2027-ci il büdcəsinin xərcləri artırılır

2027-ci ildə dövlət büdcəsinin xərclərinin 42,4 milyard manat olacağı gözlənilir.
Maliyyə nazirinin müavini Himalay Məmişov bu barədə Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında büdcə layihəsinin müzakirəsi zamanı danışıb.
O qeyd edib ki, proqnozlaşdırılan xərclər cari illə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz çoxdur. 2023-2027-ci illərdə isə bu göstərici ümumilikdə 5,9 milyard manat və ya 16,3 faiz artıb.
Nazir müavini bildirib ki, 2027-ci ilin büdcə xərclərinin 26,4 milyard manatı cari, 13,8 milyard manatı əsaslı xərclərə, 2,2 milyard manatı isə dövlət borcuna xidmətə sərf olunacaq.
Onun sözlərinə görə, növbəti il cari xərclərin 90,1 faizi qeyri-neft-qaz sektoru üzrə daxilolmalar hesabına maliyyələşdiriləcək. Bu göstəricinin 2026-cı illə müqayisədə 2,1 faiz bəndi artacağı proqnozlaşdırılır.
H.Məmişov bildirib ki, 2030-cu ilədək cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına qarşılanması qarşıya qoyulan əsas hədəflərdəndir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.