gündəmindən çıxdı. Bu, Vergilər Nazirliyinin İbtidai Araşdırma Departamentinin rəisi, general Vidadi Məmmədov idi.
"Qafqazinfo" xəbər verir ki, V.Məmmədovun haqqında silsilə yazılar yazılmasa da, o da “MTN işi”nə cəlb olunub.
MTN generalları Sübahir Qurbanov, Teymur Quliyev və Natavan Mürvətovanın cinayət işi üzrə istintaqa cəlb olunan 4-cü general Vidadi Məmmədov şahid qismində dindirilib.
Belə ki, cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Ərəstun Nəsibov ifadəsində bildirib ki, şəriki Arif Vəliyevlə birlikdə Rusiya və Avropadan Azərbaycana kosmetika malları gətirib “28 may” metrostansiyasının yaxınlığındakı mağazalarında satıblar. Bir gün isə işə gedərkən MTN-çilər onun maşınının qarşısını kəsib nazirliyə aparıblar:
“Qara rəngli “Audi Q7” və “Tofaş” markalı avtomobillər bizi izləyirdi, qəfildən qarşımızı kəsdilər, Natiq Alıyev yaxınlaşıb məni öz maşınlarına dəvət etdi. Yolda Natiq dedi ki, sahibkarlardan pul yığırlar, məbləği isə Fizuli Əliyev deyəcək. Nazirlikdə Zaur Məmmədov məndən malları gömrükdə hansı qaydada keçirdiyimizlə bağlı izahat alırdı. Bu vaxt Natiq Alıyevə zəng gəldi, çölə çıxdı, sonra qayıdıb “qohum çıxdı” dedi, mənim buraxılmağım və izahatın cırılması barədə tapşırıq verdi. Natiq mənimlə təklikdə söhbət edərək şərikim Arif Əliyevin Vergilər Nazirliyinin Departament rəisi Vidadi Məmmədov vasitəsilə general Sübahir Qurbanovdan bizim buraxılmağımızı xahiş etdiyini bildirdi. Sonra isə “yaxşı qurtardız, xahişinizi etməsəydilər 1.000.000 pulunuzu alacaqdılar” dedi”.
Bir neçə gün sonra S.Qurbanovun müavini Fizuli Əliyev və Natiq Alıyev “Sultan” kafesində Ərəstun Nəsibovla görüşmüş və nazirlərin xarici ölkələrdən çoxlu qonaqlarının olduğunu, onları yola salmaq üçün hər dəfə parfümeriya səbətləri düzəltməsini, özlərini isə hər ay 10 min manat verməsini istəyib. Ə.Nəsibov isə hər iki tələbi yerinə yetirmək üçün imkanının olmadığını deyib: “Onlar mənə çox xəsis adam olduğumu dedilər. Bir neçə dəfə qonaqlar üçün səbət düzəltməyə razılaşdım. 2015-ci il martın 19-20-də 5 ədəd qiyməti 4 min manatlıq səbətlər hazırladıq, Arif Vəliyev “Tarqovı”dakı “La Parfumery” mağazasında onları MTN əməkdaşlarına verdi”.
Digər zərərçəkən, general Vidadi Məmmədovun dostu Arif Vəliyev də şəriki ilə oxşar ifadə verib. O, bildirib ki, Ə.Nəsibov MTN əməkdaşları tərəfindən saxlanıldığı barədə ona məlumat verdikdən sonra Vergilər Nazirliyinin departament rəisi Vidadi Məmmədova zəng edərək Ərəstun Nəsibovun buraxılmasına köməklik göstərməsini xahiş edib:
“Bundan sonra Natiq Alıyev bir neçə dəfə zəng edib kobud danışaraq məni MTN-ə çağırdı. Yolda olarkən əvvəllər həmin nazirlikdə işləyən dostum Vəfadar Cabbarova məlumat verdim, o da kömək edəcəyinə söz verdi. Mən MTN-ə çatanda Ərəstunu buraxmışdılar deyə daha binaya girmədim. Ərəstun dedi ki, Vəfadarın xahişinə məhəl qoymayıblar, amma Vidadi Məmmədova görə onu buraxıblar”.
A.Vəliyev bildirib ki, nazirlərin qonaqları üçün hazırlanan parfümeriya səbətlərini Natiq Alıyev özü gəlib götürüb.
Vergilər Nazirliyinin Departament rəisi, general Vidadi Məmmədov də istintaqa cəlb edilib.
O ifadə verərək deyib ki, bu vəzifədə 27 oktyabr 2010-cu ildən 16 sentyabr 2015-ci ilə kimi işləyib: “Əvvəllər uzun müddət Daxili İşlər Nazirliyinin orqanlarında müxtəlif vəzifələrdə çalışmışam, ləğv edilmiş MTN-in 4-cü Baş idarəsinin sabiq rəisi Sübahir Qurbanovla Daxili işlər orqanlarında birlikdə işlədiyimdən onu yaxşı tanımışam. Həmçinin Sübahir Qurbanovla 2011-ci ildən quda olmuşuq, yaxın münasibətimiz olub. “La parfumery” mağazaları şəbəkəsinin sahibi Arif Vəliyevi qiyabi tanıyıram, onun qardaşı Səməd Vəliyev Vergilər Nazirliyində işləyir. 2015-ci ilin mart ayında Arif Vəliyev mənə zəng edərək işçisinin MTN-in əməkdaşları tərəfindən saxlanılması və MTN-in inzibati binasına aparılması barədə məlumat verdi və bunun səbəbinin nə olduğunu qudam Sübahir Qurbanovdan dəqiqləşdirməyimi xahiş etdi. Mən də ona Sübahir Qurbanovla danışacağıma söz verdim. Bir neçə dəqiqə sonra Sübahir Qurbanova zəng edib məsələni araşdırmasını xahiş etdim. O da lazımi tədbirlər görəcəyini dedi”.