AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Bir sevda ver mənə, Tanrım..."- Paşa Talıblıdan yeni şeirlər

  • + A
  • - A
  • 26-06-2021, 14:47


    ...qum üstündə göyərən söz çətin qalır,
    qabarırsan qabarmayan səthin qalır!
    ...sümük üstdə didik-didik ətin qalır-
    neyləyəsən , dönmək olmur bu sevdadan.

    ...söz dərgahım ilğımlandı, elçim itdi,
    neçə səmtsiz köçə düşdüm köçüm itdi!
    ...haraysızdım - ölçülmədim ölçüm itdi,
    neyləyəsən, dönmək olmur bu sevdadan.

    ..."çıx"-deməklə ağıl durub başdan çıxar?
    ...umudum var, ömrüm çox-çox qışdan çıxar!
    ...indən belə çörəyim də daşdan çıxar-
    neyləyəsən, dönmək olmur bu sevdadan.

    ...bu zirvəyə qalxmaq çətin, enmək asan!
    Enəndə də bir dümsüklə enməyəsən!
    ...çox sevdanın uğurundan dönmək asan!
    Neyləyəsən, dönmək olmur bu sevdadan.

    *
    Bir sevda ver mənə, Tanrım,
    mənə bir, mənə bir sevda!
    ...aya bir, ilə bir vermə;
    günə bir, günə bir sevda!

    ...bir sevda ki, dərd elə ver!
    ...bir dərdini dörd elə ver!
    ...ələklə ver, irdələ ver
    dənə bir, dənə bir sevda!

    ...cütçü yabanı deyirmiş!
    ...heç nə yabanı deyilmiş!
    ...o nə dabanı yeyilmiş,
    o nə bir, o nə bir sevda?

    ...bir sevda ver mənə, Pirim!
    Hökm eyləsin minə birim!
    ...yalnız, bəmbəyaz, dipdiri;
    yenə bir, yenə bir sevda!

    *
    Çıxınca dəridən -qabıqdan çıxdım...
    Bu qışı da çıxdım bu gələn yaza.
    ...hər gün törətdiyim qəzadı ömrüm,
    hər gün törətdiyim ən ağır qəza!

    ...kimə yası ağdı...yas ağdı mənə!
    ...fərqi yox ya ölü ya sağdı...mənə!
    ...yaşamaq nədisə yasaqdı mənə;
    eh ,ölmək nədisə o da bir yasaq!

    ...bircə sözə dəymə, söz hələm olsun!
    ...yenə Ərzurumda söz Lələm olsun.
    ...İlahi,mən olum bir qələm olsun!
    İkimiz bir yerdə bir şer yazaq!

    *
    Neylim, doğulandan canıma dərdəm-
    özüm öz başımın ağır daşıyam.
    ...bir işdi tutmuşam yükümü sözdən!
    Elə necə olsa ,gərək daşıyam...

    Beləcə, tutmuşam yükümü sözdən...
    Bu yükün altında elə təkəm mən!
    ...girmişəm altına söz kimi yükün,
    elə necə olsa, gərək çəkəm mən!

    Mənim ürəyimdə sözün kökü var,
    mənim ürəyimin kökü söz imiş!
    ...girmişəm altına ən ağır yükün,
    dünyanın ən ağır yükü söz imiş!

    Elə dünya özü söz imiş, demə!
    ..eşidib-bildiyim bir bayatıdı.
    ...mən sözün altına girmişəm, qardaş!
    Yerim həmişəlik sözün altıdı...

    *
    ..hamı qarnından çıxmışıq,
    bir-bir bizə yatıb Tanrı.
    ...bizi doğub, doğulmuşuq!
    Nə günaha batıb, Tanrı?

    ...dərd yığmağa qarın verib,
    qırışmağa alın verib.
    ...ağız verib, burun verib,
    başımızı qatıb Tanrı.

    ...biz kimik?..Tanrı uşağı!
    ...böyüdük başı aşağı.
    ...bu könülsüz mən aşığı
    əvvəldən unudub Tanrı.

    ...gedib azmağa yer yoxdu,
    ...doyub qusmağa yer yoxdu,
    ...barmaq basmağa yer yoxdu,
    yeri-göyü tutub Tanrı.

    *
    ...şer yazmağın ağrısını
    biləndə bildim
    nə deməkdi şer yazmaq.
    ...şer yazmağın ağrısından
    inləməkdi,
    ağrıları şer dilində dinləməkdi şer yazmaq.
    ...bir də gözə görünməkdi
    hər an, hər an
    oda çırpılmaq,
    alova bürünməkdi şer yazmaq.
    ...özgə şey deyil,
    başqa cür yazılan şer deyil!
    ...bu da Allahın işidi-
    bir adamı ağrıdır
    min adamının yerinə.
    ...şer yazmağın ağrısını
    biləndə bildim
    şer yazmaq ağrımaqdı
    hamının yerinə.


    Paşa Talıblı
    Rusiya...Volqoqrad...


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR