Samir Şərifov İlham Əliyevin siyasətini xarici mediada “vurur” - poyraz işi...
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva hər zaman çarəsiz insanlara əl tuturlar.
Təcili əməliyyata ehtiyacı olan, qan pulusu olmayan, daxmada, səfalət içində yaşayan yüzlərlə ailə dövlət rəhbərliyi tərəfindən diqqət və qayğı görüb.
Prezidentin bu siyasətini maliyyə naziri Samir Şərifov türk mediasında çıxan bir xəbərlə göydən yerə vurub.
Söhbət nazir oğlunun Anadoluda çoban iti olan poyraz saxlamasından gedir. 10 hektarlıq ərazidə it bəsləyən nazir balasının bu hobbisi qardaş ölkə mediasına çıxıb.
Təbii ki, türk mediasından istinadla bu xəbərlər müxtəlif ölkələrin mətbuat səhifələrində tərcümə olunaraq tirajlanıb.
Azərbaycanı və prezidentini dünya mediasında rüsvay edən S.Şərifovun oğlu yaxşı əməli ilə ad çıxara bilərdi.
Məsələn, fövqəladə hallar naziri Kamaləddin Heydərovun oğlu lobbiçiliklə məşğuldur. Digər məmurlardan da bəzilərinin övladları xaricdə ölkəmizin maraqlarını təbliğ edirlər.
S.Şərifovun oğlu da Qarabağ həqiqətlərinin çatdırılması işində fəaliyyət göstərə bilərdi. Amma o, xalqın pulları hesabına varlanmış atasının milyonlarını itə tökür.
Nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit təsdiqləyib.
İri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.
Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir. Poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir.
FİA.Az-ın məlumatına görə, S.Şərifov adına bir sətirlik müsbət xəbərə rast gəlinmir. 2015-ci ildən prezidentin iqtisadi siyasətini sabotaj edən nazir hədəfdə idi.
Maliyyə naziri manatın devalvasiyası, Beynəlxalq Bank işində yeyintilərə göz yumulması ittihamları ilə üzləşmişdi.
Onun adı üç ölkənin agenti olmaqda, maliyyə-bank sektorunun çökdürülməsində keçirdi. Bütün bunlardan sonra işdən çıxarılacağı dəqiqləşmişdi.
Bu hadisələr zamanı həbs edilən bankir Cahangir Hacıyevin məhkəmədən çıxışları xüsusi rəng qatırdı. Məhbus bankir nazirin də onun yanında əyləşməli olduğunu bəyan edirdi.
Amma S.Şərifov özünü qorumağa müvəffəq oldu. İndi isə oğlunun it saxlaması xəbərinin xarici mediaya çıxması ilə prezidentin siyasətinə zərbə vurur.
Bu barədə anaxeber.az yazmışdı ki, nazir balasının poyraza nə qədər pul xərclədiyini söyləmək çətindir.
Lakin onun bəslənməsi, qidalanması, çobanın zəhmət haqqısını hesablayanda S.Şərifovun övladının hansı harın həyatı yaşadığını təsəvvür etmək asandır.
Nazir atasının maliyyə əməliyyatlarından, valyuta oyunlarından, Beynəlxalq Bank maxinasiyalarından çırpışdırdığı pullar Türkiyədə bir it fermasına səpələnir.
Bu, hələ məmur uşaqlarının əməllərinin bilinən tərəfidir. Nə vaxtsa hansısa nazir oğlunun Avstraliyada kenquru ferması açdığını, Afrikada timsahları bəslədiyini eşitsək təəccüblənmərik.
Bütün bunlar isə Azərbaycan sərvətlərinin talan olunması, xalqın yoxsulluq və bank kreditləri içində boğulduğu vaxtda baş verir. Bu, israfçılıq deyil, talandır, qarətdir.
Ölkənin maliyyə nazirinin övladı poyraz iti bəsləyir, xalq isə “it günündə” yaşamağa məhkum olunub.
Sayt əlavə etmişdi ki, hətta ölən deputat Astan Şahverdiyevin millətə “otxod” deməsi, Hadı Rəcəblinin müəllimlərə “daş daşıyın” söyləməsi nazir oğlunun it saxlaması yanında “toya getməlidir”.
Vaxtilə keçmiş nəqliyyat “bos”u Ziya Məmmədovun oğlu Anar Məmmədovun da milyonluq ayını kəsdirib ətindən kabab çəkdirməsi haqda çox danışmışdılar.
Dillərdə əzbər olan ayı kababı skandalı da S.Şərifovun poyraz qayğısı ilə müqayisə oluna bilməz.
Ölkənin milli valyutası çöküb, neft 4 dəfə ucuzlaşıb, 13-14 bankın fəaliyyətinə xitam verilib, bahalaşma gedib, böhran son üç il ərzində xalqı yoxsullaşdırıb, işsizlik artıb, intiharlar çoxalıb, kasıblıqdan xaricə köç kütləviləşib, maliyyə nazirinin oğlu isə it bəsləyir.
Nazirliyin mövqeyini dərc etməyə hazırıq.