Dövlət büdcəsi dəyişdirildi - Xərclər artırılır
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsi müzakirə edilib
Layihə barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, 2017-ci il dövlət büdcəsinin gəlirləri üzrə əsas istiqamətləri açıqlayıb. Onun sözlərinə görə, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2%-ni təşkil etməklə (təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd çox), mütləq ifadədə 16 mlrd. 766 mln. manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511 mln. manat və ya 3,1% çoxdur. Həmin artım Mərkəzi Bankın mənfəətindən ayırmalar üzrə 250 mln. manat, Vergilər Nazirliyi üzrə 135 mln. manat, Dövlət Gömrük Komitəsi üzrə 50 mln. manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76 mln. manat təşkil edəcək.
Sənəddə bildirilib ki, qeyri-neft sektorundan 5 mlrd. 805 mln. manat vergi daxilolması nəzərdə tutulur ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 135 mln. manat və ya 2,4% çoxdur”.
Layihədə o da qeyd olunub ki, büdcədənkənar gəlirlər üzrə 429 mln. manat vəsaitin daxilolması nəzərdə tutulur. Bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 76 mln. manat və ya 21,5% çoxdur. Bu daxilolmaların artımına səbəb Vergi Məcəlləsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə proqnozun artması, Dövlət Gömrük Komitəsi tərəfindən toplanılan xidmət haqlarının tariflərinin artması, Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsi tərəfindən tətbiq olunan inzibati cərimələrin məbləğlərinin artması ilə bağlı olub.
Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 mln. manat artırılaraq 17941,0 mln. manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2% çox olacaq. Artımlardan sonra dövlət büdcəsinin xərcləri cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 26,9%-ə bərabər olacaq ki, bu da təsdiq olunmuş göstəricidən 1,5% bənd çox deməkdir.
2017-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 60,8%-i həcmində və ya 10906,9 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 855,7 mln. manat və ya 8,5% çox), əsaslı xərclərə ümumi xərclərin 30,1%-i həcmində və ya 5392,3 mln. manat (təsdiq olunmuş göstəriciyə nisbətən 185,3 mln. manat və ya 3,6% çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 9,1%-i həcmində və ya 1641,8 mln. manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.
Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində cari xərclərin xüsusi çəkisi 1,3% bənd artıb, əsaslı xərclərin xüsusi çəkisi 0,8% bənd və dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 0,5% bənd azaldılıb.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsində funksional təsnifata uyğun olaraq sosialyönlü xərc bölmələrinə aid olan elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və digər kateqoriyalara aid edilməyən xərclər üçün 5290,9 mln. manat vəsait nəzərdə tutulub ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 155,4 mln. manat və ya 3,0% çoxdur.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərini xərclərinidə əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ünvanlı sosial yardımın təyin edilməsi məqsədi ilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 mln. manat, sosial mənzil tikintisi ilə bağlı əhali ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 mln. manat, Azərbaycan Respublikasının şəhər və rayonlarında yeni tikilmiş uşaq bağçalarının (14 rayon və şəhər üzrə 20 yeni tikilmiş uşaq bağçaları) istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 mln. manat vəsait yönəldiləcək.
2016-cı il ərzində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına (Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətə. əsasən əhaliyə) görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250,0 mln. manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilib.
Əhalinin yaşayış səviyyəsinə bilavasitə təsir edən bank sisteminin restrukturizasiyası və dayanıqlılığının təmin edilməsi ilə bağlı həyata keçirilmiş islahat tədbirləri nəticəsində ölkədə əmanətçilərin hüquqlarının qorunması, habelə onların bank sisteminə etibarının gücləndirilməsi məqsədilə Əmanətlərin Sığortalanması Fondunun fəaliyyəti müstəsna əhəmiyyətə malikdir. Bununla əlaqədar Maliyyə Sabitliyi Şurasının müvafiq qərarına uyğun olaraq lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100% ödənilməsi üçün Fondun nizamnamə kapitalının 546,0 mln. manat artırılması nəzərdə tutulub.
2017-ci il yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191,0 mln. manat vəsait yönəldiləcək ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6% çoxdur.
Həmin vəsaitin 170,0 mln. manatı avtomobil və dəmir yolu, elektrik paylayıcı şəbəkələri, su təchizatı və kanalizasiya sistemlərinin tikintisi və yenidən qurulması ilə bağlı bəzi beynəlxalq maliyyə-kredit qurumları ilə birgə həyata keçirilən bir sıra infrastruktur layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan tərəfinin iştirak payının artırılmasına, 21,0 mln. manatı Azərbaycan Respublikasının Almaniyada Mədəniyyət Mərkəzinin tikintisinin başa çatdırılması ilə bağlı xərclərin, həmçinin bəzi zəruri investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldiləcək.
2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin sağlamlaşdırılması tədbirləri çərçivəsində bankın 2383,4 mln. ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək. Bununla əlaqədar olaraq 2017-ci il üzr qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4,0 mlrd. manat artırılaraq 4,5 mlrd. manata çatdırılacaq.
2017-ci ildə dövlət büdcəsinə yenidən baxılarkən ölkədə yol infrastrukturlarının tikintisi və yenidən qurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin tənzimlənməsi üçün "Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun gəlir və xərclərinin 36,0 mln. manat artırılması nəzərdə tutulur.
Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların Xarici İşlər Nazirliyində saxlanılan və əməkhaqlarının tənzimlənməsi (2017-ci il dövlət büdcəsinin hesablanmasında istifadə olunan manatın 1 ABŞ dollarına nisbətinin 1,62 manatdan cari ilin ötən dövrü ərzində artaraq 1,72 manata çatması hesabına yaranan əlavə xərclər) və bir sıra diplomatik nümayəndəliklərinə (Birləşmiş Ərəb Əmirliklərində, Rusiya Federasiyasındakı səfirliklərə və Azərbaycan respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinə və s.) verilmiş əlavə ştatların, Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndəliklərinin saxlanılması və dövlət qulluğunun təkmilləşdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsi üçün 14,1 mln. manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 mln. manat və digər zəruri xərclərin 5,0 mln. manat ayrılması nəzərdə tutulur.
Müzakirələr davam edir. (qafqazinfo)