AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakı Ali Neft Məktəbinin tələbəsi: “Belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram!”

  • + A
  • - A
  • 15-10-2021, 10:17


    Heydər Əlirza oğlu Əliyev 8 may 2004-cü ildə Lənkəran şəhərində anadan olub. 2010-cu ildə Bakı şəhər 45 nömrəli orta məktəbdə 1-ci sinfə gedib. 2021-ci ildə həmin məktəbin məzunu olub. Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması ixtisasının tələbəsi olan Heydər Əliyev bizimlə təəssüratlarını bölüşüb.

    - Bakı Ali Neft Məktəbi ilə tanışlığınız necə oldu?
    - Bir çox dost-tanış tövsiyə edirdi. Robotlaşmaya böyük marağım vardı. BANM-in saytına daxil oldum, Proseslərin avtomatlaşdırılması ixtisasını gördüm və sonra marağım bu yöndə dəyişdi.

    - BANM-ə yüksək ballı tələbələr daxil olur. Bu Ali Məktəbin tələbəsi adını qazanmaq üçün qəbul imtahanlarına necə hazırlaşırdınız?
    - Əsasən, gecələr və sübh tezdən oxuyurdum. Sınaq imtahanlarında çox iştirak edirdim. Ali məktəbə yüksək balla daxil olacağımı gözləyirdim.

    - İmtahanı necə keçdi?
    - Çox rahat, həyəcan yox idi. İmtahana girməzdən öncə bir neçə uğursuz hadisə baş versə də, motivasiyadan düşmədim.

    - İmtahan nəticələri açıqlandıqdan sonra istədiyiniz ali məktəbə daxil olmaq şansınızı biləndə hansı hissləri keçirdiniz?

    - Qəbul imtahanında topladığım bal istədiyim ixtisası seçmək imkanı verirdi. Hesablamamı da buna uyğun apardım. Topladığım bala görə ölkə üzrə sıralamada yerimi bilirdim və kimlərin hansı ixtisasları yazacaqlarını təxmin edirdim. Mənim balım 669 idi və bilirdim ki, ölkə üzrə sıralamada 51-ci yerdəyəm. Təxmin etdim ki, çoxluq informasiya texnologiyaları (İT) və kompüter ixtisaslarını seçəcək və digər yer Proseslərin avtomatlaşdırılması ixtisasına qalırdı. Bu da istədiyim ixtisas idi. Elə birinci Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması ixtisasını yazdım və arzuladığım ali məktəbin arzuladığım ixtisasına daxil oldum. Təxmin etməyimə baxmayaraq, BANM-in tələbəsi adını qazanmağım təsdiqlənəndə böyük sevinc hissi yaşadım.

    - Bir neçə gündür dərslər başlayıb. İlkin təəssüratlarınız necədir?
    - Burada təhsil İngilis dilindədir. Bu baxımdan öyrəşməyə çalışıram. Amma bunu qrupla etmək prosesi asanlaşdırır və öz effektini göstərir. Müəllimlər, Ali Məktəb haqqında təəssüratım təsəvvür etdiyimdən də yüksək səviyyədədir.Tələbələr çox dünyagörüşlü, savadlı, hərtərəflidirlər. Bu baxımdan ünsiyyət qurmaq çox rahatdır.

    - Gələcək planlarınız, arzularınız nədir?
    - Bir hədəfim var ki, Qafqazda proseslərin avtomatlaşdırılması haqqında nəsə soruşanda ilk ağıla gələn mən olum. Bu yöndə çalışıram və çalışacam. Hələliksə, öncəliyim BANM-in uğurlu məzunu olmaqdır.

    - Böyük bir tarixi şəxsiyyətin adını daşıyırsınız, hətta soyadınız və ata adınız da eynidir. Adınızı kim qoyub?
    - Adımı rəhmətlik nənəm qoyub. Bizim ailədə ulu öndər Heydər Əliyevə çox böyük sevgi, hörmət var. Soyadımız Əliyev, atamın adı isə Əlirzadır. Hətta ulu öndərin doğum günü may ayının 10-dur, mənim doğum günüm mayın 8-dir. Mən dünyaya gələndə nənəm bu uyğunluğa çox sevinib və ulu öndərə ehtiram əlaməti olaraq adımın Heydər olmasını istəyib. Valideynlərim də çox seviniblər və buna məmnun olublar.

    - İnsanlar bu uyğunluğu biləndə necə reaksiya verirlər?
    - Çox təəcüblənirlər. Hətta deyirlər ki, buna görə şanslıyam. Sənədlərimi haradasa təqdim edəndə üzümə baxırlar və bir neçə dəqiqə gözlərini çəkmədən dayanırlar və təəcüblə təkrar edirlər ki, - “Heydər Əliyev Əlirza oğlu!”. İnsanların üzündəki təəssüratı görmək maraqlıdır. Bu cür reaksiya məndə xoş hisslər yaradır. Özüm də necə bir şəxsiyyətin adını daşıdığımın fərqindəyəm. Heydər Əliyev müasir Azərbaycanın memarı, qurucusu və xilaskarıdır. Ölkədə sülh, əmin-anamlıq yaradıb. Mən belə bir tarixi şəxsiyyətin adını daşıdığıma görə qürur duyuram, bu adı şərəflə daşıyıram. Hər zaman bu adın məsuliyyətini dərk edirəm və buna uyğun davranıram. Çalışıram və hər zaman çalışacam ki, bu ada layiq olum.


    - Ulu öndər Heydər Əliyevin həyatı və şəxsiyyəti ilə maraqlanmısınız?
    - Bəli. Evimizdə hər zaman ulu öndər haqqında söhbətlər gedib, özüm də onun haqqında oxumuşam, araşdırmışam. Uşaqlığı, gəncliyi, hakimiyyətə gəlməyi, müstəqil Azərbaycan dövlətini necə qurması haqqında oxumuşam. Ən çox sevdiyim tarixi şəxsiyyətlər də Şah İsmayıl Xətai və Heydər Əliyevdir.

    - Hansı maraqlarınız, hobbiləriniz var?
    - Fizika üzrə olimpiadalarda iştirak etmişəm. Qəbul imtahanlarına ciddi hazırlaşdığıma, bütün fikrimi dəsrlərimə yönəltdiyimə görə, maraqlarıma vaxtım qalmırdı. Dostlarımla görüşüb birlikdə gözəl vaxt keçirməyi, söhbət etməyi sevirəm. Ailəmlə vaxt keçirirəm. Hər kəsin fikrini öyrənmək özümüinkişafa kömək edir. Boş vaxtlarımda musiqi dinləyirəm, kinoya baxıram.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR