Beynəlxalq təşkilatlardakı uğurlu əməkdaşlığımız bizim əlaqələrimizi gücləndirir.
Ölkəmiz bir çox mötəbər qurumlarla əməkdaşlıq edir. Onların sırasında dünya siyasətinin axarını müəyyənləşdirən, iqtisadi, eləcə də humanitar-sosial əlaqələri intensivləşdirən təşkilatlar var. Dövlət müstəqilliyimizin bərpasından bu günədək həyata keçirilmiş hərtərəfli islahatlar sayəsində beynəlxalq münasibətlərin güclü aktoruna çevrilən Azərbaycan bu gün etibarlı tərəfdaş kimi nüfuz qazanmışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət bu nüfuzu hər keçən gün daha da artırır. Hazırda dünyada beynəlxalq təşkilatların sayında artım müşahidə olunur və bu fakt onu göstərir ki, dövlətlərin qarşılıqlı asılılığı da artır. Beynəlxalq təşkilatların sayının artması da dövlətlər arasında daimi əsasla çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi və gücləndirilməsi məsələlərini aktuallaşdırır. Ən əsası, beynəlxalq təşkilatlar dövlətlərin müxtəlif sahələrdəki davranışına təsir göstərmək imkanı da verir.
Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz öz xarici siyasətini beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə müdaxilə edilməməsi prinsipləri əsasında qurmuşdur. Bu prinsipləri rəhbər tutan rəsmi Bakının yürütdüyü xarici siyasət Azərbaycanın müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə və milli təhlükəsizliyinə təhdidlərin və risklərin aradan qaldırılması kimi həyati əhəmiyyətli məqsədə xidmət edir. Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq tədbirlərdə dəfələrlə Ermənistanın işğalçılıq siyasətini ifşa edərək təcavüzkarın faşist ideologiyası yürütdüyünü və terrorizmin dövlət səviyyəsində dəstəkləndiyini bütün dünyaya bəyan etmiş, xüsusilə, son 19 ildə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurası, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və s. beynəlxalq təşkilatların sənədləri buna müvafiq hüquqi baza yaratmışdı. Keçən dövr ərzində BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, NATO, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi ilə bağlı qətnamə və qərarlar qəbul etmişlər. Prezident İlham Əliyevin diplomatik fəaliyyəti sayəsində Azərbaycanın İkinci Qarabağ müharibəsində beynəlxalq təşkilatların sənədləri əsas hüquqi baza kimi tarixi Qələbəni şərtləndirən amillərdən biri oldu.
Bütün ölkələrlə dostluğa və beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycan xarici siyasət kursunda beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasını və inkişaf etdirilməsini prioritet istiqamətlərdən biri hesab edir. Məhz belə siyasi kursun nəticəsi olaraq da Azərbaycan bu gün dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının – BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər mötəbər qurumların üzvü kimi onların işində yaxından iştirak edir. Ötən illərdə Azərbaycanın üzv olduğu və əməkdaşlıq etdiyi bütün beynəlxalq təşkilatlarla əlaqələri daha da genişlənmiş və möhkəmlənmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi dinamik, intensiv və çevik xarici siyasi kurs sayəsində milli maraqlarımız hər zaman təmin olunmuşdur və belə siyasət nəticəsində Azərbaycan dünyanın dialoq mərkəzlərindən birinə çevrilmişdir.
Masallı rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Çingiz Quliyev
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.