Aktyorun ölümü ilə bağlı yeni detal: serialdan çıxarıldığını öyrəndikdən sonra...

Türkiyənin məşhur aktyoru Serhat Mustafa Kılıçın evində ölü tapılması ilə bağlı yeni məlumatlar açıqlanıb.
Aktyoru sonuncu dəfə görən şəxslərdən biri olan sevgilisi Özlem Esmergül hadisənin baş verdiyi günlərlə bağlı ifadə verib.
Onun bildirdiyinə görə, Serhat sentyabrın 3-də “Teşkilat” serialının çəkilişlərinə qatılmayıb. Aktyor bunu səhhətində yaranan problemlə izah edib və boyun nahiyəsindəki disk yırtığı səbəbindən şiddətli ağrılar keçirdiyini deyib.
İfadəyə əsasən, həmin gün Serhat Mustafa Kılıç serialın heyətindən çıxarıldığını öyrənib. O, bu barədə sevgilisinə telefonla məlumat verərək vəziyyətdən çox pis təsirləndiyini bildirib.
Bundan sonra aktyorun telefon zənglərinə və mesajlara cavab vermədiyi qeyd olunur. Esmergül onun dərman qəbul etdiyini və tək qalmaq istədiyini düşündüyündən vəziyyətə müdaxilə etməyib.
Sentyabrın 5-də aktyorla əlaqə saxlaya bilməyən qadın onun evinə gedib. Ehtiyat açarı ilə mənzilə daxil olan Esmergül Serhatı salondakı kresloda hərəkətsiz vəziyyətdə tapıb.
O, dərhal aktyorun bacısı Sinem Kılıça xəbər verib və 112 təcili yardım xidmətinə müraciət edib.
Qeyd edək ki, Serhat Mustafa Kılıça bir müddət əvvəl boyun nahiyəsində disk yırtığı diaqnozu qoyulduğu açıqlanmışdı. Aktyorun “Teşkilat” serialında iştirak etməməsinin də səhhəti ilə əlaqəli olduğu bildirilirdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.